Məhkəmə qərarları › İş №2(031)-337/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-337/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-337/2021 25.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı1, İddiaçı2 Məmmədəli oğlunun və İddiaçı3 NÜMAYƏNDƏ VƏ VƏKİL: Vəkil CAVABDEH: Cavabdeh qarşı Maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh alınaraq, cavabdehin qəsdən təkrarlanan qanunsuz hərəkətləri nəticəsində dəymiş 1500 (bir min beş yüz) manat məhv edilmiş əkin sahəsinə çəkilmiş xərclərə görə maddi, 3000 (üç min) manat əldən çıxmış faydanın, 3000 (üç min) manat mənəvi zərərin, 300 (üç yüz) manat hüquqi xidmətlərə görə ödənilmiş vəsaitin və 30 manat dövlət rüsumunun, cəmi 7830 (yeddi min səkkiz yüz otuz) manat alınaraq, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında ayrı-ayrılıqda iddianı müdafiə edərək bildirdilər ki, Azərbaycanda kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən birini də dənli bitkilərin tədarükü təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir. Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafı sahəsində işlər görülür: Bu məqsədlə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı qəbul edilmiş və Proqramın icrasına dövlət tərəfindən nəzarət edilir. Şəxsi mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı, əkin məqsədli torpaq sahəsində arpa yetişdirilir. Əkin sahəsindən bol məhsul əldə edilməsi üçün toxum səpini vaxtında aparılmış, eləcə də təbii iqlim şəraiti nəzərə alınaraq, səpin üçün hər hektara 200 (iki yüz) kg daha məhsuldar arpa sortu alınaraq istifadə olunmuşdur. Öz vəsaiti hesabına şumlama, malalama işləri aparılmış, əkin sahəsinə gəmiricilərə qarşı dərman səpilmiş, məhsuldarlığın artırılması üçün gübrə verilmiş, ancaq suvarma işləri aparılmamışdır. Lakin əkin sahəsində həyata keçirilmiş bütün zəhmətləri Şabran rayonu Qarabağlar qəsəbəsində məskunlaşmış Cavabdeh nəticəsiz qoymuşdur. Belə ki, o, özünə məxsus iribuynuzlu mal-qaranı sürü ilə qəsdən keyfiyyətli məhsul gözlənilən sahədə, xüsusilə gecə saatlarında mütəmadi otardığı üçün əkin zəmisinin xeyli hissəsi tapdalanaraq yararsız hala salınmış və cəzasız qaldığı üçün öz yaramaz əməllərini davam etdirməkdədir. Cavabdeh ilə aparılmış çoxsaylı profilaktik söhbətləri müsbət nəticəsi olmamışdır. Cavabdehin qanunsuz əməlləri ilə əlaqədar hüquq mühafizə orqanlarına dəfələrlə müraciətləri olmuşdur. Bundan əvvəlki ildə də Şabran Rayon Məhkəməsinə müraciətləri olsa da, təsərrüfatla məşğul olduğlarına görə iddia tələblərini məhkəmədə müdafiə etmək imkanları məhdud olmuşdur. Mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Cavabdehin qanunsuz əməlləri bu gün də davam etməkdədir ki, bu da torpaq mülkiyyətçilərinin mənəvi sarsıntı və iztirab çəkməsi ilə nəticələnir. Dəymiş ziyanın miqyasını müəyyən edilməsi üçün X8 İnkişaf Mərkəzinə sorğu göndərilmişdir. Mərkəzin mütəxəssislərinin əkin yerlərinə baxış keçirdikdən sonra tərtib etdikləri akta əsasən sahənin sürü halında iribuynuzlu mallar tərəfindən yeyilməsi, əzilməsi və tapdalanması müşahidə edilmişdir. Xahiş edirlər, Cavabdeh alınaraq, cavabdehin qəsdən təkrarlanan qanunsuz hərəkətləri nəticəsində dəymiş 1500 (bir min beş yüz) manat məhv edilmiş əkin sahəsinə çəkilmiş xərclərə görə maddi, 3000 (üç min) manat əldən çıxmış faydanın, 3000 (üç min) manat mənəvi zərərin, 300 (üç yüz) manat hüquqi xidmətlərə görə ödənilmiş vəsaitin və 30 manat dövlət rüsumunun, cəmi 7830 (yeddi min səkkiz yüz otuz) manat alınaraq, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi barədə qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi vəkili Vəkil məhkəmə iclasında iddiaçılarla eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, əslən Cəbrayıl rayonundadır. Şabran rayonunda məskunlaşmışdır. Şabran rayonu Güləmli kəndi sakinləri Cavanşir, Yavər, Məsim adlı qardaşlarının ona qarşı iddia ərizələri tam əsassızdır və düşmənçılıq xarakteri daşıyır, ona görə ki, 2020-ci ildə də ona qarşı məhkəmədə iddia ərizəsi qaldırmışdılar. Onların ondan nə isdədiklərini bilmir. Cavanşir qardaşlarının özlərinə məxsus torpaq sahələri qəsəbədən 1km-dən az ərazidə yerləşir. Onların torpağının bir tərəfi dəmir yolu, bir tərəfi taxta körpü çay deyilən ərazidən Siyəzən rayonunun Gilgilçay kəndi ilə, bir tərəfi Qarabağlı qəsəbəsi ilə qonşudur. Bu ərazi Gilan şirkətinə məxsus olan 90 h-lıq ərazidir. O cümlədən onların qaçqın və məcburi köçkünlərə 1-hektarı ailə üzvilərinə verilmişdir. Qaçqın və məcburi köçkünlər bu yerdə ot yeri saxlamaqla arpa əkməklə şəxsi iri buynuzlu və xırda buynuzlu mal saxlayırlar. Ona görə də onun şəxsi mal qovunu o istiqamətdə heç bir vaxt olmur. Ona məxsus olan mal heyvanlar Şabran rayonunun Əmirxanlı kəndinə məxsus Quba rayonunun Buduğ kəndi ilə Siyəzən rayonunun Gilgilçay ərazisinə qonşu olan Bakıya təzə yol salınmış istiqamətin alt tərəfində olur. Ona görə də onun heyvanlarının orda otlamağına ehtiyac olmur. Hal hazırda onun 70- hektara yaxın ot sahəsi var. Yağış yağmadığına görə şoran olduğuna görə məhsuldarlıq çox zəifdir. Bunları nəzərə alaraq bildirir ki, 15-20 noyabr 2020-ci tarixdə Quba rayonunun Buduğ kənd sakini Qumalatın oğlu Əfqan onun mallarını sürərək Siyəzən rayonu Gilgilçay ərazisinə keçirmişdir. Onun malları çay qırağından keçərək qəsəbəyə gəlmək məqsədi ilə Cavanşirgilin yerinə keçmişdir. Qəsəbə sakini qoyun otaran X6 telefonla zəng vurub ona bildirmişdir ki, sənin malların Cavanşirgilin əkininin yanındadır. Cavanşirin uşaqları malları sürərək qəsəbəyə tərəf gətirmişdilər o, da qəsəbənin yaxınında görmuş və o vaxt onun yanında qəsəbə sakinləri Vəli, Əlkömək, Təyyar, Cavanşirin oğlu və qardaşı oğlu var idi. O, Cavanşirin uşaqlarına bildirmişdir ki, onun mallarını sürüb o istiqamətə gətiriblər. O, bütün günü mallarını axtarmışdır. Buna baxmayaraq, onlar onunla razılaşmayıb artıq əksik söhbətlər etmişdilər. Bu hadisələrin dalınca 01.01.2021 tarixində təkrar olaraq yenə də, Qumalatın oğlu Əfqan qara atla onun mallarını Şabran rayonunun Əmirxanlı kəndinə məxsus olan torpaqdan çıxardaraq Siyəzən Gilgilçay ərazisinə sürmüşdür. Mallar evə gəlmək məqsədi üçün yenə məcburi Cavanşirgilin yerinə düşmüşdür. O, malları axdaranda və həmin istiqamətdə gedən vaxt sonralar tanıdığı Gilgilçay naxırına gedən Samir adlı oğlan və yanında orta yaşlı Zöhrab kişi var idi. Samir ona bildirmişdir ki, Qumalatın oğlu sənin mallarını sürüb Cavanşirin yerinə keçirtdi. O, qoyunları qaytarıb çay yuxarına məcburi qayıtmışdır. Sonra qoyunları çaydan keçirdərək görmüşdür ki, mallar Cavanşirgilin əkinindədir. O, qoyunları buraxıb məcburi qaydada getmiş malları oradan çıxardan vaxt Cavanşir və qardaşı Məsimin maşınla gəldiyini görmüşdür. Bu an Cavanşir ona küçə söyüşləri söyməyə başlamış və üstünə bıçaq çəkib onu vurmaq istəmişdir. Onların aralarına qardaşı Məsim girdi ayırmışdır. Onun da əlində ağac olmuşdur. O, onlara and içib bildirmişdir ki, sizin torağa birinci dəfədir ki ayaqım dəyib. Onların səslərinə yaxınlıqda olan Gilgilçay naxırçısı Samir çaya yaxın gəlib bildirmişdir ki, Məhəmməd kişinin mallarını Qumalatın oğlu gətirib. Bunlar yenə onunla razılaşmamışdılar. Sonradan onu məhkəməyə veriblər və o, bu barədə 31.03.2021-ci il tarixində bilmişdir. Məhkəmə gedişatında bilmişdir ki, bu torpaqlar 1997-ci ildə iddiaçılara verilib, ancaq onlar 2007-ci ildə qəsəbəyə köçmüşlər. Onlar bu torpaqlardan istifadə etməyiblər. Ancaq 2 ildirki bu torpaqdan istifadə edirlər və bu 2 ildə ancaq onu polisə, məhkəməyə verməklə məşquldular. Onlar isə torpaq becərmək yox, kimisə şərləmək hesabna varlanmaq istəyirlər. Onun artıq imkanı yoxdur ki, Cavanşirgilin torpaqını münbitləşdirsin və öz halal qazancını onlara verməyi özünə ölüm bilir və xahiş edir ki, onun dedikləri nəzərə alınsın. İddiaçıların dedikləri tam əsassızdır. Məhkəmə iclasında verilmiş suallara cavabında Cavabdeh bildirmişdir ki, onlar məcburi qaçqın kimi 2007-ci ildə həmin yerə köçmüşlər. O, kənd təsərrüfatı mütəxəsisidir. Onun özünün 40-a yaxın iri buynuzlu, 200-ə qədər xırda buynuzlu mal qarası var. Özünün də örüş yeri vardır. Həqiqətən də, 22 noyabr 2020-ci il tarixdə Qumalatın oğlu onun 15-20 baş iri buynuzlu heyvanlarını özünün örüş yerindən çıxarıb gətirib iddiaçıların arpa sahəsinə salıb. 01.01.2021-ci il tarixdə də, yenə də Qumalatın oğlu onun 20-25 baş iri buynuzlu heyvanlarını aparıb iddiaçıların torpaq sahəsinə salmışdır. Beləliklə, onun təsərrüfatında olan 20-25 baş iri buynuzlu heyvanları 2 dəfə iddiaçıların mülkiyyətində olan əkin sahəsinə girmişlər. Ancaq heyvanları özü qəsdlə həmin yerə aparmamışdır. Samir adlı şəxs də ona demişdir ki, Qumalatın oğlu onun heyvanlarını aparıb həmin yerə salmışdır. Özü kənd təsərrüfatı sahəsində uzun müddətdir ki, çalışır. Bu sahənin mütəxəssisidir. Heyvanların girib çıxması sahəyə onların göstərdikləri qədər ziyanlıq vura bilməz. İddiaçılar arpa sahəsini sulamamışdır. Eləcə də, 1 ha torpaq sahəsinə 200 kq deyil, 180 kq, maksimum 190 kq arpa səpilir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərdi ki, İddiaçı1 və İddiaçı2 onun dayılarıdır. Cavabdeh da tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2020-ci ildə Məhəmmədin heyvanları onun əkin sahəsinə girib ona ziyan vurmuşdur. Bununla bağlı məhkəməyə ərizə vermişdir. Lakin, məhkəmənin məsləhəti ilə o, ərizəsini geri götürmüşdür. Bu dəfə də Məhəmmədin iri və xırda buynuzlu heyvanları dayılarının torpaq sahələrinə girmişdir. Dəfələrlə Məhəmmədin heyvanlarını onların torpaq sahəsinə girməsini görmüşdür. Məhəmmədin iri və xırda buynuzlu heyvanları onların torpaq sahələrinə mütəmadi olaraq girib əkin sahələrinə ziyan vurmuşdur. Hektarına 200 kq olmaqla arpa əkilmiş, nə qədər xərc çəkilmiş sahəni onun heyvanları məhv etmişdir. 22.11.2020-ci il tarixdə o, özü şəxsən Məhəmmədin heyvanlarını dayılarının arpa sahəsindən çırtmışdır. Məhəmməd o zaman ona demişdir ki, heyvanları nəzarətsiz qalıb ora girmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 göstərdi ki, İddiaçı1 onun atasıdır. Atasıgil kq 70 qəpikdən 1.06 ton toxumluq arpa alıb sahəyə səpmişlər. Məhəmmədin heyvanları onların torpaq sahəsinə girib sahəni məhv etmişlər. Həmin malları 1-ci dəfə noyabr ayının 22-də Cəfərsadıqın iştirakı ilə, 2-ci dəfə isə təxminən 20 gün sonra Cahangirin iştirakı ilə çıxarmışlar. Torpaq sahəsinə 3-4 camış, 14-15 baş inək-dana heyvanlarının girdiyini görüb həmin malları oradan çıxarıb qəsəbəyə gətirmişlər. Qəsəbədə onları Vəli, Əlkömək qarşılamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X4 oğlu göstərdi ki, yanvar ayının 01də dəmir yolçuları ona zəng vurub demişlər ki, torpaq sahənizdə heyvan otarırlar. O, da torpaq sahəsinə getmiş, orada təxminən 20-25 baş heyvapnın olduğunu görmüşdür. Mallar torpaq sahəsinə girdiyi üçün Məhəmmədlə Məsim mübahisə etmişlər. Torpaq sahəsindən malları çıxarmadıqlarını görüb, özü həmin malları torpaq sahəsindən çıxarmışdır. Məhəmməd deyirdi ki, Qumalatın oğlu malları sürüb onların torpaq sahəsinə salmışdır, özü salmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 göstərdi ki, o, 2007-ci ildən həmin qəsəbədə yaşayır. O, noyabrın 22-də qoyun növbəsində olmuşdur. Həmin vaxt Cavanşirin əkin sahəsinə malların girdiyini görmüşdür. Dərhal Məhəmmədə zəng edərək mallarının əkin sahəsinə girdiyi barədə məlumat vermişdir. Məhəmməd malların yanına gəlmiş, həmin vaxt oraya Xəqani də gəlib çıxmışdır. Onlar malları əkin sahəsindən çıxarmışlar. O, uzaqda olduğundan malları gedib çıxara bilməmişdir. Təxminən əkin sahəsinə 10-20 baş heyvanın girdiyini görmüşdür. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********05, qeydiyyat tarixi 17.11.2020-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Şabran şəhəri ərazisində yerləşən 4.19 ha torpaq sahəsi İddiaçı3 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0542 Kod 30401004 olan Dövlət Aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 12 sentyabr 2000ci il tarixli 06 saylı qərarına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə 2.29 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0543 Kod 30401004 olan Dövlət Aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahatı Komissiyasının 12 sentyabr 2000ci il tarixli 06 saylı qərarına əsasən İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə 1.52 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş X8 İnkişaf Mərkəzi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli aktdan görünür ki, təsərrüfat sahiblərinin (mülkiyyətçilər) iştirakı ilə ərizəyə baxış zamanı əkin sahəsində iri və xırda buynuzlu heyvanların kütləvi ayaq izləri müşahidə olundu. Bunun nəticəsində ərazinin 25%-nin yeyilməsi və tapdalanması müşahidə edilmişdir. Aktın doğruluğunu R.Mürsəlov, V.Ağamalıyev, İddiaçı1, İddiaçı2 və İddiaçı3 öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş «xxxx» MMC tərəfindən Vəkil ünvanlanmış 18 mart 2021-ci il tarixli 21 saylı arayışdan görünür ki, cari ilin bu günü «xxxx» MMC-nin ərazisində satılan toxumluq arpa 0.70, arpa dəni isə 0.50 qəpik təşkil edir. İşə əlavə edilmiş Şabran rayon Statistika İdarəsi tərəfindən verilmiş 09 aprel 2021ci il tarixli 32 saylı sorğuya cavab məktubundan görünür ki, 1 ha torpaq sahəsində arpa bitkisinin məhsuldarlığı 0.20 se/ha, 1 ha torpaq sahəsində şumlama xərci-35-40 manat, 1 ha torpaq sahəsində malalama xərci-20-24 manat, 1 ha torpaq sahəsində səpin xərci-18- 20 manat, 1 ha torpaq sahəsində dərmanlama xərci-10 manat, 1 ha torpaq sahəsində suvarma xərci-20 manat, 1 kq arpanın alış qiyməti (toxumluq)-0.70 qəpik, 1 kq arpanın pərakəndə orta bazar satış qiyməti – 0.40 qəpik təşkil edir. İşə əlavə edilmiş 03 mart 2021-ci il tarixli Hüquqi yardımın göstərilməsi haqqında 09 saylı müqavilədən görünür ki, İddiaçı1, İddiaçı2 Məmmədəli oğlu, İddiaçı3 hüquqi yardıma görə Vəkil 300 manat məbləğində pul ödəmişlər. İşə əlavə edilmiş Şabran rayon Polis Şöbəsi tərəfindən İddiaçı1 ünvanlanmış məktubdan görünür ki, 08.01.2021-ci il tarixdə Şabran RPŞ-nə ünvanlanmış ərizə ilə əlaqədar olaraq, Şabran RPŞ-də araşdırma aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə heç bir cinayət və inzibati xəta tərkibi olmadığından toplanmış material RPŞ-də işə alınmış, eləcə də müraciət mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət edilməsi izah edilmişdir. İşə əlavə edilmiş Qarabağlı sakinləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, qəsəbə sakini Cavabdeh aid olan şəxsi mal-qoyun, 90 ha deyilən yerdə heç kim görməyib. Bunu Güləmli kənd samaatı təsdiq edə bilər. Gilgilçay camaatı da təsdiq edə bilər. Cavabdeh məxsus olan mal-qara heç vaxt o ərazidə olmamışdır. Aktın doğruluğunu Ə.Quliyev, İ.Quliyev, V.Qarayev, Q.Muxtarov, B.Rzayev, V.Məmmədov öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh məhkəmə iclasında təsərrüfatında olan heyvanlarının iddiaçıların mülkiyyətində olan arpa sahəsinə özü tərəfindən deyil, başqası tərəfindən salınmasını bildirməsini məhkəmə onun heyvanlarının vurduğu zərərə görə məsuliyyət daşıdığını və bunu ona qarşı tələbin təmininə əsas verən hallardan biri kimi qiymətləndirir. Belə ki, Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 21 və 23 maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31 may 2002 il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi neymətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir…» İddiaçılar cavabdehin hərəkətləri nəticəsində hər hansı sarsıntı, iztirab keçirmələrini təsdiq edən sübut təqdim etməmişdilər. Mülki Məcəllənin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında dindirilmiş tərəflərin və şahidlərin izahatlarından, iş materiallarında olan əraziyə çəkliş video diskindən, foto şəkillərdən və mütəxəssis rəylərindən görünür ki, Cavabdeh təsərrüfatında olan 15-25 baş iri buynuzlu heyvanları mütəmadi olaraq iddiaçıların mülkiyyətində olan əkilmiş arpa sahəsinə girmişdir. İddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində biri-birinə bitişik cəmi 8 hektar torpaq sahəsi vardır. 8 hektar arpa sahəsinin 25%-ni Cavabdeh heyvanları yararsız vəziyyətə salmışlar. Belə halda, iddiaçılara vurulmuş ziyanın məbləği hesablanmaqla, 1 ha torpaq sahəsində şumlama xərci 37 manat (8 ha x 37=296 manat), 1 ha torpaq sahəsində malalama xərci 22 manat (8 ha x 22 =176 manat), 1 ha torpaq sahəsində səpin xərci 19 manat (8 ha x 19 = 152 manat), 1 ha torpaq sahəsində dərmanlama xərci 10 manat (8 ha x 10 =80 manat) olmaqla, Toxumluq arpanın 1 kq-mı 70 qəpik olmaqla , 1 ha torpaq sahəsinə 190 kq arpa səpilməsi nəzərə alınmaqla, 190 kq x 70 qəp. =133 manat, (8 ha x 133 manat = 1064 manat), cəmi 1768 manat təşkil edir ki, onun da 25 %-ni hesablayıb çıxmaqla 442 manat olması müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslərin tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prossdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır: 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır: 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır: 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətdiq edilir. İddiaçılar əldən çıxmış faydaya görə cavabdehdən pul tələbi barədə heç bir sübuta əsaslanmamışlar. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış, tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara, o cümlədən cavabdeh tərəfin iddianı qismən qəbul etməsinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 442 (dörd yüz qırx iki) manat məbləğində maddi ziyan, 300 (üç yüz) manat hüquqi xidmətlərə görə ödənilmiş vəsait və 30 manat dövlət rüsumu alınaraq, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 442 (dörd yüz qırx iki) manat məbləğində maddi ziyan, 300 (üç yüz) manat hüquqi xidmətlərə görə ödənilmiş vəsait və 30 manat dövlət rüsumu alınaraq, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar