Məhkəmə qərarları › İş №2(030)-597/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-597/2023

17.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-597/2023 17.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 450 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 450 manat pul vəsaitinin alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə mürcaiət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdikləri üçün məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh onun həmkəndlisidir. Hazırda cavabdeh Daşkəsən rayonu Qızıl mədənində operator vəzifəsində işləyir və 700-800 manat məbləğində əmək haqqı alır. O, isə Daşkəsən rayonu Quşçu kəndində dönərxana işlədir. Cavabdeh hər dəfə gəlib dönər və digər ərzaqlar alaraq pulunu nisyə yazdırmışdır. Hazırda cavabdehin ümumi borcu 450 manat təşkil edir. Dəfələrlə cavabdehdən borcu tələb etsə də, borcu ödəməkdən imtina etmişdir. Bununla bağlı, Daşkəsən rayon Polis şöbəsinə müraciət etmiş, mülki məsələ olduğuna görə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Artıq beş aydır ki, 450 manat borc məbləği ödənilməmiş qalmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 İddiaçı1 ilə eyniməzmunlu izahat verib iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, onun İddiaçı1 380 manat məbləğində borcu vardır və həmin məbləği ödəməkdən imtina etmir. Odur ki, məhkəmədən iddia tələbinin qismən, yəni 380 manata dair hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, işə onun iştirakı olmadan baxılmasını, İddiaçı1 380 manat borcu olduğunu və həmin məbləği ödəməkdən boyun qaçırmadığını, iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları və şahid ifadəsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçılar İddiaçı1 və Məmmədov X1 rayonu Quşçu kəndində yaşayırlar. İddiaçı Məmmədov X2 rayonu Quşçu kəndində dönərxana işlədir. İddiaçı1 Cavabdeh dönər və digər ərzaqlar alaraq pulunu nisyə yazdırdığını və ona 450 manat borcu olduğunu bildirsələr də, Cavabdeh iddiaçılara 380 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi nisyə satılmış dönər məhsulunun pulunun qaytarılması ilə bağlı olduğundan həmin münasibətlərə nisə alqı-satqı münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 671-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh 450 manat məbləğində borcu olduğunu bildirsələr də, bu halı təsdiq edən sübütları məhkəməyə təqdim etməmiş, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Həmçinin İddiaçı2 Cavabdeh ona 450 manat borcunun olduğunu qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. İş üzrə göründüyü kimi, Cavabdeh İddiaçı1 nisyə satılmış dönər məhsuluna görə 380 manat məbləğində borcu olmasını etiraf etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 380 manat pul alınıb İddiaçı1 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25 manatı cavabdehə, 5 manatı isə iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 380 manat borc və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 405 (dörd yüz beş) manat məbləğində pul vəsaiti alınıb İddiaçı1 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar