Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-759/2023 20.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə etdiklərinin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə etdiklərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun hesabına varlandığı 33156 manat nəğd pulun, 2000 (iki min) manat məbləğində mənəvi ziyanın və ödənilmiş 196 manat dövlət rüsumunun, cəmi 35352 (otuz beş min üç yüz əlli iki manat ) manat məbləğində pulunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2016-cı ildə, Xaçmaz rayonu, Şimali kəndində yaşayan X4 vasitəsilə tanış olmuş və birlikdə qərara gəlmişlər ki, balıq yetişdirmə ilə məşğul olmaq üçün iş birliyi qursunlar və aralarındakı razılığa əsasən Aydın öz həyətinin bağ sahəsini balıq yetişdirmək üçün verir, o, işi maliyyələşdirir, cavabdeh isə qalan bütün işləri - kürü gətirməyi, inkubator üçün avadanlıqları gətirməyi, yem təşkil etməyi və s. öz üzərinə götürmüşdür. Əldə olunacaq gəlirin bərabər bölünməsi ilə bağlı işdə şərik olmuşlar. Cavabdehin dediyinə görə onların 124.000 min (yüz iyirmi dörd min) manat gəliri olacaq, ondan 34 min manat çəkdikləri xərclərə ödəniləcək, yerdə qalan 90 min manat gəlir aralarında bərabər bölünməli idi. Cavabdeh, öz üzərinə düşən vəzifələri yerinə yetirməmiş, belə ki, o, bir il iki ay ərzində, ümumilikdə 66810 manat pul xərcləmişdir. Cavabdeh bildirmişdir ki, o, 2 milyon kürü gətirib, ondan inkibatorda bir milyon beş yüz min balıq əmələ gəlmişdir. Əslində isə 661 min balıq olmuş, 840 min balıq olmamışdır. Onlar cavabdehə inandıqlarından kürüləri saymamışlar, o, isə onları aldadaraq onun pulu ilə aldığı kürüləri başqa şəxslərə də sataraq qazanc əldə etmişdir. Bundan başqa cavabdeh öz şəxsi borclarını da ona ödətdirib demişdir ki, sonda hesablaşarlar. Bundan başqa hələ gəlir əldə etmədikləri halda o, şəriklərə- Cavabdeh və Aydın Əlimova hərəyə 11400 manat vermişdir ki, şəxsi tələblərinə görə və gələcəkdə aldıqları gəlirdən həmin pulu çıxmaq şərti ilə. Ondan da cavabdehin ona 9156 manat borcu var. Digər şərik A.Əlimov öz borcunu ödəmişdir. Qeyd etmək istəyir ki, kürü gətirmək üçün cavabdehə ümumilikdə 44000 manat pul vermişdir, lakin cavabdeh həmin məbləğdən 20000 manata kürü almış, qalan 24000 manatı isə mənimsəmişdir. Cavabdeh bu müddət ərzində borcu ödəyəcəyini deyərək müxtəlif bəhanələr gətirərək mənimsədiyi pulu ona qaytarmamışdır. Məcburiyyət qarşısında hüquq mühafizə orqanlarına müraciət etmiş, şikayət ərizəsi ilə bağlı araşdırma aparılmış, Xaçmaz rayon Polis Şöbəsindən ona, onun şikayət ərizəsi ətrafında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və ona tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh özü ona borclu olduğunu etiraf etsə də, notarial qaydada və ya dilindən yazılı iltizam verməsini xahiş etdikdə, pulu qaytarmaqdan imtina etmişdir. Bununla bağlı diskə yazılmış cavabdehin etirafı da vardır. Cavabdeh Respublikanın bir çox rayonlarında da dələduzluq edərək sadə insanları aldatmaqla məşğuldur, bir çox rayon məhkəmələrin icraatlarında, eləcə də Polis və Prokurorluq orqanlarında cavabdehlə bağlı işlər olub və hal-hazırda da vardır. Bundan başqa, o, bu müddət ərzində bu işlə bağlı müxtəlif instansiyalara müraciətlər etmiş, dəfələrlə Bakı şəhərinə, Polis Şöbəsinə, gedib-gəlmiş, əsəb gərginliyi keçirmişdir. Cavabdehin bu günə kimi ona dəymiş maddi və mənəvi ziyanı ödəməkdən imtina etməsi də onu və ailə üzvlərini əsəbləşdirib, əsəb gərginliyi keçirmələrinə səbəb olub. Ona dəymiş mənəvi ziyanı 2000 (iki min) manat məbləğində qiymətləndirir və həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Cavabdehla Murad X1 vasitəsi ilə tanış olublar və birlikdə qərara gəliblər ki, balıq yetişdirmə ilə məşğul olsunlar. Öz aralarında razılığa gəliblər ki, Aydın öz həyətinin bağ sahəsini balıq yetişdirmək üçün verir, Murad işi maliyələşdirir, qalan bütün işləri Mahir görür. Kürü gətirməyi, inkubator üçün avadanlıqları gətirməyi, yem təşkil etməyi və s. Mahir öz üzərinə götürür. Əldə olunacaq gəlirin bərabər bölünməsi ilə bağlı işdə şərik olmuşlar. Mahirin dediyinə görə onların 124 min manat gəlirləri olacaq, ondan 34 min manat çəkdikləri xərcləri ödəniləcək, yerdə qalan 90 min manat gəlir aralarında bərabər bölünəcəkdir. Mahir öz üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Belə ki, Murad bir-iki il ərzində ümumilikdə 66810 manat pul xərcləmişdir. Murad kürü gətirmək üçün Mahirə 44000 manat pul vermişdir. Lakin, cavabdeh həmin məbləğdən 20000 manata kürü almış, qalan 24000 manatı isə mənimsəmişdir. Murad hər bir şərikə 11400 manat şəxsi tələblərini ödəməyə görə vəsait vermişdir. Gətirilən kürülər sayılmayıb. Kürü az çıxıb, ondan sonra şübhələnib sayıblar. Bunu şahidlər təsdiq edə bilərlər. Sonra Mahir öhdəsinə götürdüyü işi yerinə yetirməyib getmiş, Murad ona zəng etmişdir ki, gəlib borcunu ödəsin. Mahir isə 5000 manat məbləğində borclu olduğu pulu 15 gün ərzində gətirib verəcəyini bildirmişdir. 11400 manat pulu ödəməyə söz verib. Pulun verilməsini sürücü və digər şahid Aydın təsdiq edə bilər. Hesab edir ki, iddia tələbi tam əsaslıdır və təmin olunmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddia ərizəsində yazılanların heç biri ilə razı deyil, böhtandır, artıq yazılan məbləğlərdir. O, əvvəllər Muradı tanımamış, həmin şəxslə Aydın Əlimovun vasitəsi ilə tanış olmuşdur. O, Aydın Əlimovla birlikdə sonuncunun torpaq sahəsində balıq üçün yer tikmiş və öhdəliyini yerinə yetirmişdir. Həmin ərəfələrdə o, Qusarda yaşamışdır. Bir gün Muradla Aydın ona zəng edib balıq yetişdirmək istədiklərini, onlarla birlikdə işləməsini, buna görə nə qədər maaş istədiyini demişlər. O, həmin şəxslərə Qusarda işlədiyini, maaşa işləmədiyini, qazandıqları pulu üç yerə bölmələrini və 33 faizini ona vermələrini təklif etmiş, onlar da bununla razılaşmışlar. O, həmin şəxslərin qabaqlarına siyahı qoyaraq demişdir ki, üzərinə öhdəlik götürərək Türkiyədən, özünün bildiyi yerdən cinsi yaxşı olan forel balığının yumurtasını, həmçinin balıqların yediyi qidanı da Türkiyədən gətirəcəkdir. Həmin şəxslərə bildirmişdir ki, onun burada qalıb balıq yetişdirməyə vaxtı yoxdur, amma mütəxəssislik edəcək, məhsulları satacaq və pulu çatdıracaqdır. Muradla Aydın da bununla razılaşmışlar. Bundan sonra o, öhdəliyinə götürdüyü birinci partiya 500000 ədəd balıq kürüsünü Türkiyənin Antalya şəhərindən Naxçıvan sərhəd yolu ilə gətizdirmiş və inkubasiyaya qoymuş, mütəxəssisliyi özü etmiş, 4-5 gün ərzində balıq halına gətirmişdir. Bundan sonra isə iddiaçının aldığı vannalara sayıb tökmüş və hər vannada 15000 ədəd yumurta olmuşdur. Türkiyədən aldığı firmalardan yumurtanı sayıb bir milyon ədəd balıq almışdır. Birinci partiyada beş yüz min ədəd gətirib tökmüşdür. Sonra o, işləri çatdıra bilmədiyinə görə aylıq 300-400 manat verməklə iki nəfər işçi götürmələrini məsləhət görmüş və işlərə köməklik etmələri üçün iki nəfər götürülmüşdür. O, daima işçilərlə əlaqə saxlamış və iki gündən bir işini yoxlayıb qayıtmışdır. İşə nəzarət edən və mühafizəçilik edən iddiaçının öz qonşuları və öz adamları olmuşdur. Birinci partiya bir ay işlər bu qaydada idarə olunmuşdur. Məhsul yetişmiş və o, balıqların satışını araşdırmağa başlamışdır. Sonra isə yüz min ədədini bir ədədi 20 qəpikdən olmaqla 20000 manata satmışlar və pulunu ortaya qoymuşdur. Balıqların dörd yüz min ədədi isə qalmışdır. Balıqlar canlı olduğundan onları bura gətirənə kimi iyirmi faiz itki verir, bu kitablarda da var. O, da əvvəldən demişdir ki, iyirmi faiz itkisi var və bu normal haldır. Beləliklə, satışdan əldə olunan 20000 manatı ortaya qoyaraq demişdir ki, onun pula ehtiyacı yoxdur, birinci pulu ortaya kim qoyubsa o, da götürsün. Ondan sonra nə qazanılarsa onu aralarında bölərlər. Lakin, onlar razılaşmayaraq bildirmişlər ki, bu pulu bölsünlər, sonradan mayanı sahibkar götürər. Bundan sonra adama 6000 manat olmaqla qazancı üç yerə bölmüşlər, qalanını isə nəyə hesablanmasını hazırda xatırlamır. Bundan sonra o, ikinci dəfə üçün mal almağa getməli olmuşdur. Digər şəriklər də demişlər ki, onlar da istirahətə Antalyaya getmək istəyirlər, bunun üçün pulları da var. O, həmin şəxslərə bildirmişdir ki, onların istirahət xərclərini o, qarşılamayacaq, onun xərci alacağı kürünün pulunun tərkibindədir. Onlar da bununla razılaşmışlar. O, balıq yumurtası işlərinin arxası ilə getmiş, çünki 4-5 günə yumurtanı alıb qayıtmalı olmuşdur. Həmin arada görmüşdür ki, digər iki şərik bahalı oteldə yeyib-içməklə məşğuldular. Sonradan ona məlum olmuşdur ki, onlar 6000 ABŞ dollarından yuxarı xərc çəkmişlər və bunu ümumi xərclərə hesablamışlar. Bundan sonra onlar təyyarə ilə, o, isə avtobusla Naxçıvan yolu ilə malı gətirmiş və öhdəliyini yerinə yetirmişdir. Bir müddət sonra Muradla arasında gərginlik yaranmağa başlamış və bu ərəfədə gedib balıqlara baxanda aşkar etmişdir ki, onlar yemlənmir, itkilər var, digər iki şəriki isə orada deyillər. Bundan sonra dəfələrlə Muradla mübahisələri olmuş və o, şərikliyi bitirmişdir. Məhsullar isə orada qalmış, ancaq 160000-180000 ədəd məhsulu satmış, pulunu ortalığa qoymuş və onların yanından çıxmışdır. Arada gedib baş çəkib qayıtmışdır. O, orada alınan məhsulların pullarını sataraq geri ödəmişdir. Sonradan isə onlar spirtli içkilər içməyə davam etmişlər, işi nəzarətsiz qoymuşlar və ziyana düşmüşlər. Murad Aydının qapısına tökülmüş beton, su anbarına tökülmüş beton, avadanlıqların dəyər-dəyməzinə satılaraq götürdüyü pulu artıq hesablayıb ondan tələb edir. O, bununla qətiyyən razı deyil. Ona cəmi üç dəfə pul verilmiş və üçündə də məhsulu alıb gətirib təhvil vermişdir. Ona 20000 manat balıq kürüsünə, 800 ABŞ dolları da balıq yeminə, cəmi 28000 manat pul verilib, o, da məhsulu gətirib təsərrüfata boşaltmışdır. Digər xərclənmiş pulların heç biri onun əli ilə xərclənməmişdir. İki dəfə kürü gətirmiş, hər dəfə də 500000 ədəd gətirmişdir, bir milyon kürü gətirməyi isə yalandır. Murad 44000 manat pulu təsərrüfata xərcləyə bilər, lakin ona xərclik üçün 11400 manat məbləğində pul verilməmişdir. Ona nə pul verilibsə yem üçün ya da məhsul üçün verilib. Məhsulların 200000 ədədini satmışlar, 40000 manat gəlir əldə etmişlər, 100000 ədəd bir satmışlar, 20000 manat gəlir qalmış, qalanını tam xatırlamır, 60000 ya da 70000 bir satmışlar, onun da gəlirini götürüb yem almışlar. Təxminən 8000 manat gəlir də buna görə gəlib. Ümumilikdə təxminən 68000 manat gəlir olmuş, hər dəfə də onlar paylarını götürüblər, o, isə bir dəfə 6000 manat gəlir götürmüşdür. O, cəmi 6000 manat vəsait götürmüş, sonra o, çıxmış və gəlir götürməmişdir. Avadanlıqları o, təşkil etmiş, ancaq digər şəriklər özləri almışlar. O, məhsulu gətirəndən sonra Muradla aralarında mübahisələri başlayıb. Balıq kürülərinin şirkətdən alınması ilə bağlı say fakturası olmur, kiloqram fakturası olur. İddiaçının ziyan etdiyi o olmuşdur ki, həmin şəxs qapıya tökülən beton, armatur, inkubator aparatı, balıq hovuzları və s. almış, satarkən isə bir günün içərisində dəyər-dəyməzinə satmışlar. Oradan əksik gələn vəsaiti isə onun boynuna yazmışlar və o, da bunu qəbul etmir. O, balıq və yumurtanı gətirmiş, lakin Aydının təsərrüfatında olanlarına cavabdehlik daşımır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş audiodiskdə səs yazıları ona məxsusdur və o iddiaçı və digər şəriki olmuş Aydınla belə bir söhbət apardıqlarını xatırlayır, lakin həmin yazıda borcunu etiraf etsə də, həmin pulları sonradan qaytarmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Cavabdeh tanıyır və onunla heç bir qohumluğu yoxdur. Bu iş onun təsərrüfatında onun evinin həyətində təşkil olunmuşdur. Murad onun qonşusudur, Mahirlə də o, tanış olmuş və onun köməkliyi ilə onun təsərrüfatında bu balıqçılıq tikilmişdir. Mahir təklif etmişdir ki, təsərrüfat onun bağında təşkil edilsin. Murad onun qonşusudur və onunla təzə tanış olmuşdu. Murad bu işi təşkil etməyi təklif etmiş, o, Murad və Mahir görüşəndən sonra razılığa gəlmişlər ki, kürüdən balıq əldə etsinlər. Hərəsinin bu işdə payə 1/3 bərabər olmuşdur. Razılaşmışlar ki, birinci uğur əldə ediləndən sonra qazanc öz aralarında bölünəcəkdir. Belə də olmuş və onlar hər birinə 11000 manat pul götürmüşlər. Lakin, sonradan məlum olmuşdur ki, fikirləşdikləri qədər balıqları yoxdur. Belə olan halda razılaşmışlar ki, kim nə qədər gəlir əldə edib ondan qaytarsın, avadanlıq da satılsın. O, razılaşmış və 11000 manat qaytarmalı olmuşdur. Amma avadanlıq satılandan sonra məlum olmuşdur ki, həmin pul çıxılıb və hərəsi 9125 manat pul qaytarmalıdır. O, buna razılıq vermiş və həmin pulu Murada qaytarmışdır. O, öz pulunu qaytara-qaytara məlum olmuşdur ki, Mahir də söz versə də pulun qaytarılacağına qaytarmamışdır. Borcun qaytarılması barədə söhbət olunanda Mahir pulun qaytarılacağını desə də, bu günə kimi Murada borcunu ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Aydın və Muradla qonşudur. Həmin şəxslər iş qurduqlarını bildirərək onlara kömək etməsini xahiş etmişlər, pulunu da verəcəklərini demişlər. O, da onlara dayaq durmuş və sürücü xidmətlərini göstərmişdir. Sonradan birgə işləməmək qərarı na gəlmişlər , lakin bir sıra avadanlıqlar satılandan sonra Mahir və Aydının Murada borclu qalmışlar. Sonra deyəsən Aydın pulu qəbzlə qaytarmışdır. O, Mahirin telefonla söhbət zamanı 11400 manat borcun etiraf etdiyini şəxsən eşitmişdir. Belə ki, həmin vaxt o, avtomobili idarə etmiş, Mahir isə Muradla telefonla diktofon açıq vəziyyətdə söhbət etmişdir. İşə baxıb, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehin onun qarşısında pul öhdəliyinin olmasını sübut etməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı və Aydın Əlimov adlı şəxslə birlikdə sonuncunun torpaq sahəsində yaradılmış təsərrüfatda balıq yetişdirmə fəaliyyəti ilə məşğul olmuşlar, həmin fəaliyyət zamanı İddiaçı iş üçün pul vəsaitləri xərcləmiş, Cavabdeh isə balıq kürülərini gətirib yetişdirib satmağı öz üzərinə götürmüşdür. Məhkəmə araşdırılması ilə müəyyən olunmuş hallarla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən yeganə sübut kimi iki nəfər şahidin ifadələri və 1 ədəd audio səs yazısı əks olunmuş CD ibarətdir. Məhkəmə şahid qismində dindirilmiş şəxslərin ifadələrinə qiymət verərək ilk olaraq onu qeyd edir ki, həmin şəxslərdən biri - X5 iddiaçının qonşusu və şəriki, digər şahid - X2 isə iddiaçı üçün sürücü və digər oxşar xidmətləri göstərən şəxslərdir. Eyni zamanda həmin şahidlər məhkəmə iclasında iddia tələbinin yalnız 11400 manat miqdarında borcunu etiraf etdiyinin şahidi olduğunu, tələbdə qeyd edilən borcun qalan hissəsi ilə bağlı ifadə verməmişlər. Belə olan halda məhkəmə bu şəxslərin ifadələrinə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh borclu olduğunu təsdiq edən bir ədəd audio səs yazısı əks olunmuş CD olan məlumatlarla müqayisəli qaydada qiymət verərək aşağıdakı nəticəyə gəlir. Qeyd edilməlidir ki, həmin sübutun mötəbərliyini və mümkünlüyünə qiymət verərkən məhkəmə ilk növbədə “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş mövqeyini əsas tutmuşdur. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Bu sübutun (iddiaçı tərəfindən təqdim olunan səs yazısı) mümkünlüyü ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçı ilə söhbət aparan şəxsin o olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Belə olduğu halda məhkəmə istinad olunan prosessual qanunvericiliyinin normasına əsaslanaraq bu nəticəyə gəlir ki, iddiaçı diskə yazılmış söhbətin onunla cavabdeh arasında aparılmasını sübut etmə vəzifəsindən azad olunmalıdır. Həmin səs yazısında əks olunanlara qiymət verərək məhkəmə qeyd edir ki, yazının 2.55-ci dəqiqəsində iddiaçı ilə cavabdeh arasında olan söhbət zamanı iddiaçı bildirir ki, kassaya ümumi 33170 manat borc var və üç yerə böldükdə adama 11056 borc düşür, həmin 11056 manat məbləğində borcun qaytarıb-qaytarmaması barədə sualına cavab olaraq Cavabdeh “vermək fikrim var, orda qalan malın pulunu vermək fikrim yoxdur” sözlərini bildirir. Yazının 3.45-ci dəqiqəsində Cavabdeh “malı satırıq, o puldan 20000 də mənim payıma düşsə verməyə hazıram” sözlərini bildirir. Yazının 4.36-ci dəqiqəsində Cavabdeh “mən sənin borcunu danmıram” sözlərini bildirir. Yazının 8.52-ci dəqiqəsində Cavabdeh bildirir ki, “mən sənə gələn ayın 15-nə 5000 verə bilərəm” sözlərini bildirir. Yenidən eyni söxləri bir daha təkrar edir. Yazının 10-cu dəqiqəsində Cavabdeh bildirir ki, “mən 5000 verə bilərəm, uzağı gələn ayın 15-nə” sözlərini bildirir. Yazının 11:21-ci dəqiqəsində Cavabdeh “mən sənə gələn ayın 15-nə kimi 5000 verə bilərəm” sözlərini bildirir. Yazının 14:09-cu dəqiqəsində Cavabdeh “mən bunun 5000-ni gələn ayın 15-nə verirəm” sözlərini bildirir. Bu halları nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh həmin danışıq zamanı etiraf etdiyi borcunu qaytardığını qeyd edirsə bunu sübut etmək vəzifəsi məhz onun üzərinə düşür. Lakin cavabdeh məhkəmə iclasında həmin məbləğdə (etiraf etdiyi hissədə) olan pulu iddiaçıya qaytarması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin qanuni əsasını yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092-ci maddəsi təşkil edir. Həmin norma əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq, cavabdehin yuxarıda təsvir olunmuş borcun etiraf etməsi ilə yanaşı bu borcunu iddiaçıya qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etməməsi cavabdehin iddiaçı qarşısında öhdəliklərinin olduğunu təsdiq edir. Bununla belə, iddiaçı tərəfindən imzalanmış iddia ərizəsində, eləcə də iddiaçının nümayəndəsinin məhkəmədə vermiş olduğu izahatı ilə bu borcun (11400 manat) sonrakı hesablaşmalara görə 9156 manat təşkil etdiyini etiraf etmələrini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına həmin məbləğ həddində (9156 manat) əsassız yerə varlanmışdır. Odur ki, iddia məhz həmin hissədə təmin edilməlidir. İddia tələbində qeyd olunmuş 24000 manat məbləğində pulun cavabdeh tərəfindən mənimsənilməsi hissədə iddia tələbinə qiymət verib məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı buna dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə həmin hissədə iddianı əsassız hesab edir. Mənəvi ziyan tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarının 8-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə isə mənəvi ziyanın tutulmasına əsas verən bu hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 9156 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Qalan hissədə isə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 196 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olaraq 111.56 (yüz on bir manat əlli altı qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 9156 (doqquz min yüz əlli altı) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 196 manat məbləğində pul vəsaitinin 111.56 (yüz on bir manat əlli altı qəpik) manat hissəsi tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-759/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-759/2023
20.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver