Məhkəmə qərarları › İş №2(032)-1040/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1040/2023

06.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1040/2023 06.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı Şəməddin qızının iştirakı ilə, İddiaçı Şəməddin qızının cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə dair” mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şəməddin qızı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən qanunsuz olaraq tərtib edilmiş ******* saylı aktın etibarsız hesab edilməsini, akta görə hesablanmış 1555.20 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, evdə quraşdırılan qaz sayğacının 20 fevral 2023-sü il tarixdə “Azəriqaz" əməkdaşları qaz sayğacının çıxarılması və yenisi ilə əvəz edərək ******* saylı akt tərtib etdilər. X1 İstismar idarəsinin satış departamentindən ona bildirdilər ki, sayğacda əzik-cızıq izləri olduguna görə 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) cərimə yazılıb və bu pulu ödəməlidir. Cərimənin səbəbini soruşduqda bildirdilər ki, mənzildə quraşdırılan sayğac labaratoriyaya göndərilmiş və rəyə əsasən güya sayğacı əzib-cızıq etmişdir. Mənzildə quraşdırılan qaz sayğacına tərəfindən və ya göstərişinə əsasən başqa şəxs tərəfindən heç bir müdaxilə edilməyib. Eyni zamanda sayğac əvəz edilərkən (tərtib edilmiş aktda qeyd olunub) üzərində olan məftil plomb saz vəziyyətdə olub və saygacı əvəz edən mühəndislər tərəfindən qırılıb, akt tərtib edilərkən onun iştirakı təmin edilməyib. “Azəriqaz” tərəfindən ona ******* saylı akt və hesabat təqdim edildi, Aktdakı hesabatda 90 gün hesabat aparıldığı qeyd edilmişdir. Mexaniki qaz sayğacı olarkən normal qazdan istifadə edərək ödəniş etmiş və heç bir çətinlik olmayıb. Qeyd etmək Tərəfindən təbii qazda qanunsuz istifadə hallarına yol verilməyib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarıəna əsasən baxış istehlakçının iştirakı ilə keçirilməli və iki nüsxədən ibarət akt tərtib olunaraq aktın bir nüsxəsi istehlakçıya verilməlidir. Bundan başqa "Azərıqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın aparılmasına huquq verən muvafiq normativ-hüquqi aktların mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə iclasında İddiaçı Şəməddin qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı Şəməddin qızının yaşadığı mənzilə quraşdırılmış sayğac dövlət yoxlamasından keçirilməsi səbəbindən çıxarılmışdır. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, “Azəriqaz” İB-nin İTRİ-nin xx.xx.2023cü il tarixli 14-2-2/3-5-4705/0002-1 saylı rəyinə əsasən çıxarılan ******* nömrəli qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqda əzik-cızıq izləri aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı Şəməddin qızına itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 12960 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2023-cü il tarixli ******* saylı akt göstərilmişdir. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Eyni zamanda məhkəmə qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda da görünür ki, qaz sayğacı istehlakçıya məxsus olan evdə quraşdırılmamışdır, belə olan halda həmin qaz sayğacının işlək vəziyyətdə olmasına cavabdehliyi qaz paylayıcısı daşıyır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 1555,20 manat məbləğində borc silinməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 1000-dan 10000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 35.56 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat 20 qəpik) cərimə məbləği (abunə kodu **********00180) saylı abonent hesabından silinsin. 35.56 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar