Məhkəmə qərarları › İş №2(030)-151/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-151/2023

24.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-151/2023 24.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9500 manat məbləğində pulun və ödənilmiş 115 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə mürcaiət edərək,işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri N.Nərimanov küçəsi 14 saylı evin 3 saylı mənzilində yaşayır. Cavabdeh onun uzaq qohumdur. 2022-ci ilin avqust ayında ona müraciət edərək bir neçə banka borcu olduğunu və krediti vaxtında ödəyə bilmədiyi üçün üstünə faiz gəldiyini bildirərək, ona 02 yanvar 2023-cü il tarixədək qaytarmaq şərti ilə 12000 manat məbləğində borc pul verməsini xahiş etmişdir. O, isə həmin məbləğdə pulu olmadığını, yalnız 9500 manat borc verə biləcəyini bildirmişdir. 02 avqust 2022-ci ildə o, cavabdehə 9500 manat məbləğində borc pul vermiş və bu barədə yazılı ərizə almışdır. Lakin bu günədək cavabdeh verdiyi 9500 manat pulu geri qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulu geri tələb etsə də, cavabdeh banka və başqa şəxslərə borcu olduğu üçün 9500 manatı qaytara bilmədiyini bildirmişdir.. Yaranmış vəziyyətdə məhkəməyə mürcaiət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı 9500 manat məbləğində pul almış və geri qaytarmamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 02 avqust 2022-ci il tarixli ərizədən görünür ki, Daşkəsən rayonu Mollahəsənli kənd sakini Cavabdeh 02 avqust 2022-ci il tarixdə İddiaçı 9500 manat məbləğində borc pulu 02 yanvar 2023-cü il tarixədək qaytarmaq şərti ilə borc almışdır. İşə əlavə edilmiş 18 yanvar 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 115 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-ci мaddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2- ci мaddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5- ci мaddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılmış araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9500 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidirt Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 115 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 9500 manat və ödənilmiş 115 manat dövlət rüsumu olmaqla, cəmi 9615 (doqquz min altı yüz on beş) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar