Məhkəmə qərarları › İş №2(030)-577/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-577/2023

24.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-577/2023 24.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə gələn su xəttinin bərpa edilməsinə maneənin aradan qaldırılması, su xəttinin bərpa edilməsi və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Daşkəsən rayonu Bayan kəndində yerləşən evinin su xəttinin bərpa edilməsi, Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, evinə gələn su xəttinin bərpa edilməsi və Cavabdeh su xəttinin kəsilməsinə yönəlmiş qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evi 1989-cu ildən arvadı İddiaçı xüsusi mülkiyyətindədir. 2000-ci ildən 3 qonşu ailə, yəni onlar, X9 və X20 xərcləri bərabər şəkildə bölüşərək evlərinin arxa hissəsində yerləşən dağın yamacından təxminən 2500 metrlik məsafədən yer altı ilə 32 diametrli kapron boru vasitəsi ilə içməli su çəkdirmişlər. Çəkilən su xəttini qonşu Natiq Süleymanovun evinin arxa hissəsində 3 yerə bölmüşlər və əlavə xətt vasitəsi ilə həyətlərinə çəkmişlər. Artıq 23 ildir ki, həmin sudan istifadə edirlər. Cavabdeh isə qonşuluqda oğlu Cavid Rüstəmzadənin evində yaşayır. Yaşayış evinə gələn su xəttinin cavabdehə heç bir aidiyyatı, maneçiliyi olmadığı halda, Cavabdeh 2022-ci ilin yay aylarından etibarən evinə gələn su xəttini kəsmiş və qanunsuz olaraq suyu öz həyətinə çəkmişdir. Cavabdeh 2 ədəd 5 ton və 25 ton həcmdə olan su çənlərinin də, su xəttinin də, atası Qurban Əliyevin ona verdiyini bildirmişdir. Bununla əlaqədar atası Qurban Əliyev ilə aralarında mübahisə yaranmış, Gəncə şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(125)-561/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. O və arvadı cavabdeh tərəfindən onların sularının kəsilməsi ilə bağlı dəfələrlə icra nümayəndəsinə müraciət etmişdir. İcra nümayəndəliyinin əməkdaşları tərəfindən araşdırma aparılmış, bu barədə bir neçə dəfə akt tərtib edilmiş, haqlı olduqları müəyyən edilmiş, buna baxmayaraq öz vəsaitləri hesabına yenidən suyu bərpa etmişlər. Lakin çox keçmədən cavabdeh yenidən qanunsuz hərəkətlərini davam etdirərək, suyu kəsmişlər. 2023-cü ilin iyun ayında cavabdehin hərəkətləri barədə DİN 102 xidmətinə müraciət etmiş, polis əməkdaşlarının işitrakı ilə suyu bərpa etməyə nail olmuşlar. Lakin cavabdeh yenidən suyu kəsmişlər. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli su xətti 2000-ci ildə X20, X26 və Nəzakət tərəfindən çəkilmişdir. O, 2001-ci ildə Qurban Əliyevin vasitəsi ilə Daşkəsən rayonu Bayan kəndində qonşuluqda yerləşən fərdi yaşayış evini satın almışdır. Bayan kəndində su problemi olduğu üçün o, həmin evə su xətti çəkildiyi üçün almışdır. Su xətti 3 nəfər tərəfindən çəkilsə də, 5 nəfər ailə hal-hazıradək həmin sudan istifadə etmişdir. 23 ildə, su xətti dəfələrlə dağıdılmış, o, isə öz vəsaiti heabına su xəttini bəpra etmişdir. Su xətti çəkilən dövrdə İddiaçı ailə üzvüləri ilə birlikdə Rusiya Federasiyasında yaşamışlar. İddiaçının su xəttinin çəkilməsində xəbəri olmamışdır. İddiaçılar dəfələrlə onun evinə gələn su xəttini dağıtmış, ona gələn su borularını yarasız vəziyyətə gətirmişdir. Odir ki, iddia tələbi qanunsuz və əsasız olduğu üçün rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daşkəsən rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsində 459 inventar nömrəli, 5- 459 reyestr nömrə ilə qeydiyyata alınmış “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndində ümumi sahəsi 58,0 kv.metr olan fərdi yaşayış evi Daşkəsən rayon İcra hakimiyyətinin 1-160 saylı 10 avqust 1999-cu il tarixli sərəncamı ilə X10 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş 12 sentyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Daşkəsən RİHB-nin Bayan kənd İƏÜN-in müavini X2, Bayan kənd İƏÜN-in mühasibi X3, şikayətçi ev sahibi Əliyeva (Tağıyeva) Pərvanə Əli qızının və əri Nümayəndə, Bayan kənd sakini X8, X6 və X4 iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, Əliyeva (Tağıyeva) Pərvanə Əli qızının qonşusu Cavabdeh tərəfindən yaşadığı evə gələn suya müdaxilə edərək tamamilə dayandırması barədə 20 avqust 2022-ci il tarixli ərizəsi üzrə araşdırma aparılmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, həqiqətən 2500 metirlik məsafədən çəkilən su 3 ailənin İddiaçı, X9 və X20inun yaşadıqları evə təxminən 22 il bundan əvvəl içməli su kimi istifadə üçün çəkilmişdir. Bu içməli su xəttinin çəkilməsinə lazım olan xərc üç ailə arasında bərabər bölünmüşdür. 22 il müddətində gələn sudan 3 ailə istifadə etmişdir. Təxminən 2022-ci ilin aprel-may aylarında İddiaçı qonşusu Cavabdeh tərəfindən 25 və 5 tonluq su tutarı olan su çənlərinə, yəni 3 ailə arasında bölünmüş, İddiaçı payına düşən su çənlərindən kəsilərək 25-lik plastik boru vasitəsi ilə öz qapısına çəkmişdir. Cavabdeh 02 sentyabr 2022-ci il tarixdə inzibati ərazi nümayəndəliyində verdiyi izahatında təsdiq edir ki, İddiaçı yaşadığı həyət evinə gələn su həmin evə məxsus olmaqla onun bu su çəkilişində heç bir xərci çıxmamış və həmin evə gedən su xəttini kəsməmişdir. Yaşadığı müddətdə qonşu kimi həmin sudan istifadə üçün ona da vermişlər. Həmin suyu Pərvanənin qaynatası Qurban müəllim çəkdirmişdir. 12 sentyabr 2022-ci il tarixdə nümayəndəlik tərəfindən toplanan məlumatlar əsasında Nümayəndə və İddiaçı yaşadıqları evdə su xəttinə baxış keçirilmiş, baxış zamanı qonşular X27, X11 və X12 da, dəvət olunmuş, həqiqətən 25 və 5 ton tutarı olan su çənlərinə gələn su xətti kəsilib başqa boru ilə Yusifəli yaşayan məhləyə aparılmışdır. Həmin çənlərə gələn su xətti, yəni Nümayəndə və İddiaçı məxsus su çənlərinə gələn plastik boru əvvəlki vəziyyətinə gətirilmişdir. Kəsilən su xətti öz əvvəlki yerinə bərpa olunaraq həmin ailənin yaşadığı evin sakinlərinə təhvil verilmişdir. Həmçinin, həmin sudan müvəqqəti olaraq, yəni Yusifəli öz qapısına su xətti çəkənə qədər bu sudan istifadə etməsi Nümayəndə və İddiaçı tapşırılmışdır. İşə əlavə edilmiş 20 sentyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, Daşkəsən RİHB-nin Bayan kənd İƏÜN-i Firuddin Həsənovun, Bayan kənd İƏÜN-in müavini Ülvi Allahyarovun, Bayan kənd İƏÜN-in mühasibi Qorxmaz Ağayevin, Bayan kəndində yaşayan Nümayəndə və Bayan kənd sakini İddiaçı iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, Nümayəndə 20 sentyabr 2022-ci il tarixli ərizəsi əsasında hadisə yerinə baxış keçirilmiş və aşkar edilmişdir ki, İddiaçı adına olan xüsusi evinin məhləsində olan 25 və 5 tonluq su çəninə plastik boru ilə gələn su xəttinin təxminən 5 metirlik məsafəsi 2 yerdən dağıdılaraq su çənindən aralanaraq dağıdılıb kənara atılmışdır. Dəyən ziyan az olduğuna görə zərərçəkən tərəfindən düzəldilməsi, nöqsanın aradan götürülməsi və su xəttinin çənə gəlməsinin təmin edilməsi Nümayəndə tapşırılmışdır. Aktın imzalarla və Daşkəsən RİHBnin Bayan kənd İƏÜN-in möhürü ilə təsdiq edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(156)- 561/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X15 cavabdehlər Nümayəndə və X13 qarşı pulun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Bayan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 oktyabr 2023-cü il tarixli 5-42-2/2-13/2023 saylı məktubundan görünür ki, Daşkəsən rayonu Bayan kəndində yaşayan İddiaçı 20 avqust 2022-ci il tarixdə nümayəndəliyə şikayət ərizəsi ilə müraciət etmiş, ərizə əsasında araşdırma aparılmış, nümayəndəliyin işçiləri tərəfindən sözügedən evə və su xəttinə baxış keçirilmiş, qonşuların və qarşı tərəfin izahataları alındıqdan sonra 12 sentyabr 2022-ci il tarixdə akt tərtib edilmişdir. Aldıqları məlumatlara əsasən həmin su xətti təxminən 2000- 2001-ci illərdə 3 qonşu – X9, X16 və İddiaçı tərəfindən birgə çəkilmiş və həmin sudan X7 da verilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Bayan kənd bələdiyyəsinin 13 oktyabr 2023-cü il tarixli 29 saylı arayışından görünür ki, bələdiyyədə olan məlumata görə mübahisəli su xətti X9, X16 və İddiaçı adına olan 3 yaşayış ev üçün çəkilmişdir. Həmin su xətti təxminən 2000-ci illərdə X31 ərazisindən çəkilmişdir. Kim tərəfindən və necə çəkilməsi barədə məlumatı yoxdur. İşə əlavə edilmiş Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Bayan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 noyabr 2023-cü il tarixli 5-42-2/2-464/2023 saylı arayışından görünür ki, məlum hadisələrlə əlaqədar olaraq Ermənistan Respublikasından deportasiya olunan Azərbaycanlılar 1988-1989-cu illərdə Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmış və həmin vaxtdan bu günədək Bayan kəndində 6 km-lik məsafədə çəkilən içməli su xətti kəndin 6 müxtəlif məhəlləsinə bölünmüşdür. Mübahisə gedən əraziyə də bu içməli su xəttindən 1 xətt ayrılmışdır ki, həmin ərazidə yaşayan 15 ailə bu su xəttindən istifadə edirlər. Məhkəmə baxışı zamanı yerli baxış keçirilmiş və yerli baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus həyətin yuxarı hissəsindən həyətə su xətti gəlir. Su xətti həyətin yuxarısında yerləşən su çəninə birləşir. Çənə birləşmədən təxminənə 1 metr məsafədə su xəttindən cavabdehə məxsus evin istiqamətində xətt ayrıldığını, lakin sonradan həmin xəttin kəsildiyi müşahidə olunur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları və işə əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Daşkəsən rayonu Bayan kəndində ümumi sahəsi 58,0 kv.metr olan fərdi yaşayış evi Daşkəsən rayon İcra hakimiyyətinin 1-160 saylı 10 avqust 1999-cu il tarixli sərəncamı ilə X10 adına qeydiyyata alınmışdır. Daşkəsən rayon Bayan kənd sakinləri X9, X16 və İddiaçı öz vəsaitləri hesabına 2000-ci illərdə X31 ərazisindən özləri üçün içməli su xətti çəkmişlər. Həmin su xəttinin X10 adına qeydiyyata alınmış evə gələn hissəsindən Cavabdeh da istifadə etmişdir. X1 həmin suyun verilməsini dayandırmışdır. Əlavə olaraq məlum hadisələrlə əlaqədar ailələri ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmış Azərbaycanlılar üçün Bayan kəndində 6 km-lik məsafədə çəkilən içməli su xətti kəndin 6 müxtəlif məhəllərinə bölünmüş, mübahisə gedən əraziyə də, bu içməli su xəttindən 1 xətt ayrılmışdır. Hazırda həmin ərazidə yaşayan 15 ailə bu su xəttindən istifadə etmişlər. İddiaçı ona məxsus Daşkəsən rayonu Bayan kəndində yerləşən evinin su xəttinin bərpa edilməsi, Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, evinə gələn su xəttinin bərpa edilməsi və Cavabdeh su xəttinin kəsilməsinə yönəlmiş qanunsuz hərəkətlərə son qoyulmasını tələb etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyizəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 259.1-ci maddəsinə əsasən, əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxs hüquqlarının həyata keçirilməsində maneələrlə qarşılaşarsa, bunların aradan qaldırılması üçün o, vicdanlı sahib ilə eyni hüquqlara malikdir. Həmin Məcəllənin 157.4-ci maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iddia tələbinin evinin su xəttinin bərpa edilməsi hissəsi ilə bağlı qeyd edir ki, işdə olan 12 sentyabr 2022-ci il tarixdə və 20 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş aktlarda da İddiaçı adına olan xüsusi evinin məhləsində olan 25 və 5 tonluq su çənə plastik boru ilə gələn su xəttinin təxminən 5 metirlik məsafəsi 2 yerdən dağıdılaraq su çənindən aralanaraq dağıdılıb kənara atıldığı, başqa boru ilə Cavabdeh yaşayan məhləyə aparıldığı, həmin çənlərə gələn su xəttinin İddiaçı məxsus su çənlərinə gələn plastik boru əvvəlki vəziyyətinə gətirildiyi, kəsilən su xəttinin öz əvvəlki yerinə bərpa olunaraq həmin ailənin yaşadığı evin sakinlərinə təhvil verildiyi göstərilmişdir. Həmçinin yerli baxış zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının evinə gedən su xətti bərpa edilmişdir. Göründüyü kimi, İddiaçı evinə gələn su xətti bərpa edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi evə gələn su xəttinin bərpa edilməsinə dair hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və Cavabdeh su xəttinin kəsilməsinə yönəlmiş qanunsiz hərəkətlərə son qoyulması hissəsi ilə bağlı qeyd edir ki, məhkəməyə təqdim edilmiş aktlardan, həmçinin yerli baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçıya gedən su xətti dəfələrlə kəsilmiş və iddiaçının müraciəti əsasında yenidən bərpa edilmişdir. Bu baxımdan Cavabdeh iddiaçıya məxsus su xəttinin kəsilməsi və suyun verilməsinə maneələrin qoyulması təsdiqini tapmışdır. Cavabdeh həmin su xəttinin ona məxsus fərdi yaşayış evinə getməsini qeyd etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisəli su xətti Daşkəsən rayon Bayan kənd sakinləri X9, X16 və İddiaçı öz vəsaitləri hesabına 2000-ci illərdə X31 ərazisindən özləri üçün içməli su xətti çəkilmişdir. Cavabdeh məxsus evə su xətti isə Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycana pənah gətirib həmin vaxtdan Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmış Azərbaycanlılar üçün Bayan kəndində 6 km-lik məsafədə çəkilmişdir ki, cavabdeh həmin su xəttindən istifadə edə bilər. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı su xəttindən istifadəyə Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalı və Cavabdeh su xəttinin kəsilməsinə yönəlmiş qanunsiz hərəkətlərə son qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 110 manat məbləğində dövlət rüsumunün 80 manatı cavabdehə, 30 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Daşkəsən rayonun Bayan kəndində yerləşən fərdi yaşayış evinə su xəttindən istifadəyə Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın və Cavabdeh su xəttinin kəsilməsinə yönəlmiş qanunsiz hərəkətlərə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar