Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-105/2024 05.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7000 manat əsas pulun, 1000 manat mənəvi zərərin və 102 manat dövlət rüsumunun, cəmi 8102 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin MKTB-də dalandar (süpürgəçi) işləyir. 2021-ci ildə Bakı şəhəri Neftçilər metrosu yaxınlığında yerləşən kafedə müdir işləyən Cavabdeh ilə tanış olmuş və onun Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində torpaq sahəsi satmasını bilmişdir. Cavabdehlə danışmış və onun göstərdiyi ərazidə - Bakıxanov və Qaraçuxur qəsəbələrinin kəsişməsində yerləşən 1 sot torpaq sahəsini 7.000 manata almağa razılaşmışlar. 2021-ci ilin avqust ayında bankdan kredit götürmüş və cavabdehin Nefçilər metrosu yaxınlığında yerləşən kafesində ona 7.000 manat pul vermiş, lakin sonradan bilmişdir ki, cavabdehin ona göstərdiyi torpaq sahəsinə sənədi yoxdur. Buna görə də cavabdehin onu aldatdığını başa düşüb ondan 7.000 manatı tələb etməyə başlamışdır. Cavabdeh pulu qaytarmadığına görə Bakı şəhəri 24 saylı polis bölməsinə müraciət etmiş, cavabdeh əməllərini və ona borcu olmasını qismən etiraf etmişdir. Lakin pulunu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehə 7000 manat məbləğində pul vermiş, cavabdeh həmin puldan 350 manat qaytarmış, yerdə qalan pulu isə qaytarmamışdır. Bu səbəbdən 6650 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçıdan 5800 manat pul almış, həmin puldan 100 manat qaytarmışdır. Lakin o, dəfələrlə ona və yoldaşına hissə-hissə pul vermişdir, 2300 manat məbləğində pulu qaytarmışdır. Lakin pulun qaytarılmasını təsdiqləyən heç bir sübutu yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Ramil Mehdiyevin cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaşa mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 102 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Sübutların əsas xüsusiyyətlərindən biri onların mötəbərliyi olmaqla, həmin Məcəllənin 389-cu maddəsinə əsasən qeyri-mötəbər sübutlara istinad edilməsi məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut olunmaması kimi qiymətləndirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 5800 manat məbləğində pul almış və cavabdeh bunu etiraf etmişdir. Deməli, bu fakt iddiaçını 5800 manat məbləğində pulun cavabdehə verilməsini sübut etmək vəzifəsindən azad edir. Məhkəmə iclasında, həmçinin müəyyən olundu ki, Cavabdeh İddiaçı 350 manat məbləğində pulu qaytarmış və iddiaçı bunu etiraf etmişdir. Deməli, bu fakt cavabdehi 350 manat məbləğində pulun iddiaçıya qaytarılmasını sübut etmək vəzifəsindən azad edir. Beləliklə, cavabdehin hazırda iddiaçıya 5450 manat (5800m – 350m) borcunun olması tərəflərin izahatı və cinayət işi başlanmasının rədd edilməsi barədə qərarla təsdiq olunur. Belə ki, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Ramil Mehdiyevin cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarında Cavabdeh izahat verərək bildirmişdir ki, 2021-ci ilin sonlarında iddiaçı ona müraciət edərək torpaq almaq istədiyini bildirmiş və o özünə məxsus torpaq sahəsini İddiaçı göstərmiş və sonuncu torpaq sahəsi müqabilində ona 5800 manat pul vəsaitini vermişdir. Təxminən 4-5 ay sonra Lalə ondan pulun qaytarılmasını xahiş etmiş və onlar pulun hissə-hissə qaytarılmasına razılaşmışlar. Bundan sonra o 2300 manat pulu nağd qaytarmış və hər ay kredit faizindən 342 manat pul vəsaitini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanun normalarının tələbinə görə borc verən şəxs, borc alan onun aldığı pulu qaytarmadıqda, bununla onun hesabına əsassız varlanıb, ona zərər vurduqda, həmin zərərin, həmçinin onun pul vəsaitini qanunsuz saxladıqda, onu qaytarmaqdan boyun qaçırdıqda, onun ödənilməsini digər şəkildə gecikdirdikdə, pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalandıqda, qanunda nəzərdə tutulmuş halda və məbləğdə faizləri borcludan tələb edə bilər. Təbii ki, qanuna görə bu tələbin əsaslılığını sübut etmə vəzifəsi də iddiaçının üzərinə düşür. Qanun normasının mənasına görə iddiaçı cavabdehin ondan aldığı pulu qaytarmadığı şəraitdə, onun hesabına əsassız varlanmaqla ona tələb edilən məbləğdə maddi zərər yetirməsini, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaranmasını, zərərlə cavabdehin qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin olmasını və zərər vurulmasında cavabdehin təqsirli olmasını sübut etməlidir. Göründüyü kimi, məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək İddiaçı pul götürülməsi faktını təsdiq etmiş, lakin həmin pul vəsaitinin sonuncuya qaytarılmasına dəlalət edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı iddiaçı cavabdehin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5450 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 102 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5450 (beş min dörd yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 102 (yüz iki) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-105/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-105/2024
05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver