Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-7/2024 04.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat və ödənilmiş 35 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, o, obyektinin tikintisinin aparılması üçün Cavabdeh ilə razılaşmışdır. O, cavabdehə tikilinin beton aralıqlarının qoyulması üçün 11x11 ölçüdə hörgü hörməsini tapşırmışdır. Cavabdeh hörgünü hörməyə və götürdüyü işin müqabilində ondan 630 manat almışdır. Həmin hörgünün üstünə beton panellər qoyularkən cavabdehin öhdəsinə götürdüyü işi layiqincə yerinə yetirmədiyi, yəni hörgünün 11 x 11 metr deyil, 11 x 10 metr ölçüdə tikildiyi məlum olmuşdur. Odur ki, həmin beton panellər yenidən qaytarılaraq yerə tökülmüşdür. Cavbadehə apardığı hörgünün sökərək yenidən layihəyə uyğun tikilməsini təklif etsə də, cavabdeh nə səhvini düzəltməmiş, nə də ki, pulunu geri qaytarmamışdır. Eyni zamanda, cavabdehin təqsiri üzündən onun inşaat materiallarının zay olması səbəbindən ona 900 manat zərər dəymişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 2012-ci il tarixli 633 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri Cavadxan qəsəbəsindən 400,0 kv.m torpaq sahəsində X1 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamsına və işin fakitki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 756.1-ci maddəsinə görə, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə görə, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd edilən normaların məzmunundan göründüyü kimi podrat müqaviləsinə görə öhdəlik borclunun kreditor qarşısında iş görməsindən və görülmüş işin nəticəsinin təhvil verilməsindən irəli gəlir. Podrat müqaviləsində müqavilənin predmeti müqavilə bağlanan anda mövcud olmur. Qarşı tərəfə verilməli olan məhsulu podratçı öz əməyi və ya fəaliyyəti ilə sonrakı mərhələdə yaradır. Podratçı sifarişçinin tapşırığı ilə müəyyən olunmuş müddət ərzində işlər görür və görülmüş işlərin maddi vəziyyətə gətirilimiş nəticəsini sifarişçiyə təhvil verir. Göründüyü kimi podrat müqaviləsindən irəli gələn öhdəlik həm əmlak mübadiləsini, həm də əmlakın yaradılması üçün podratçının iş fəaliyyətini ehtiva etmişdir. Mübahisənin vəziyyətindən məlum olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliyini lazımınca icra etdiyini, cavabdehin isə işi qüsurlu icra etdiyini bildirir. Belə olan vəziyyətdə İddiaçı tikilinin hansı qaydada aparılmasının cavabdehə sifariş verməsini, cavabdeh tərəfindən görülmüş işlərin həmin sifarişə uyğun olmayan qaydada aparılmasını, yəni qüsurlu icra etməsini, həmçinin görülən iş müqabilində muzdun ödənilməsini, o cümlədən əvvəlcədən ödəmiş olmasını sübuta yetirilməlidir. Əvvəlcədən ödənilmiş olmasını məhkəmə ona görə xüsusi olaraq qeyd edir ki, əgər iş qüsurlu icra edilmişdirsə və görülən iş iddiaçını qane etməmişdirsə iddiaçı cavabdehə muzd ödəməyə də bilərdi. Əgər muzd iş başa çatdırıldıqdan sonra ödənilmişdirsə, bu, görülən işlə bağlı razılığın əlamətidir. Yuxarıda qeyd edildiyi kimi sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilən maddənin tələbindən göründüyü kimi iddiaçı iddia tələbini əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçı bu öhdəliyini yerinə yetirmirsə iddia tələbi bu əsasla təmin olunmur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün 35 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-7/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-7/2024
04.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver