Məhkəmə qərarları › İş №2(032)-1125/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1125/2023

18.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1125/2023 18.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 2, yeni qaydalarla ünvan 3 yerləşən mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 1984cü il tarixdə ünvan 2, yeni qaydalarla, ünvan 3 order əsasında adına sənədləşmişdir. Lakin 2013cü il tarixdə həmin mənzili atası öz adına rəsmiləşdirmişdir. Atası 2017-ci il tarixdə vəfat etdikdən sonra vərəsəlik qaydasında anası X2 adına rəsmiləşdirilmişdir. Bir neçə il sonra anası X6 2021-ci il tarixdə ailə üzvlərinin, yəni bacı və qardaşlarının razılığı əsasında anası X18 şəhəri, Xəqani küçəsi ev 4, mənzil 55, yeni qaydalarla ünvan 3 saylı mənzili ona bağışlamış, o da elə həmin tarixdə adına rəsmiləşdirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, qeyd edilən mənzil onun xüsusi mülkiyyətindədir. Lakin buna baxmayaraq cavabdeh yəni, bacısı X8 hələdə onun xüsusi mülkiyyətində olan mənzildən çıxmır. Dəfələrlə şifahi olaraq cavabdehə mənzildən çıxmasını xahiş etsə də, onun sözlərinə məhəl qoymur. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. həmçinin nümayəndə izahatında cavabdehin mübahisəli mənzildə yaşamasını, oktyabr ayından həmin mənzildən çıxaraq qardaşının ünvanında yaşamasını, cavabdehə məxsus əşyaların həmin mənzildə olmasını, mənzildə yaşamaq üstündə tərəflər arasında tez-tez mübahisələrin olmasını və cbu mübahislərin hətta polis orqanlarına qədər gedib çatmasını bildirmişdir. Cavabdeh vəkili Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh izahatında sözügedən mənzili alandan ailə üzvləri ilə birlikdə həmin evdə yaşamasını, həmin evdə özünəməxsus ayrı otağın olmasını, bütün əşyalarının həmin mənzildə qalmasını, paltarlarının, şəxsi əşyalarının evdə olmasını, oktyabr ayında bacısının onu evdən qovalamasını və qapının açarını dəyişməsini bildirmişdir. Hazırda qardaşının bir otaqlı evində qalır və qardaşı arvadının paltarlarını geyinir. Getməyə və yaşamağa başqa evi yoxdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyistrindən çıxarışın surətindən görünür ki, ünvan 2, yeni qaydalarla ünvan 3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli şahidlər X11 və X7 iştirakı ilə tərtib edilmiş X5 tərəfindən yazılmış vəsiyyətnamədə göstərilmişdir ki, ölən günədək özünə məxsus olan, harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını onun ölümündən sonra qızı İddiaçı vəsiyyət etmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Xəqani küçəsi 4 saylı evin 55 saylı ünvanında yerləşən ümumi sahəsi 94.1 kv.m, yaşayış sahəsi 60.9 kv.m, yardımçı sahəsi 33.2 kv.m olan 5 otaqlı mənzili İddiaçı bağışlamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Şirvan şəhəri, Xəqani küçəsi ev 4 ünvanında yerləşən 55 nömrəli mənzil xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” sənədi ilə İddiaçı adına rəsmiləşdirilmişdir. xx.xx.1984-cü il tarixli orderin kötüyünə əsasən ünvan 2 X3 8 nəfər ailə üzvü ilə mənzil sahəsini tutmaq hüququna malik olması səbəbindən verilmiş, ailə üzvləri kimi arvadı- Sura İbrahimova, övladları- Sona, Əliqardaş, Müşfiq, Səfər, Vəfa, Ramil İbrahimovlar həmin mənzildə yaşayan ailə üzvləri kimi göstərilmişlər. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-8-1/2-742/2023 № məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında hal-hazırda İddiaçı və X9 qeydiyyatdadırlar və yaşayırlar. X10 bu ünvanda qeydiyyatdadır, lakin yaşamır. X8 bu ünvanda qeydiyyatda deyil və hal-hazırda da yaşamır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Cavabdeh bacısıdır. Sözügedən mənzili atasına çoxuşaqlı ailə başmısı kimi vermişlər. Bütün uşaqlar orda böyüyüb boya çatıb. Sona da həmişə o evdə yaşayıb. Ataları 2017-ci ildə vəfat etmişdir. Ataları vəfat etdikdən sonra mənzil vərəsəlik qaydasında anaları X2 adına rəsmiləşdirilmişdir. Onların xəbərləri olmadan Vəfa analarının xəstəliyindən istifadə edərək evi ona bağışlayıb. Bununla heç kim razı deyil. Ev onların hamısına məxsusdur. Sonanın bütün əşyaları həmin mənzildədir. O başqa yerdə heç vaxt yaşamayıb. Son zamanlar bacılar arasında mübahisə düşmüş və Sonanı evə buraxmırlar. Şahid1 da məhkəmə iclasında Şahid2 ilə eyni məzmunli ifadələr işlətmiş, Sonanın həmişə Şirvan şəhəri, Xəqani küçəsi ev 4 ünvanında yerləşən 55 nömrəli mənzildə yaşamasını bildirmişdir. Təxminən oktyabr ayında Sona ilə digər bacıları arasında mübahisə yaranmış, onlar mənzilin qapısının açarını dəyişmişlər. Sonra müvəqqəti onun evində qalır. Geyməyə paltarı yoxdur, bütün əşyaları həmin mənzildədir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. - Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. -İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. - Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinin 1-ci hissəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. 54-cü maddəsinin 3-cü hissəsinə əsasən İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Məhkəmə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında verilmiş şərhi də nəzərə almışdır. Belə ki, həmin qərara görə Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb belə bir nəticəyə gəlir ki, cavabdehin ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanında yaşaması, orada şəxsi əşyalarının olması, bu faktı işdə olan sənədlərlə bərabər iddiaçı tərəfinin özünün də etiraf etməsi müəyyən olundu. Cavabdehin başqa ünvanda rəsmi qeydiyyatda olması halına istinadən onu illərlə yaşadığı atasından miras kimi anasına keçmiş, sonradan isə iddiaçının adına rəsmiləşməsi halından asılı olmayaraq yaşayış sahəsindən istifadə hüququna malik bir şəxs kimi mənzildən çıxarılmasına əsas verən heç bir hal müəyyən edilmədi. Həmçinin münasibətlərin yarandığı dövrdə tətbiq edilməli qanunvericilik normaları bir daha onu təsdiq etdi ki, cavabdehin sözügedən mənzildə yaşayış sahəsindən istifadə etmək hüququnu istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməli olan halda şəxsi mənzildən çıxarma cavabdehi yaşadığı mənzildən qanunsuz məhrum etmə xarakteri daşıyır və bu səbəbdən X4 ünvan 2, yeni qaydalarla ünvan 3 ünvanından çıxarılması tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216- 220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar