Məhkəmə qərarları › İş №2(030)-520/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-520/2023

13.09.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-520/2023 13.09.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edib, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 1988,76 manat, işsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 99,20 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi üçün Maraqlı şəxs (doğulduğu tarix – xx xxxxx 1979-cu il, doğulduğu yer – Azərbaycan Respublikası Daşkəsən rayonu Muşavaq kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılaraq tələbinin təmin olunmasını xahiş etdiyindən məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 10 iyul 2023-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Daşkəsən rayonu Muşavaq bələdiyyəsinin (VÖEN: **********) işsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna 99,20 manat, Dövlət Sosial Müdafiə Fonduna 1988,76 manat olmaqla, ümumilikdə 2087,96 manat vergi borcu yaranmışdır. Yaranmış borc məbləğini 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 19 oktyabr 2021-ci il tarixli **********259600 nömrəli, 18 aprel 2022-ci il tarixli **********5187900, 18 aprel 2022-ci il tarixli **********414000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, hüquqi şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, hal-hazırda Daşkəsən rayonu Muşavaq bələdiyyəsinin sədri vəzifəsində işləyir. Tələb edilən vergi borcu bələdiyyə sədri olaraq onun tərəfindən deyil, bələdiyyənin hesabına ödənilməlidir. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 oktyabr 2021-ci il tarixli **********259600 qeydiyyat nömrəli işsizlik sığorta haqq üzrə borcun ödənilməsinə dair **********7 nömrəli bildirişindən görünür ki, Daşkəsən rayon Muşavaq bələdiyyəsinin 18 oktyabr 2021-ci il tarixə ümumilikdə 86,50 manat, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 66,10 manat, fazilər üzrə 20,40 manat məbləğində borcu olduğu bildirilmiş və 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İşə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 aprel 2022-ci il tarixli **********5187900 qeydiyyat nömrəli icbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair **********4 nömrəli bildirişindən görünür ki, Daşkəsən rayon Muşavaq bələdiyyəsinin 18 aprel 2022ci il tarixə ümumilikdə 112,10 manat, o cümlədən icbari tibbi sığorta haqqı üzrə 96 manat, fazilər üzrə 16,10 manat məbləğində borcu olduğu bildirilmiş və 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İşə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 18 aprel 2022-ci il tarixli **********414000 qeydiyyat nömrəli icbari muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********0 nömrəli bildirişindən görünür ki, Daşkəsən rayon Muşavaq bələdiyyəsinin 18 aprel 2022-ci il tarixə ümumilikdə 2184,33 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1649,05 manat, fazilər üzrə 435,28 manat məbləğində borcu olduğu bildirilmiş və 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İşə əlavə edilmiş Hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, Daşkəsən rayon Muşavaq bələdiyyəsi vergi ödəyicisi kimi VÖEN ********** nömrə ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. Hüquqi şəxs Daşkəsən rayon Muşavaq bələdiyyəsinin rəhbəri kimi Maraqlı şəxs qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin X1 Baş İdarəsinin 30 iyun 2022-ci il tarixli **********460900 nömrəli xəbərdarlıq məkrubundan görünür ki, Maraqlı şəxs Daşkəsən rayon Muşavaq Bələdiyyəsinin 30 iyun 2022-ci il tarixə müvafiq fondlara ümumilikdə 2467,13 manat o, cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 2239,71 manat, işsizlikdən sığorta haqqı üzrə 109,54 manat və icbari tibbi sığorta üzrə 117,88 manat borcu yarandığı bildirilmiş və 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Qeyd olunan borc ödənilmədiyi halda Maraqlı şəxs Müzhim oğlunun ölkədən getmək hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsaslı olduğundan təmin olunmalı və borcu ödənilənədək həmin şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Dövlət Sosial Müdafiə Fonduna 1988,76 manat, İcbari Tibbi Sığorta Fonduna 99,20 manat olmaqla, ümumilikdə 2087,96 manat məbləğində borc ödənilənədək Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi –AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar