Məhkəmə qərarları › İş №2(030)-546/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-546/2023

25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-546/2023 25.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, yəni onun otağına bitişik olan, kardon kağızla arası kəsilmiş otaqda səs-küy etmələri və ona nalayiq ifadələr işlətmələrinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulması, yəni onun otağına bitişik olan, kardon kağızla arası kəsilmiş otaqda səs-küy etmələri və ona nalayiq ifadələr işlətmələrinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı öz tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, o, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 20 saylı mənzilində, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 32 saylı mənzilində yaşayırlar. Onunla cavabdehlərin yaşadıqları mənzilin arakəsmə divarı bitişikdir. Qeyd edilən arakəsmə divarı karton kağızla bağlanmışdır. Cavabdehlər bunu biləbilə uşaqları ilə birlikdə mənzilin arakəsmə divarını vuraraq, səs-küy salır, onu nalayiq ifadələrlə söyüb təhqir edir, eyvanın pəncərəsini sındırırlar. Eyni zamanda, mənzilin başqa şəxslər gətirərək səs-küy salıb onun mülkiyyət hüququnu kobud şəkildə pozurlar. Onun 71 yaşı olmaqla, tənha qadındır. Cavabdehlər qanunsuz hərəkətləri barədə aidiyyəti orqanlara müraciıət etsə də, heç bir nəticəsi olmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 32 saylı mənzilində, İddiaçı isə Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 20 saylı mənzilində yaşayır. Onların yaşadıqları bina çoxmənzillidir. Binada otqların arakəsmələri bina tikilən zaman hansı qaydada olmuşdursa, hazırda da eyni qaydadır. Onun yaşadığı mənzildən iddiaçının mənzilinə səs-küy düşməsi onların təqsiri deyildir. İddiaçının evində də səs-küy olan zaman həmin səs-küy onların mənzilində də eşidilir. Onlar iddiaçıya qarşı hər hansı qanunsuz hərəkət etməmiş, iddiaçını söyüb təhqir etməmiş, eyvanın pəncərəsinin sındırmamışlar. İddiaçı onlara şər və böhtan atır. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 digər Cavabdeh2 eyniməzmunlu izahat verib iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək, işin faktik hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialına əlavə edilmiş AZE Seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Aslanova X3 şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 20 saylı mənzilində qeydiyyatdadır. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 oktyabr 2023-cü il tarixli 5-42-1/2-109/2023 saylı arayışından görünür ki, Aslanova X3 şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 20 saylı mənzilində yaşayır. Həmin mənzil X1 tərəfindən 1968-ci il tarixdə İddiaçı atası X2na verilmişdir. X2 həmin mənzildə vəfat edən günədək ailəsi ilə birlikdə yaşamışdır. X2 vəfat etdikdən sonra hal-hazıradək qızı (vərəsəsi) Aslanova X3 şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 20 saylı mənzilində yaşamaqdadır. Belə ki, iddiaçı Aslanova X3 şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 20 saylı mənzilində, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 32 saylı mənzilində yaşamaqla qonşudurlar. Tərəflərin yaşadıqları mənzilləri arakəsmə divarı ayırır. İddiaçı cavabdehlərin mənzilin arakəsmə divarını vuraraq səs-küy saldıqlarını, onu nalayiq ifadələrlə söyüb təhqir etdiklərini, eyvanın pəncərəsini sındırdıqlarını bildirərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulması, yəni onun otağına bitişik olan, kardon kağızla arası kəsilmiş otaqda səs-küy etmələri və ona nalayiq ifadələr işlətmələrinə son qoyulmasını tələb etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə iddiaçıya qarşı heç bir qanunsuz hərəkət etmədiklərini, söyüb-təhqir edərək nalayiq ifadələr işlətmədiklərini, eyvanının pəncərəsini sındırmadıqlarını bildirmiş və qeyd edilənləri təkzib etmişlər. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası MM-nin 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəm iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz hərəkətlərinə, yəni onun otağına bitişik olan, kardon kağızla arası kəsilmiş otaqda səs-küy etmələrinə son qoyulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin evin mülkiyyətçisi olmasa da, həmin ünvanda qeydiyyatda olduğundan və istifadə etdiyindən yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olaraq onun hüquqları müdafiə edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz hərəkətlərinə, yəni onun otağına bitişik olan, kardon kağızla arası kəsilmiş otaqda səs-küy etmələrinə son qoyulması hissəsində iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cavabdehlərin ona nalayiq ifadələr işlətmələrinə son qoyulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin hissədə tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onu nalayiq ifadələrlə söyüb təhqir etdikləri və eyvanın pəncərəsini sındırdıqlarını bildirsə də, iddiaçı öz tələbini hər hansı sübutla əsaslandırmamış, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manatı cavabdehlərə, 50 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı yaşadığı Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 30A saylı evin 20 saylı mənzilə bitişik olan, kardon kağızla arası kəsilmiş otaqda səs-küy etmələri qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar