Məhkəmə qərarları › İş №2(029)-79/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-79/2022

19.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-79/2022 19.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş 115 (yüz on beş) manat maddi və 10000 (on min) manat mənəvi ziyanın, cəmi 10115 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, atası X2, anası X1, həyat yoldaşı X3 ilə birlikdə 06.06.2021-ci il tarixdə Qusar rayonu Yasab kəndində yerləşən evlərinə istirahət etmək məqsədi ilə getmişlər. X11 öz evinin həyətinə gəlini Minayət Əmirsultanovanın ata evinin həyətindən su qoşmaq üçün gedən zaman yolda onun qaynı Hacı Hacıyevlə rastlaşmış, onunla söhbət etməyə başlamışdır. Söhbət əsnasında Hacı Hacıyev, evin həyətyanı sahəsini göstərərək “bu sahəyə tum atmışam bitmədi, ikinci dəfə atdıqda bitdi” demişdir. Həmin an X11, Hacı Hacıyevin məhz çətənə bitkisi tumlarının əkməsini düşünmüş, lakin söhbət zamanı bu barədə heç nə bildirməmişdir. Həmin söhbətdən bir neçə gün keçdikdən sonra, onun X11 anası Liza Əmirsultanovaya cavabdehlə aralarında olan söhbət barədə danışmış və sonuncunun anası Faizə Hacıyevaya oğlunun bu cür işlərlə məşğul olmamasını söyləməsini xahiş etmişdir. Bir neçə gün keçdikdən sonra o, atası və həyat yoldaşının valideynlərinin evinə qonaq gedən vaxtı onlara Hacı Hacıyevin narkotik bitkilər əkib-becərilməsi ilə məşğul olması barədə bildirmişlər. Məsələyə aydınlıq gətirmək üçün gəlmiş qaynı Hacı Hacıyevlə X11 arasında dava olmuş, hər iki tərəf dərəcələri müəyyən edilməyən xəsarətlər almışlar. O, Sumqayıt şəhərinə işə qayıtmalı olduğundan, qaynatası Cavabdehlə barışmaq məqsədi ilə həmin tarixdə saat 16:30-da özünə məxsus “Opel Astra” markalı, ** DA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həyat yoldaşı Minayətlə birlikdə qayınatası Cavabdeh yaşadığı ünvan getmişlər. Evin həyətində olan Cavabdeh onu və qızını görüb, kənd camaatının qarşısında qızının əxlaqsız olduğunu bildirərək küçə söyüşləri ilə onu təhqir etmiş ,onu fahişə adlandıraraq göbəkdən aşağı hissəsini göstərərək bir mənalı olaraq ona bildirmişdir ki , “sən o, fahişəni küçədə gəzəni nə deyib arvad kimi evdə saxlayırsan, sən kişi deyilsən” deyərək camaatın yanında göbəkdən aşağı hissəni ona göstərərək şərəf və ləyaqətini alçaltmaqla əlaqədar olan küçə söyüşləri ilə onu təhqir etmişdir. O, cavabdehə irad bildirdikdə, sonuncu çay içdiyi stəkanı üzərinə atmış, həmin stəkan yolda saxladığı “Opel Astra” markalı, ** DA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə dəyərək avtomobil zədələnərək ona 115 (yüz on beş) manat dəyərində maddi ziyan dəymişdir. Qeyd edilmiş faktın doğruluğunu RPŞ-nin Həzrə polis bölməsinin sahə müvəkkili Eşqin adlı polis nəfəri və həyat yoldaşı Minayət də təsdiq etməklə yanaşı həmin iş üzrə RPŞ-nin İB-si tərəfindən aparılmış araşdırmaların yekununa dair cinayət işinin başlanmasının rədd edilməsinə dair 28.08.2021-ci il tarixli qərarla da təsdiq edilir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində-yəni onun şərəf və ləyaqətini kənd camaatı arasında alçaltdığı üçün ona dəymiş mənəvi zərəri 10000 (on min) manat dəyərində dəyərləndirir. Cavabdeh tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlərin nəticəsi olaraq bir ay evdən çıxmayaraq mənəvi sarsıntı və iztirablar keçirmişdir. Ona dəymiş maddi və mənəvi zərər tələbi ilə əlaqədar olaraq məhkəmədə iddia qaldırmağı vacib hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, Sumqayıt Texnologiyalar Parkında mühəndis vəzifəsində işləyir. Cavabdeh onun qaynatasıdır, həmin şəxs Qusar rayonu Yasab kəndində yaşayır. O, 2021-ci ilin iyun ayında istirahət etmək üçün Qusar rayonu Yasab kəndinə qonaq gəlmişdir. Qaynatası 10 ildir ki, onun ailəsinə müdaxilə edir, onları narahat edir. O, Yasab kəndində olarkən ona məlum olmuşdur ki, qaynatası ilə valideynləri arasında mübahisə olmuş və həmin mübahisəni aydınlaşdırmaq məqsədi ilə 2021-ci ilin avqust ayında həyat yoldaşı ilə birlikdə qaynatası Cavabdeh evinə getmişdir. Həyat yoldaşı qaynatasının evinin darvazasından içəri daxil olmuş, o, isə içəri daxil olmamış, darvazanın qarşısında gözləmişdir. Bir az keçdikdən sonra qaynatası Cavabdeh onu təhqir etmiş, özünün və valideynlərinin ünvanına nalayiq söyüşlər söymüş, təhqiramiz jestlər etmiş, əlləri ilə cinsiyyət orqanını göstərmiş, “sən kişi deyilsən, üzdəniraqsan, mavisən” demişdir. Bundan başqa, Cavabdeh əlində olan çay stəkanı ilə onun idarə etdiyi “Opel” markalı avtomobilinə vurmuş və avtomobili zədələnmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində o, mənəvi sarsıntı keçirmiş, əsəbləri pozulmuşdur. Bununla bağlı o, xəstəxanaya müraciət etməmiş, lakin işə gedə bilməmişdir. Bununla da, ona mənəvi zərər dəymişdir. Həmin zərəri 10000 manat məbləğində qiymətləndirir. Bundan başqa, onun avtomobilinin əzilməsi nəticəsində ona 115 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə etmiş və göstərmişdir ki, Cavabdeh İddiaçı şəxsiyyətini alçaltmış, ona “üzdəniraq, xəbərçi” demiş, şalvarını aşağı salıb təhqir etmişdir. Cavabdeh özü də iddiaçının şəxsiyyətini alçaltdığını etiraf etmişdir. Bundan başqa, cavabdeh iddiaçının avtomobilini zədələyərək ona 115 manat məbləğində maddi zərər vurmuşdur. Cavabdehin iddiaçıya vurduğu mənəvi zərər görə isə 5000 manat tələb edirlər. Odur ki, iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçıya vurulmuş maddi zərərə 115 manat, mənəvi zərərə görə 5000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Yasab kəndində yaşayır. İddiaçı onun kürəkəni, qızının əridir. Ona və qızına çoxlu yaxşılıqlar etmişdir. 2021-ci ilin avqust ayında iddiaçı özünün həyat yoldaşı-yəni onun qızı ilə onun yaşadığı evə gəmiş, qızı darvazadan içəri daxil olmuş, onun qaynatası ilə mübahisə etdiyinə görə ona və həyat yoldaşına irad bildirmiş, o, isə bundan əsəbləşərək qızına çıxıb getməsini bildirmiş, həmin vaxt əlində olan çay stəkanını əsəbindən darvazadan kənara atmış, stəkan təsadüfən darvazanın qarşısında dayanmış, iddiaçıya məxsus avtomobilə dəymişdir. Onun stəkanı avtomobilə vurmaq niyyəti olmamış, stəkanı həyətə atmamışdır ki, sınıb şüşəsi kiminsə ayağına batar, ona görə də stəkanı darvazadan bayıra atmışdır. O, qızına və kürəkəni Sultana evindən çıxıb getmələrini tələb etmiş, Sultan isə əl hərəkətləri, jestləri ilə ona təhqiramiz jestlər edərək onu nalayiq ifadələrlə söymüşdür. O, isə həmin söyüşləri anasına, bacısına və həyat yoldaşına deməsini bildirmişdir. Sultan ona “sən bilirsən mən kiməm?” demiş, o, isə üst geyimini şalvarından yuxarı qaldırıb cinsiyyət orqanı olan hissəsini işarə edərək ona “sən busan, üzdəniraqsan (mavisən), xəbərçisən (sukasan)” demişdir. Üst geyimini qaldırarkən bədəninin çılpaq hissəsi görünməmişdir. O, Sultana heç bir mənəvi zərər vurmamış, onun özü əvvəlcə onu təhqir etmiş, o, isə həmin şəxsə cavab qaytarmışdır. Mənəvi zərərə görə iddiaçıya hər hansı pul ödəməyəcəkdir. İddiaçının avtomobilinə dəymiş zərəri isə ödəməyə razıdır, əlavə olaraq həmin şəxsə 200-300 manat pul da verə bilər. Həmin pulu mənəvi zərərə görə deyil, iddiaçı ondan əl çəksin deyə verməyə razıdır. Odur ki, iddianın qismən təmin edilməsi, ondan iddiaçının xeyrinə 115 manat məbləğində pul tutulması, qalan hissədə isə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən sonuncu məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və işə baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi X4 28.08.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X7 Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə verilmiş məlumat əsasında toplanmış material üzrə X16, X2, İddiaçı Mühəmet oğlu, Cavabdeh əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işinin başlanması rədd edilmiş, X2, X5 və X13 barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin Həzrə PB-na verilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 14.08.2021-ci il tarixdə saat 16 radələrində Qusar rayonu Yasab kəndində Cavabdeh ehtiyatsızlıqdan İddiaçı məxsus “Opel Astra” markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilini zədələməklə ona 115 (yüz on beş) manat maddi ziyan vurmuşdur. Lakin, qüvvədə olan cinayət qanunvericiliyinə görə Azərbaycan Respublikasının CM-nin 186-187-ci maddələrinin tərkibinin yaranması üçün zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 5000-50000 manat məbləğində maddi ziyan vurulmalı, təsvir olunan hadisə nəticəsində dəymiş maddi ziyan 115 manat təşkil etdiyindən cinayət və digər hüquqpozmanın tərkibini yaratmır. İşdə olan Qusar rayon “VAZ” kooperativi tərəfindən verilmiş 23.08.2021-ci il tarixli 33 saylı rəydən görünür ki, Qusar rayonu Yasab kənd sakini İddiaçı məxsus Opel Astra minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomaşına həmin kooperativin mütəxəssisləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, maşının arxa sağ qanadının müəyyən qədər əyilərək cızılması təyin edilmişdir. Dəmirçi: Arxa sağ qanadın düzəldilməsinə tələb olunan usta haqqı 25 manat. Rəngsaz: Həmin qanadın rənglənməsinə tələb olunan usta haqqı 90 manat. Beləliklə, İddiaçı məxsus Opel Astra minik markalı maşına dəymiş maddi ziyan 115 (yüz on beş) manat civarındadır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 14.08.2021-ci il tarixdə saat 16 radələrində İddiaçı əvvəllər onun valideynləri ilə qaynatası, iş üzrə Cavabdeh arasında baş vermiş mübahisənin aydınlaşdırılması məqsədilə arvadı Minayətlə birlikdə idarə etdiyi Opel Astra markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh yaşadığı Qusar rayonu Yasab kəndində yerləşən evinə getmiş, evin darvazasının qarşısında avtomobili saxlamış, arvadı evə daxil olsa da, onun evə daxil olmasına icazə verilməmiş və bu səbəbdən də o, darvazanın qarşısında gözləmişdir. Bundan sonra Cavabdeh yaşadığı evin həyətində iddiaçının həyat yoldaşı ilə mübahisə etmiş, həmin vaxt əlində olan çay stəkanını darvazadan bayıra atmış və həmin stəkan darvazanın qarşısında dayanmış iddiaçının Opel Astra markalı avtomobilinə dəyərək həmin avtomobili zədələmişdir. Bundan sonra, Cavabdeh evin qarşısına çıxmış, İddiaçı oradan çıxıb getməsini tələb etmiş və həmin vaxt qarşılıqlı olaraq bir-birilərini təhqir etmişlər, ünvanlarına nalayiq ifadələr işlətmişlər. Belə ki, İddiaçı Cavabdeh əl hərəkətləri ilə jestlər edərək söyüş söymüş, cavabdeh isə öz növbəsində həmin şəxsin və ailə üzvlərinin ünvanına söyüşlər söymüşdür. Bundan sonra 23 avqust 2021-ci il tarixdə cavabdehin həyat yoldaşı X14 şikayət ərizəsi ilə Qusar RPŞ-yə müraciət etmiş, həmin müraciət əsasında Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış, 28.08.2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən ehtiyatsızlıqdan İddiaçı Opel Astra markalı avtomobilinə 115 manat məbləğində maddi ziyan vurulmuş, həmin məbləğ 5000 manatdan aşağı olduğuna görə cinayət tərkibi və digər hüquqpozmanın tərkibi yaranmamışdır. Araşdırma zamanı Cavabdeh qərəzli şəkildə İddiaçı şəxsiyyətini alçaldaraq onu təhqir etməsi faktı aşkar olunmamış, bu barədə hər hansı hal müəyyən edilməmiş, müvafiq hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli 07 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 3-cü bəndində göstərilmilşdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.6 və 183-cü maddələrinə əsasən cinayət işləri üzrə mənəvi zərərin ödənilməsi barədə iddia zərərçəkmiş şəxsin xahişi ilə prokuror tərəfindən də verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başa çatanadək yalnız yazılı şəkildə verilməlidir. Həmin Məcəllənin 186-cı maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia, o cümlədən mənəvi zərərin ödənilməsi barədə mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdir. Lakin, nəzərə almaq lazımdır ki, prokurorun mənəvi zərərin ödənilməsi barədə iddiasından imtina etməsi zərərçəkmişi həmin iddianı müdafiə etmək hüququndan məhrum etmir. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosesual normaların tətbiqinə yol verilir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin189-191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Həmin Qərarın 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, Cavabdeh ehtiyatsızlıqdan İddiaçı məxsus Opel Astra markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə həmin şəxsə 115 manat məbləğində maddi ziyan vurmuşdur. Bu səbəbdən də, məhkəmə həmin hissədə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 115 (yüz on beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iddiaçının mənəvi zərər tələbini müzakirə edərək hesab edir ki, həmin tələb əsassızdır. Belə ki, 14 avqust 2021-ci il tarixdə saat 16 radələrində İddiaçıla Cavabdeh arasında yaranmış mübahisə cavabdehin evinin qarşısında şəxsi münasibətlər zəminində olmuş, iddiaçının özünün də aqressivləşməsi nəticəsində tərəflər bir-birilərini qarşılıqlı olaraq söyərək təhqir etmişlər. Cavabdeh qəsdən iddiaçını döyməmiş, ona xəsarət və ya digər hər hansı fiziki ağrı yetirməmiş, ona qarşı cinayət və ya inzibati xarakterli hərəkətlər etməmiş, yalnız ehtiyatsızlıqdan həmin şəxsin avtomobilini əzərək ona 115 manat məbləğində maddi ziyan vurmuşdur. İddiaçıya maddi ziyan vurulması həmin şəxsin mənəvi iztirab və psixi sarsıntı keçirməsinə və şəxsiyyətinə zərər vurulmasına isə səbəb olmamışdır. İddiaçı özü ona vurulmuş mənəvi zərəri cavabdehin onun şəxsiyyətini alçaltması və təhqir etməsi ilə əlaqələndirmişdir. Cavabdehin iddiaçını təhqir etməsinə səbəb isə sonuncunun ilk olaraq həmin şəxsə qarşı təhqiramiz jestlər etməsi olmuş, həm cavabdeh iddiaçını, həm də iddiaçı cavabdehi qarşılıqlı olaraq söyüb təhqir etmişdir. Bununla da, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulması, onun mənəvi iztirab və sarsıntılar keçirməsinə səbəb olan təqsirli hərəkətlər etməsi məhkəmədə sübuta yetirilməmiş, həmin hal Qusar RPŞ-nin İB tərəfindən fakt üzrə araşdırma aparılarkən də müəyyən olunmamışdır. Odur ki, məhkəmə iddiaçının mənəvi zərər tələbinə dair dəlilləri ilə razılaşmayaraq qəbul etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi 115 (yüz on beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya verilməli, qalan hissədə-yəni mənəvi zərər tələbinə dair hissədə isə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 115 (yüz on beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar