Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-12/2023 08.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı Müstəqil tələb irəli sürməyən İİİ şəxs Şirvan Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Viləş oğluna qarşı ünvan 1 ünvanında yaşayan Cavabdeh Viləş oğlu tərəfindən gündəlik gediş-gəliş yolunun üzərində quraşdırılmış kanalizasiya quyusunun və onun evinə tərəf quraşdırılmış müşahidə kamerasının öz vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Kazımov Cavabdeh Viləş oğluna qarşı ünvan 1-də yaşayan Cavabdeh Viləş oğlu tərəfindən gündəlik gediş-gəliş yolunun üzərində quraşdırılmış kanalizasiya quyusunun və onun evinə tərəf quraşdırılmış müşahidə kamerasının öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi onunla əsaslanmışdır ki, ünvan 2 özünə məxsusdur. Cavabdeh Viləş oğlu qonşusudur.Qonşusu Cavabdeh onun qapısının ağzında, gediş-gəliş yolunun üstündə qeyri-qanuni (şambo) tipli kanalizasiya quyusu qazdırıb, həyətində tikdirdiyi hər üç evin yəni (özünün, oğlunun, qızının) bütün çirkab sularını ora axıdır.O və anası bir qonşu kimi Cavabdeh dəfələrlə bu antisanitar quyunu buradan ləğv edib kanalizasiya quyusunu öz həyətinə salmasını söyləmişlər. Cavab olaraq Cavabdeh onlara “özüm bilərəm, harada istəyərəm ordan da edərəm” deyərək aralarında mübahisə yaratmışdır. O da bu məsələ ilə bağlı aidiyyatı qurumlara ərizələr ünvanlamışdır, həmin qurumlar əraziyə baxış keçirmiş və cavabdeh tərəfindən qaydaların çox kobud şəkildə pozulması müəyyən edilmişdir, lakin müvafiq tədbirlərin görülməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh qanunsuz çəkdiyi çirkab quyusu yeni salınmış M.Fizuli adına Mədəniyyət və İstirahət parkının 8-10 metrliyində yerləşir, bu da parkın gözəlliyinə xələl gətirməklə yanaşı sanitar-gigiyena baxımından da yol verilməzdir. Cavabdehin qaunsuz əməlləri bununla bitmir. Belə ki, üstündən az müddət keçməmiş Cavabdeh yaşadığı ünvanda hasarının üstündən üzü onun evinə, gediş-gəliş yoluna baxan müşahidə kamerası quraşdırmışdır.Bu isə öz növbəsində şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır. Bununla əlaqədar Şirvan şəhər PŞ-yə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh Viləş oğlu məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsindən də görünür ki, tələb kimi irəli sürdüyü əsaslar hüquqi məsələ deyil, bu sırf məişət kommunal məsələ olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 74 №-li qərarı ilə tənzimlənməlidir. İddiaçı iddia ərizəsində bu qərara istinad etmişdir, lakin həmin qərarın mahiyyətinin nədən ibarət olduğunu anlamadan, həmin qərara istinad etməklə, guya mən cavabdeh tərəfindən həmin qərarın tələblərindən irəli gələn tələbləri kobud sürətdə pozmuşdur. Belə ki, iddia ərizəsində iddiaçı mülkiyyəti kimi göstərdiyi, lakin əslində mülkiyyət hüququ olmayan əmlakının gediş-gəliş yolu kimi göstərdiyi yol əslində onun gediş-gəliş yoluna heç bir aidiyyatı yoxdur. Onun tərəfindən salınan kanalizasiya quyusu tam standartlara cavab verən və üzəri betonla tutulmuş, hər həftə xüsusi kanalizasiya maşını ilə çəkilməklə qaydalara riayət olunan quyu neytral ərazi olan gediş-gəliş üçün müəyyən edilməyən yolun onun mülkiyyətində olan hasara bitişik yerdə salınmışdır. Həmin ərazidə kanalizasiya xətti çəkilmədiyindən, o, həmin ərazidə yaşayan digər sakinlər kimi kanalizasiya quyusu qazdırmaqla kanalizasiya suyunun ora axıdılması üçün tikdirmişdir. Və hər həftə də vaxtı-vaxtında kanalizasiya maşını ilə kanalizasiya suyunu çəkdirməklə sanitar-gigiyenik qaydalara riayət edir. O ki, qaldı iddiaçı bildirir ki, kanalizasiya quyusu parkın 8-10 metrliyində yerləşir, tamamilə yalandır və belə olan halda ilk olaraq şəhər İcra Hakimiyyəti tərəfindən xəbərdarlıq edilməklə hər hansı bir tədbir görülərdi.Lakin bu barədə hər hansı bir hallar olmadan ona ehtiyac olmamışdır. İddiaçının iddia ərizəsində yaşadığı əmlakı mülkiyyəti kimi göstərməklə guya mülkiyyət hüququnun toxunulmazlıq hüququnun pozulmasını bildirməsi özlüyündə iddiaçının iddia tələbi üzrə iddiaçı subyekti kimi çıxış etməkdən azad edir. Çünki, iddiaçının yaşadığı ev mülkiyyətində deyil və belə olan halda mülkiyyət olmayan bir əmlak üzərində hər hansı bir hüquqlarının pozulmasından söhbət gedə bilməz. O isə yaşadığı əmlakın üzərində mülkiyyət hüququ olduğundan, əksinə iddiaçı tərəfindən irəli sürülən əsassız tələblərlə onun mülkiyyət hüququnun və toxununlmazlıq hüququnun pozulmasına gətirib çıxarır. O, kanalizasiya suyunun axıdılması üçün ərazidə kanalizasiya xətti olmadığından, sanitar-gigiyenik qaydalara riayət edərək kanalizasiya quyusunu standartlara uyğun tikmişdir. Kanalizasiya quyusu ilə bağlı tələb bir bəhanədir. Çünki, iddiaçı iddia tələbinin ikinci hissəsini təşkil edən kameranın onun yaşayış ünvanının hasarının üstündə yerləşməsidir ki, bu da onu narahat edir.Yaşadığı sahənin mülkiyyətçisi olduğundan və yaşadığı ərazinin təhlükəsizliyi baxımından kameranı yerləşdirmişdir. Həmin kamera iddiaçının yaşadığı ərazini müşahidə etmək üçün deyil, hasarının yerləşdiyi ərazini nəzarət altında saxlamaqdır ki, bu da onun hüququdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclası barədə cavabdeh məlumatlandırılmış oğlu tərəfindən məhkəməyə teleqram vurularaq onun xəstə olması və bu halın nəzərə alınması qeyd olunmuşdur. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs Şirvan Bələdiyyəsinin nümayəndəsi X2 iddia üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Şirvan şəhəri, Energetik küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57.76 kv.m yaşayış, 68,48 kv.m köməkçi sahədən ibarət 24 nömrəli baş evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 122 nömrəli vərəqində qeydiyyata alınmışdır. ünvan 2-un texniki pasportuna əsasən İddiaçı adına olan yaşayış evinin sənəd üzrə ümumi sahəsi 46 kv.m təşkil edir. Azərbaycan Respublikası "xxxx" ASC-nin "xxxx" MMC Şirvan Sukanal İdarəsinin 27 aprel 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Energetik (bağ evləri) küçəsində mərkəzi kanalizasiya xətti mövcud olmadığı üçün abonentlərə kanalizasiya xidməti göstərilmir. Lakin qeyd olunan ünvana baxış keçirilmiş və qonşulardan birinə məxsus sonradan inşa edilmiş şanbo tipli kanalizasiya aşkar edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 may 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh məxsus həyətyanı sahədə formalaşan maye tullantıların, ümumi istifadədə olan yolun kənarında qazılmış quyuya (şambo) axıdıldığı müəyyən olunmuşdur. Bununla da Cavabdeh tərəfindən Nazirlər Kabinetinin 28 aprel 2005-ci il tarixli 74 nömrəli qərarının tələbləri pozulmuşdur. Şirvan Bələdiyyəsinin 17 may 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, baxış zamanı müəyyən edilmişdir ki, gündəlik gediş-gəliş yolunun üzərində, darvazaya yaxın məsafədə üstü tam örtülməmiş, açıq tipli sanitar qovşağının çirkab suları üçün kanalizasiya quyusu quraşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, çirkab quyusu Energetik küçəsi 24 ünvanında yaşayan Cavabdeh məxsusdur. Bundan başqa çirkab quyusu tikinti və norma eləcədə birgə yaşayış qaydalarına uyğun deyildir. Çirkab quyusu hər bir vətəndaşın öz mülkiyyətinə məxsus torpaq sahəsində quraşdırılmalıdır.Çirkab quyusu yeni salınmış F.Füzuli adına Mədəniyyət və İstirahət parkının 8-10 metrliyində yerləşir ki, bu da parkın gözəlliyinə xələl gətirməklə yanaşı sanitar gigiyena baxımından da yol verilməzdir.Bu səbəbdən çirkab quyusu vətəndaş Cavabdeh tərəfindən ləğv edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, sözügedən ərazidə vətəndaş Cavabdeh tərəfindən arx deyil, çirkab suların axıdılması məqsədi ilə 6 kv.m ölçüdə kanalizasiya quyusunun inşa olunması faktı müəyyən edilmişdir. İddiaçının dəlillərini yoxlamaq məqsədilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-1108/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə texniki ekspertizasının 26 dekabr 2022-ci il tarixli 10/5617 saylı rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evinin giriş-çıxış yolu ümumi istifadədə olan yoldan keçir. Qərardadın ikinci sualı üzrə: Şirvan Bələdiyyəsinin 17 may 2022-ci il tarixli məktubuna əsasən ünvan 3 ünvanında yerləşən Cavabdeh məxsus kanalizasiya quyusu gündəlik gedişgəliş yolunun üzərində quraşdırılmışdır. Bundan başqa çirkab quyusu tikinti və norma eləcədə birgə yaşayış qaydalarına uyğun deyildir. Çirkab quyusu hər bir vətəndaşın öz mülkiyyətinə məxsus torpaq sahəsində quraşdırılmalıdır. Qeyd olunan kanalizasiya quyusu ünvana rahat gediş-gəlişin qarşısını alıb-almamasının müəyyənləşdirilməsi tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə görə təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh məxsus kanalizasiya quyusu gündəlik gediş-gəliş yolunun üzərində quraşdırılmışdır, çirkab quyusu tikinti və norma eləcədə birgə yaşayış qaydalarına uyğun deyildir, çirkab quyusu hər bir vətəndaşın öz mülkiyyətinə məxsus torpaq sahəsində quraşdırılmalıdır. İddiaçının cavabdehin quraşdırdığı kameraya gəldikdə isə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh öz mülkiyyətinin təhlükəsizliyi naminə video müşahidə qurğusunu yerləşdirməkdə haqlıdır, həmçinin iddiaçı video qurğusu ilə onun həyətinin də görüntülənməsini və bununla da onun şəxsi həyatına olan müdaxilə halını sübuta yetirə bilməmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1-də yaşayan Cavabdeh Viləş oğlu tərəfindən gündəlik gediş-gəliş yolunun üzərində quraşdırılmış kanalizasiya quyusu onun öz hesabına sökülməli, qalan hissədə isə iddia təmin edilməməlidr. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu və 220.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, məhkəmə xərcləri tərəflər arasında müvafiq qaydada, yəni tərəflərin irəli sürmüş olduğu tələblərin təmin olduğu həcmdə bölüşdürülməsini qanunamüvafiq hesab edir. Belə ki, iş materiallarına əsasən məhkəmə xərcləri tərəflərin ödəmiş olduğu dövlət rüsumundan, həmçinin də iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərindən ibarətdir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri də cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yaşayan Cavabdeh Viləş oğlu tərəfindən gündəlik gediş-gəliş yolunun üzərində quraşdırılmış kanalizasiya quyusu onun öz hesabına sökülsün. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin: dövlət rüsumu kimi ödənilmiş 100 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin, 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-12/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-12/2023
08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver