Məhkəmə qərarları › İş №2(029)-741/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-741/2022

20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-741/2022 20.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı cinayət prosesi həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın, mənəvi və fiziki zərərin ödənilməsi tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı cinayət prosesi həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyana 100.000 (yüz min) manat, mənəvi və fiziki zərəri görə hər birinə 150.000 (yüz əlli min) manat cəmi 250.000 (iki yüz əlli min) manat pulun Azərbaycan Respublikasının Maliyyə Naziriyi vasitəsilə dövlət büdcəsindən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iş üzrə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi göstərilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışlardan görünür ki, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsnin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir . Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında qaldırmamış, sadəcə ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində küllü miqdarda ziyan dəydiyini, cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində təqsirləndirilən şəxsin hüquqları kobud şəkildə pozulduğunu, külli miqdarda maddi və mənəvi zərər dəydiyini göstərərək cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş maddi ziyana görə 100.000 (yüz min) manat, mənəvi və fiziki zərərə görə 150.000 (yüz əlli min) manat cəmi 250.000 (iki yüz əlli min) manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı cinayət prosesi həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın, mənəvi və fiziki zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə aidiyyət qaydalarına riayət etməklə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar