Məhkəmə qərarları › İş №2(031)-42/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-42/2020

14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-42/2020 14.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı NÜMAYƏNDƏ: X2 CAVABDEH: Cavabdeh qarşı NÜMAYƏNDƏ VƏ VƏKİL: X7 Borcun qaytarılması və vurulan mənəvi zərərin ödənilməsi tələbi barədə ilkin iddia, əmlak bölgüsü və pul tələbi barədə qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq «xxxxxxxxxxxx» ASC-yə olan borcun yarısı yəni 5262 (beş min iki yüz altmış iki) AZN məbləğinin (Kapitalbank ASC-yə ödənilməsi üçün), nikahdan əvvəl cavabdehə verdiyi 3000 (üç min) ABŞ dollarının, 5000 manat mənəvi zərərin və dövlət rüsumu kimi ödədiyi 30 manat mbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlə onların ümumi birgə mülkiyyətlərində olan halhazırda cavabdehdə olan, nigah dövründə əldə etdikləri, birgə mülkiyyətləri sayılan aşağıdakı əmlakların, dəyəri 18000 (on səkkiz min) manat olan, BMW X-5 minik markalı, 2001-ci il buraxılışlı,tünd yaşıl metal rəngli, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərində payının 1/2 hissəsini yəni 9000$ manat məbləğində pulu, dəyəri 10 (on min) manat olan, Siyəzən şəhəri 28 may küçəsində yerləşən, mişar daşı ilə hasarlanmış 5 sot torpaq sahəsində payının 1/2 hissədə və yaxud dəyərində payının 1/2 hissəsini, dəyəri 1000 (min manat) manat olan, LC markalı televizorun dəyərində payının 1/2 hissəsini, dəyəri 540 (beş yüz qırx) manat olan soyuducunun, dəyərində payının 1/2 hissəsini, dəyəri 150 (yüz əlli ) manat olan paltaryuyan maşının dəyərində payının 1/2 hissəsini, dəyəri 1158 (min yüz əlli səkkiz) manat olan Alfon-7 markalı telefonun dəyərində payının, 1/2 hissəsini, cavabdeh evdən gedərkən evdən apardığı 400 ABŞ dollar və 100 evro məbləğində valyutanın 1/2 hissəsini, cəmi 30848 (otuz min səkkiz yüz qırx səkkiz) manat dəyərində ümumi, birgə mülkiyyətlərində olmuş əmlakdan 1/2 hissədə olan əmlak payını və yaxud onların dəyərini yəni, 15424 (on beş min dörd yüz iyirmi dörd) manat məbləğində pulunu, 200 ABŞ dollarını, 50 evro valyutanı və cavabdeh evdən gedərkən özü ilə apardığı anasına məxsus, ailə yadigarı, çəkisi 4 qram, qiyməti 300 (üç yüz) manat olan nişan üzüyünü və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Rüstəmova (Bayramova) Xalidə İmran qızının birgə nigah dövründə bankdan götürdüyü krediti bağlamaq üçün onun tərəfindən “xxxxxxx Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətindən xx xxxxxxx 2018-ci il tarixdə birinci dəfə götürülmüş 5000 (beş min) manat və sonradan xx xxxxx 2019-cu ildə yenidən həmin bankdan götürülmüş cəmi, 10 439,73 (on min dörd yüz otuz doqquz) manat 73qəpik kreditin məbləğinin 1/2 hissəsini təşkil edən 5 219 (beş min iki yüz on doqquz) manat pul məbləğinin Rüstəmova (Bayramova) Xalidə İmran qızından alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək bildirdi ki, İddiaçı cavabdeh X8 ilə xx xxxx 2016-cı il tarixində rəsmi nikaha daxil olmaqla, nikahlarını Xaçmaz rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşayış dövründə övladları olmamışdır. İddiaçıdan əvvəl cavabdeh başqa qadınla evli olmuş, sonra boşanmışdır. Əvvəlki nakahından iki övladı vardır. Sonralar iddiaçıya məlum olmuşdur ki, cavabdeh spirtli içki aludəçisi olmaqla mütamadi olaraq sərxoş gəzmiş, eyş-işrət həyat tərzi keçirmiş, ardıcıl olaraq işləmədiyindən müxtəlif şəxsləri etibardan sui-istifadə etmə və aldatma yolu ilə pullarını alaraq dələduzluq etmişdir. Mütamadi dələduzluq etdiyinə görə Cavabdeh Şabran rayon məhkəməsi tərəfindən xx xxxxxx 2003-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdehin iddiaçı ilə evlənməsi faktı da heç də həqiqətən ailə qurmaq niyyəti ilə deyil, bu izdivacdan sui- istifadə etməklə iddiaçının və ailə üzvlərinin etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirmək, bu yolla əvvəllər borclu olduğu şəxslərə olan borclarını ödəmək məqsədi daşımışdır. Belə ki, cavabdeh müəllimlərə girovsuz, zaminsiz kredit veriləcəyi haqqında məlumatı bilərək iddiaçıya bildirmişdir ki, sən öz adına kredit götür, mənə pul lazımdır, krediti özü ödəyəcəyini deməklə iddiaçını aldatmışdır, iddiaçı da onun sözünə inanaraq xx.xx.2018-ci il tarixdə xxxxxxxxxxxxdan illik 27,84 faizlə 48 ay müddətinə 6300 ( altı min yç yüz) AZN məbləğində adına kredit götürmüşdur. Lakin krediti götürəndən sonra cavabdeh krediti ödəməkdən yayınmış, hər ay iddiaçını aldadaraq aylıq kredit məbləğinin iddiaçı tərəfindən ödənilməsini xahiş etmiş, guya növbəti ay kreditləri ödəyəcəyinə və iddiaçının ödədiyi pulları da qaytaracağına söz versə də ödəməmiş və iddiaçını aldatmışdır. Beləliklə, iddiaçı bu kredit məbləğini ödəmək məcburiyyətində qalmışdır. Hal-hazırda da ödəməkdə davam edir. Buna baxmayaraq cavabdeh iddiaçıya təklif etmişdir ki, mən Yuni Bankdan 20.000 manat kredit götürərək xxxxxxxxxxxxa olan borcu ödəyim, qalan pulla da ev tikərik, deyə təkrar kredit götürməyə sövq etmişdir. İddiaçı bu zaman başa düşmüşdür ki, cavabdeh aşkar surətdə dələduzluq edərək onu aldatmaqla pulu ələ keçirmək, bundan sonra ölkədən qaçıb getmək niyyəti vardır. Bu niyyətini onun özünə dedikdən sonra aralarında münaqişə başlamış bunun nəticəsi olaraq o boşanma ilə əlaqədar məhkəməyə ərizə ilə müraciət etmişdir. Hesab edir ki, xxxxxxxxxxxxdan götürdüyü kredit məbləği nikah dövründə götürülmüş kredit borcu kimi tərəflərin hər ikisi tərəfindən yaranmış borc kimi bərabər surətdə ödənilməlidir. Kredit müqaviləsinə əsasən, iddiaçının götürdüyü kreditin ümumi məbləği 10513,58 AZN-dir. Bu məbləğin yarısı, yəni, 5262 AZN məbləği cavabdehdən alınaraq iddiaçının kreditlə bağlı göstərilən bankda adına açılmış hesaba ödənilməlidir. Bundan başqa cavabdehin dələduzluq yolu ilə iddiaçını istəmədiyi borc girdabına salmaqla sarsıntılar keçirməyə məruz qoyaraq mənəvi ziyan vurduğuna görə 5000 manat alınaraq iddaçıya verilməlidir. Bununla da cavabdehdən cəmi 10262 AZN (on min iki yüz altmış iki ) AZN alınaraq hesablarına köçürülməlidir. 2016-cı ilin may ayında onun iddiaçıya cehiz pulu kimi verdiyi 3000 (üç min) ABŞ dolları pulu hara xəclədiyindən xəbəri olmamışdır. Ona görə də hesab edir ki, həmin 3000 ABŞ dolları da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Xahiş edir, «xxxxxxxxxxxx» ASC-yə olan borcun yarısı yəni 5262 (beş min iki yüz altmış iki) AZN məbləğinin (Kapitalbank ASC-yə ödənilməsi üçün), nikahdan əvvəl cavabdehə verdiyi 3000 (üç min) ABŞ dollarının, 5000 manat mənəvi zərərin və dövlət rüsumu kimi ödədiyi 30 manat mbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılsın. M.Bayramov həmçinin bildirdi ki, bacısı Xalidə Raufla xx xxxx 2016-cı ildə ailə qurmuş, bir yerdə yaşamış, sonradan Raufun içki aludəçisi olması, bacısını və başqa şəxsləri aldatması üzə çıxmış, bununla da münasibətləri soyuq olmuş, sonuncu dəfə xx xxxxxxx 2018-ci il tarixdə dalaşıb ayrılmış, bundan sonra bütün əlaqələri kəsilmiş, bir yerdə yaşamamış, xx xxxxxx 2019-cu ildə rəsmi olaraq nikahları pozulmuşdur. Raufun xxxxxxxdan kredit götürməsindən məlumatı olmamışdır. xx xxxxxx 2017-ci il tarixdə bacısı Xalidə nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi əsasında Zəfər adlı şəxsdən BMW X-5 Minik markalı avtomaşın almışdır. Həmin avtomaşını Rauf idarə edirdi. Rauf tez-tez içkili olduğundan, maşınla hadisə törədəcək ehtimalı yarandığından, xx xxxxxx 2018-ci ildə maşını öz adına keçirmişdir. Bacısının adına maşın yoxdur. Birgə nikahda olduqları vaxt Raufun mağazadan televizor, soyuducu, paltaryuyan maşın və digər əşyalar almasından bacısı Xalidənin xəbəri olmamışdır. Bacısı ad günü üçün özünə kreditlə Alfon-7 markalı telefon götürmüşdür. Rauf isə indi həmin telefonu öz adına çıxır və pul tələb edir. Bacısı Xalidə evdən Raufa ayrılan o cümlədən pul və ya digər əşyalar götürməmişdir. O, bütün bunları bacısına qarşı haqsızlıq kimi qəbul edir və qəbul etmir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X7 məhkəmə iclasında ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, hal-hazırda Şabran Rayon Məhkəməsində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Rüstəmova (Bayramova) Xalidə İmran qızının Cavabdeh qarşı “pul tələbi" iddia ərizəsi əsasında mülki işə baxılır. Cavabdeh, cavabdeh Rüstəmova (Bayramova) Xalidə İmran qızınının ona qarşı verdiyi iddianı qəbul etmir, bu səbəbdən də Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh ilə ilk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh Rüstəmova (Bayramova) Xalidə İmran qızının arasında nigah kontraktı və razılaşma yoxdur. Ona görə də yuxarıda qeyd etdiyi hüquq normalarının tələblərinə və işin faktiki hallarına uyğun olaraq, məhkəmədən xahiş edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlə onların ümumi birgə mülkiyyətlərində olan hal- hazırda cavabdehdə olan, nigah dövründə əldə etdikləri, birgə mülkiyyətləri sayılan aşağıdakı əmlakların, dəyəri 18000 (on səkkiz min) manat olan, BMW X-5 minik markalı, 2001-ci il buraxılışlı,tünd yaşıl metal rəngli, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərində payının 1/2 hissəsini yəni 9000$ manat məbləğində pulu, dəyəri 10 (on min) manat olan, Siyəzən şəhəri 28 may küçəsində yerləşən, mişar daşı ilə hasarlanmış 5 sot torpaq sahəsində payının 1/2 hissəsədə və yaxud dəyərində payının 1/2 hissəsini, dəyəri 1000 (min manat) manat olan, LC markalı televizorun dəyərində payının 1/2 hissəsini, dəyəri 540 (beş yüz qırx) manat olan soyuducunun,dəyərində payının 1/2 hissəsini, dəyəri 150 (yüz əlli ) manat olan paltaryuyan maşının dəyərində payının 1/2 hissəsini, dəyəri 1158 (min yüz əlli səkkiz) manat olan Alfon-7 markalı telefonun dəyərində payının, 1/2 hissəsini, cavabdeh evdən gedərkən evdən apardığı 400 ABŞ dollar və 100 evro məbləğində valyutanın 1/2 hissəsini, cəmi 30848 (otuz min səkkiz yüz qırx səkkiz) manat dəyərində ümumi, birgə mülkiyyətlərində olmuş əmlakdan 1/2 hissədə olan əmlak payını və yaxud onların dəyərini yəni, 15424 (on beş min dörd yüz iyirmi dörd) manat məbləğində pulunu, 200 ABŞ dollarını, 50 evro valyutanı və cavabdeh evdən gedərkən özü ilə apardığı anasına məxsus, ailə yadigarı, çəkisi 4 qram, qiyməti 300 (üç yüz) manat olan nişan üzüyünü və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Rüstəmova (Bayramova) Xalidə İmran qızının birgə nigah dövründə bankdan götürdüyü krediti bağlamaq üçün onun tərəfindən “xxxxxxx Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətindən xx xxxxxxx 2018-ci il tarixdə birinci dəfə götürülmüş 5000 (beş min) manat və sonradan xx xxxxx 2019-cu ildə yenidən həmin bankdan götürülmüş cəmi, 10 439,73 (on min dörd yüz otuz doqquz) manat 73 qəpik kreditin məbləğinin 1/2 hissəsini təşkil edən 5 219 (beş min iki yüz on doqquz) manat pul məbləğinin Rüstəmova (Bayramova) Xalidə İmran qızından alınaraq ona verilməsi barədə qətnamə çıxarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X7 həmçinin göstərdi ki, nümayəndəsi olduğu Cavabdeh 2016-cı ildə iyun ayında İddiaçı ilə ailə həyatı qurmuş və xx xxxxxx 2019-cu ildə rəsmi qaydada ayrılmışlar. Həmin dövrdə onların əldə etdikləri əmlaklara birgə cavabdehlik daşıdığından «xxxxxxxxxxxx» ASC-nə olan borcunun həmin dövrdə ödənilməsi də nəzərə alınmalıdır. Qalan borc hər ikisnə aid edilməlidir. Bu halda, Raufun da «xxxxxxx» ASC-dən götürdüyü kreditə görə borcu hər ikisndən tutulmalıdır. 3000 ABŞ dolları tələbi ilə bağlı bildirmək istəyir ki, bununla bağlı Şabran rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsində bu məsələyə baxılmışdır. Həmin qətnaməyə görə X15 Rüstəmova qarşı pul tələbi ilə bağlı ərizəsində 3000 ABŞ dolları Raufa verməsini iddia etmiş, məhkəmə bu məsələyə nəticə vermişdir. Qaldı, mənəvi zərərlə bağlı məsələyə, iddiaçının ona mənəvi zərər vurması barədə heç bir sübutu yoxdur. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Siyəzən RMP-nın TTTYŞ tərfindən verilmiş 505 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx xxxxxxx 2018-ci il tarixdə 08-35 radələrində Siyəzən RMP-nın TTTYŞ-nə isterik nevroz A/T 110/80 diaqnozu ilə müraciət etmişdir. İşə əlavə edilmiş xx xxxx 2018-ci il tarixli 155CLM********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı illik 27.84%-lə , 48 ay müddətinə 6300 AZN «xxxxxxxxxxxx» ASC-nin Siyəzən rayon filialından kredit götürmüşdür. İşə əlavə edilmiş 2018-2019-cu il tarixli qəbzlərdən görünür ki, İddiaçı müxtəlif tarixlərdə «xxxxxxxxxxxx» ASC-nə olan kredit borcundan ödənişlər etmişdir. İşə əlavə edilmiş xx xxxxxxx 2018-ci il tarixli «xxxxxxx» KB ASC-nin ödənişin təyinatı sənədindən görünür ki, Cavabdeh həmin bankdan 10.439.73 manat kreditə pul götürmüşdür. İşə əlavə edilmiş Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/9733 saylı arayışdan görünür ki, Siyəzən şəhərində yerləşən 0.05 ha torpaq sahəsinin qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji torpaq sahəsinin dəyəri üçün əsas olan predmetlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin xx xxxx 2018-ci il tarixəinə bazar dəyəri 4500 manat təşkil edir. İşə əlavə edilmiş AD seriyalı 400076 saylı X1 Şəhadətnaməsindən görünür ki, ** XN *** dövlət qeydiyyat nişanlı, BMW X-5 minik markalı, UNİVERSAL tipli, 2001-ci il buraxlışlı, tünd yaşıl metalik rəngli, ban nömrəsi WBAFÖ310X0LG91166 olan avtomobilin sahibi X3r. İşə əlavə edilmiş Siyəzən ticarət mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh X5 aşağıdakı məişət avadanlıqları almışdır və qiymətləri aşağıdakı kimidirtelevizor LG «42»-700.0 manat, soyuducu Pozis 103 ağ-540 manat, paltaryuyan sadə 5 kq-95.0 manat, televizor altı-200.00 manat. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(031)- 338/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh 1800 (min səkkiz yüz) ABŞ dolları (milli manat ekvivalentində) məbləğində əsas borc və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında 2 saylı X11 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Siyəzən şəhərində 0.5 ha həyətyanı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ xx xxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə DƏDX-də İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1. maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1. maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1. maddəsində qeyd edilmişdir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasında ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxx 2002 il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «…mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi neymətlər) hüquqlarını pozmaqla fizki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda konpensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2008-ci il 3 noyabr tarixli 7 saylı qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması və iztirablara səbəb olan istənilən xarakterliqeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdehla İddiaçı xx xxxx 2016-cı ildə ailə qurmuş, nikahları xx xxxxxx 2019-cu ildə pozulmuş olsa da, faktiki olaraq xx xxxxxxx 2018-ci il tarixədək bir yerdə yaşamış, birgə təsərrüfatda olmuşlar. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, tərəflərin ancaq həmin dövrdə olan (xx.xx.2016xx.xx.2018) əldə etdikləri əmlakları onların ümumibirgə mülkiyyəti hesab etməklə, hər iki iddia tələbi üzrə bölgü apararkən onların bir yerdə yaşadıqları həmin dövrü əsas götürmüşdür. Odur ki, ilkin iddia üzrə İddiaçı tərəfindən «xxxxxxxxxxxx» ASC-dən xx xxxx 2018-ci il tarixdə 48 ay müddətə götürülmüş 6300 manat (ödənişin məbləği 10513,58 AZN olmaqla) pulun 2018-ci ilin oktyabr ayına kimi İddiaçı tərəfindən ödənilmiş kredit borcu tərəflərin hər ikisinə aid edilməklə, yerdə qalan 9255.58 manat kredit borcunun yarısı (1\2 hissəsi) Cavabdeh tərəfindən İddiaçı ödənilməlidir. İddiaçı 3000 ABŞ dollarını Cavabdeh borc qismində verməsi və Cavabdeh ona zərər vurması ilə bağlı hüququnun pozulması barədə hər hansı bir sübut təqdim edə bilməməsi də müəyyən olundu. Qarşılıqlı iddia üzrə müəyyən olundu ki, tərəflər birgə nikahda olub bir yerdə yaşadıqları müddətdə İddiaçı alqı-satqı yolu ilə BMV markalı avtomaşın almış, eyni zamanda, Siyəzən şəhərində 0.5 ha həyətyanı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ xx xxxx 2018-ci il tarixdə DƏDX-də İddiaçı adına qeydiyyata alınmışdır. Bundan əlavə, Cavabdeh ailənin birgə istifadəsi üçün 700.0 manat dəyərində LG markalı televizor, 540 manat dəyərində soyuducu və 95.0 manat dəyərində paltaryuyan maşın almışdır. Həmin əşyalar İddiaçı qalmışdır. Qeyd olunan əmlaklar onların birgə mülkiyyəti hesab edilməklə, həmin əmlaklarda hər birinin 1/2 hissədə payları vardır. Qarşılıqlı iddianın qalan hissəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının həmin tələbləri ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Ona görə də, iddia bu hissələrdə təmin edilməməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 4627.79 manat məbləğində pul və ödənilmiş 30 (otuz ) manat dövlət rüsumu alınıb İddiaçı ödənilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, cavabdeh İddiaçı BMW X-5 minik markalı, 2001-ci il buraxılışlı, tünd yaşıl metal rəngli, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərində payının 1/2 hissəsi, Siyəzən şəhəri 28 may küçəsində yerləşən, mişar daşı ilə hasarlanmış 5 sot torpaq sahəsində payının 1/2 hissəsi, dəyəri 700 (yeddi yüz) manat olan, LC markalı televizorun dəyərində payının 1/2 hissəsi, dəyəri 540 (beş yüz qırx) manat olan soyuducunun dəyərində payının 1/2 hissəsi, dəyəri 150 (yüz əlli ) manat olan paltaryuyan maşının dəyərində payının 1/2 hissəsi alınıb iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh «xxxxxxxxxxxx» ASC-yə olan borcun yarısı yəni 4627.79 manat məbləğində pul (Kapitalbank ASC-yə ödənilməsi üçün) və ödənilmiş 30 (otuz ) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı BMW X-5 minik markalı, 2001-ci il buraxılışlı, tünd yaşıl metal rəngli, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərində payının 1/2 hissəsi, Siyəzən şəhəri 28 may küçəsində yerləşən, mişar daşı ilə hasarlanmış 5 sot torpaq sahəsində payının 1/2 hissəsi, dəyəri 700 (yeddi yüz) manat olan, LC markalı televizorun dəyərində payının 1/2 hissəsi, dəyəri 540 (beş yüz qırx) manat olan soyuducunun dəyərində payının 1/2 hissəsi, dəyəri 150 (yüz əlli ) manat olan paltaryuyan maşının dəyərində payının 1/2 hissəsi alınıb iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar