Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-641/2023 01.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızıllarının və ya onların dəyəri olan 8000 manat pulun, ona vurulmuş maddi və mənəvi ziyana görə 2000 manat məbləğində pulun və ödənilmiş 105 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Münasibətləri həmişə yaxşı olmuşdur. 2022-ci ilin aprel ayında Cavabdeh ona yaxınlaşaraq “Araz” marketdə işlədiyini, aldığı əmək haqqını başqa yerə xərcləmək istəmədiyini, ona qızıl-zinət əşyası gətirməyini, hər ay pulunu hissə-hissə ödəyərək 2022-ci ilin dekabr ayına kimi tam şəkildə qaytaracağını” bildirmişdir. O, da cavabdehin səmimiliyinə və uzun müddətdir ki, tanıdığına görə 2022-ci ilin aprel ayından başlayaraq müxtəlif vaxtlarda cavabdehə qızıl-zinət əşyaları satmışdır. Cavabdeh 2022-ci ilin oktyabr ayınadək borc məbləğində hissə-hissə ödəniş etsə də, sonradan ödənişləri dayandırmışdır. Hazırda cavabdehin ona 8000 manat məbləğində borcu qalmışdır. Dəfələrlə cavabdehdən pulu geri tələb etsə də, cavabdeh borcu ödəməkdən yayınmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı 75 qram çəkidə qıızl-zinət əşyaları satın almışdır. 59,5 qram çəkidə qızılın qramı 120 manata, 15,5 qram çəkidə olan komplektin qramı 130 manata razılıq əsasında almışdır. Həmin qızılların pulundan 1950 manat ödəniş etmişdir. Qalan borc məbləğini isə işləmədiyi üçün ödəyə bilməmişdir. Məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon polis şöbəsinin təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X1 06 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, toplanmış MK-1/758 nömrəli material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh İddiaçı 2022-ci ilin aprel ayından qramı 100 manatdan 3 ədəd qızıl boyun zənciri, 1 ədədi 15 qram olmaqla, cəmi 45 qram, 1 ədədi 10 qram (pandora) dəsti və 1 ədəd 15 qram (reket) qızıl boyunbağını nisyə almışdır. Onun Gülnarəyə 7000 manat borcu olmuş, Borc məbləğindən müxtəlif vaxtlarda hissə-hissə ödəniş etmiş, ümumilikdə onun Gülnarəyə 5050 manat borcu qalmışdır. İşə əlavə edilmiş 02 may 2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçın tərəfindən cəmi 105 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, İddiaçı 75 qram çəkidə qızıl almışdır. 59,5 qram qızılın qramını 120 manatdan, 15,5 qram çəkidə olan komplekt dəstinin qramını 130 manatdan razılıq əsasında almışdır. Həmin qızılların pulundan 1950 manat ödəmişdir. Borcun qalan hissəsini isə işləmədiyi üçün qaytara bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh tanıdığı üçün ümumi çəkisi 75 qram olan 59,5 qram çəkidə qızılın bir qramını 120 manata, 15,5 qram çəkidə olan komplektin bir qramı 130 manata razılıq əsasında satmışdır. Cavabdeh 2022-ci ilin oktyabr ayınadək borc məbləğində hissə-hissə ödəniş etsə də, sonradan ödənişləri dayandırmışdır. Hal-hazırda iddiaçı cavabdehin ona 8000 manat məbləğində borcu qaldığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı 75 qram çəkidə qızıl-zinət əşyalarını- 59,5 qram çəkidə qızılın qramını 120 manata, 15,5 qram çəkidə olan komplektin qramını 130 manata razılıq əsasında aldığını, həmin qızılların pulundan 1950 manat ödəniş etdiyini, qalan borcu maddi imkansızlıqdan qaytara bilmədiyini etiraf etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş üzrə göründüyü kimi, Cavabdeh İddiaçı 59,5 qram çəkidə qızılın qramını 120 manata, 15,5 qram çəkidə olan komplektin qramını 130 manata razılıq əsasında almışdır. Cavabdehin 59,5 qram çəkidə qızıla görə 7140 manat, 15,5 qram çəkidə olan komplektə görə 2015 manat, cəmi 9155 manat borcu yaranmış, həmin borcdan 1950 manat ödəmiş, 7205 manat borcu qalmışdır. Hazırda Cavabdeh İddiaçı 7205 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 671-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İddiaçı Cavabdeh 8000 manat məbləğində pul tələb etsə də, Cavabdeh ona 8000 manat məbləğində borcu olmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də, məhkəmə tədqiqatı müddətində təqdim etməmiş, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7205 manat pul məbləği alınıb İddiaçı verilməlidir. İddiaçı Cavabdeh maddi və mənəvi ziyana görə 2000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. Belə ki, iddia tələbinin maddi və mənəvi zərər hissəsinin həlli üçün məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İddiaçı cavabdehdən 2000 manat məbləğində maddi və mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 2000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbinin 2000 manat mənəvi zərərin məbləği hissəsinə dair hər hansı sübutla əsaslandırmadığından, iddia tələbi Cavabdeh maddi və mənəvi ziyana görə 2000 manat məbləğində pulun alınıb ona verilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun 75 manatı cavabdehdən alınıb iddiaçıya verilməli, 30 manatı iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7205 (yeddi min iki yüz beş) manat əsas borc və ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu olmaqla, cəmi 7280 (yeddi min iki yüz səksən) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-641/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-641/2023
01.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver