Məhkəmə qərarları › İş №2(030)-638/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-638/2023

06.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-638/2023 06.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı cavabdehin mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Daşkəsən şəhəri İ.Qayıbov küçəsi, 25 saylı evin 11 saylı mənzilinə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi, 25 saylı evin 11 saylı mənzili tam mülkiyyət hüququ üzrə onun adına qeydə alınmış və hazırda order üzrə mülkiyyətindədir. Cavabdeh X7 onun keçmiş arvadıdır. Bigə nikahlarından iki övladları – X10 və X8 doğulmuşdur. Sonradan cavabdehlə ayrılmış və cavabdeh başqa şəxslə ailə qurmuş, uşaqlar isə onun himayəsində qalmışlar. Bir müddətdən sonra cavabdeh onu Daşkəsən şəhəri İ.Qayıbov küçəsi, 25 saylı evin 11 saylı mənzilinə buraxmadığına görə, cavabdehə qarşı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 2- 45/2006 saylı qiyabi qətnaməsi ilə iddiası təmin olunmuşdur. Lakin hal-hazıradək cavabdeh məhkəmə qətnaməsini icra etməmiş, qeyd edilən mənzili kirayə vermişdir. Şəhid ailəsi olduğu üçün dövlət tərəfindən ona verilən mənzildən imtina etmiş, hazırda cavabdeh qeyd edilən mənzildə yaşayır. Cavabdehin mənzildən istifadə etməməsi onun daimi başqa yaşayış yeri olduğunu göstərir. Cavabdeh ona məxsus mənzildə qeydiyyatda qalmaqla, onun mülkiyyət hüququnu pozur. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Daşkəsən rayon soveti İcrayyə Komitəsinin 12 aprel 1983-cü il tarixli 95 nömrəli Orderinə əsasən, Daşkəsən şəhəri keçmiş 26 Komissar küçəsi 43 saylı mənzil, (indiki İsmət Qayıbov) küçəsi 25 saylı evin 11 saylı mənzili İddiaçı, onun, X9 və X5 verilmişdir. Həmin vaxtdan da hal-hazıradək qeyd edilən mənzildə yaşamışdır. İddiaçı ondan ayrıldıqdan sonra köçüb başqa yaşayış sahəsinə getmişdir. İddiaçı tərəfindən mübahisələndirilən mənzil tək iddiaçının deyilı, onun da mülkiyyətinə verilmişdir. İddia tələbi əsasız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon sovetinin İcrayyə komitəsi tərəfindən verilmiş 12 aprel 1983-cü il tarixli 95 nömrəli orderinin surətindən görünür ki Daşkəsən şəhəri keçmiş 26 Komissar küçəsi 43 saylı mənzil, (indiki İsmət Qayıbov) küçəsi 25 saylı evin ümumi sahəsi 29,7 kv.metr olan 2 otaqlı 11 saylı mənzili İddiaçı, X7, X10 və X5 verilmişdir. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 04 aprel 2006-cı il tarixli 2-45/2006 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı, X10 və X4 Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 25 saylı binanın 11 saylı mənzilə köçürülmələri, iddiaçılar İddiaçı, X10 və X4 cavabdeh X3 qarşı cavabdehin mübahisəli mənzildə olan yaşamaq hüququnun itirilməsi tələbi barədə olan iddiası təmin edilmədən saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 02 noyabr 2023-cü il tarixli 3-21-3-33/2-10316/2023 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil özəlləşməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Daşkəsən rayon sovetinin İcrayyə komitəsinin 12 aprel 1983-cü il tarixli 95 nömrəli orderinə əsasən Daşkəsən şəhəri 26 Komissar (İsmət Qayıbov) küçəsi 25 saylı evin ümumi sahəsi 29,7 kv.metr olan 2 otaqlı 11 saylı mənzili İddiaçı, X7, X10 və X5 verilmişdir. Mənzilə dair İddiaçı və cavabdeh X1, istifadə və sərəncam hüquqlarının həyata keçirmək səlahiyyətinə malikdir. Qeyd edilən mənzil özəlləşməmişdir. İddiaçı cavabdeh X2 Daşkəsən şəhəri İ.Qayıbov küçəsi, 25 saylı evin 11 saylı mənzilində yaşamadığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh X7 1983-cü ildən order əsasında mübahisəli mənzildə yaşamışdır. Həmin vaxt 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olmuşdur və həmin münasibətlərə həmin məcəllənin müddəaları şamil edilməlidir. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabrın 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna dövlət mənzil fondu, ictimai mənzil fondu, mənzil-tikinti kooperativləri fondu və fərdi mənzil fondu daxildir. Fərdi yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəllənin 123-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsinə göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarının köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı(əri), onların uşaqları və valideynləri, həmçinin icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsindən yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə hesab edir ki, Daşkəsən rayon sovetinin İcrayyə komitəsinin 12 aprel 1983-cü il tarixli 95 nömrəli Orderə əsasən Daşkəsən şəhəri Qafan (hazırki Babək) küçəsi 1 nömrəli evin 2 nömrəli 29,5 kv.metr mənzili Daşkəsən şəhəri 26 Komissar (İsmət Qayıbov) küçəsi 25 saylı evin ümumi sahəsi 29,7 kv.metr olan 2 otaqlı 11 saylı mənzili İddiaçı, X7, X10 və X5 verildiyindən onun mübahisəli mənzildə istifadə hüququ və gələcəkdə öz payına münasibətdə gözlənilən mülkiyyət hüququ vardır. İddiaçı cavabdehin mübahisəli mənzildə yaşamadığını qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı cavabdeh X3 qarşı cavabdehin mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar