Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1401/2025 08.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh evin təmir işlərinə görə 5000 (beş min) manat məbləğində pulun və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 330 (üç yüz otuz) manat məbləğində alınıb ona verilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh onunla qonşuluqda yaşayır, bu səbəbdən onu uzun illərdir ki, tanıyır. Bir-birilərinə qarşı səmimi və etibarlı münasibəti olmuş, bir-birilərinə daima inanmış, etibar etmişlər. Tanışlıqları müddətində münasibətlərinə xələl gətirə biləcək hərəkətlərə yol verməmişlər. Təxminən 1 il əvvəl Cavabdehla evini təmir etməsi üçün razılığa gələrək evində təmir işlərinə başlamış və bu zaman iş davam edərkən hissəhissə ona 12000 manat pul vermişdir. Cavabdeh vermiş olduğu 8500 manat pulun dəyərində təmir işləri gördükdən sonra evin təmir işlərini dayandırmışdır. O, bununla bağlı onun mobil telefon nömrəsinə dəfələrlə zəng etsə də, telefonuna zəng çatmamışdır. Bir müddət sonra Nicatın Zəngilan rayonuna gedərək orada işlədiyini eşitmişdir. Cavabdeh nəhayət, telefon zənginə cavab verərək verdiyi pulu geri qaytaracağını bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh hal-hazırkı vaxta qədər verdiyi pulun 3500 manatını geri qaytarmamış və təmirini etməmişdir. Eyni zamanda, cavabdehin evin keyfiyyətsiz təmir işlərinə görə də ona 1500 manat dəyərində ziyan vurmuşdur. Bununla da, cavabdeh ümumilikdə ona 5000 manat pul qaytarmalıdır. Cavabdeh elektrik işlərində naqilləri pis vəziyyətə saldığı üçün yenidən çəkilmiş, evinin pilləkənlərini betonu yararsız olduğundan yenidən tökülmüşdür. Bu səbəbdən cavabdeh ümumilikdə ona 5000 manat borcu yaranmışdır. Pulun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciətlər etmiş, lakin o, hər dəfə pulun qaytarılacağına vəd versə də, sonradan vermiş olduğu vədinə müxtəlif bəhanələrlə əməl etməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, cavabeh Cavabdehla qonşuluqda yaşayır, cavabdehi uzun illərdir tanıyır. Onunla münasibəti yaxşı olub, cavabdeh usta kimi fəaliyyət göstərdiyindən onunla şifahi qaydada razılığa gələrək evinin təmirinə başlamışdır. Hissə-hissə ona 12000 manat məbləğində pul vermişdir, pulları verərkən ona hər hansı sənəd imzalatdırmamışdır. Bir müddət işlədikdən sonra o, evin təmir işlərini dayandırmışdır. Dəfələrlə onun telefonuna zəng etsə də o, tələb etdiyi 5000 manat məbləğində pulu geri qaytarmamış, müxtəlif bəhanələr gətirmişdir, bununla bağlı onda səs qeydləri də var. Ona verdiyi pulun yalnız 8500 manatı qarşılığında işlər görmüşdür. Görüdüyü işlərdən 1500 manat dəyərində ona ziyan dəymişdir, bunları aradan qaldırmaq üçün başqa ustalara əlavə pul verməli olmuşdur. İddianın əsaslı olmasını nəzərə alıb təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etdi, izahat verərək bildirdi ki, İddiaçı onun qonşusudur. Onun evində bir il yarımdan çox işləmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri əsassızdır. Belə ki, onun iddiaçıya 5000 manat məbləğində borcu yoxdur. Evin təmir işləri ilə əlaqədar onunla iddiaçı arasında şifahi razılaşma olmuşdur. Həmin evin təmiri zamanı gördüyü işin qarşılığında pulunu almışdır. Sonradan iddiaçının ona verdiyi pul onu qane etmədiyinə görə çıxıb getmişdir. İddiaçının evində suvaq, boyama, elektrik işlərini görmüş, isti döşəmə və tavanı vurmuş, yerin betonunu tökmüş, pilləkənləri düzəltmişdir. İddiaçı ona pulları həm kartla, həm də, əlbəəl vermiş, ümumiyyətlə ona bütöv hər hansı bir məbləğ verməmiş, işini gördükcə onun qarşılığında pulunu hissə-hissə almışdır. Gördüyü işlərin heç birini yarımçıq saxlamamışdır. O, yalnız evin təmiri zamanı pilləkənlərin tikilməsi və elektrik işlərinin görülməsində iddiaçıya 1300 manat ziyan dəydiyini və ona həmin 1300 manat məbləğində borcu olduğunu etiraf edir. Qalan hissəsə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə iddiaçı tərəfindən təqdim edilmiş səsyazısı tədqiq edilmişdir. Təqdim olunmuş səsyazısı olan diskdəki İddiaçı və Cavabdeh arasında olan səs yazılarının məzmunundan müəyyən olunur ki, Cavabdeh İddiaçı görülməyən işlərə görə borcunun olmasını etiraf edir. Lakin iddiaçının qeyd etdiyi 5000 manat borcunun olmasını isə etiraf etməmişdir. Məhkəmə iclasında da cavabdeh İddiaçı qeyd edilən səs yazısındakı səsin ona məxsus olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. MM-in 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. MM-in 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. MM-in 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. MM-in 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. MM-in 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Lakin tərəflər arasında nə yazılı müqavilə bağlanmış, nə də ki, görülmüş işlərə görə ödəniləcək məbləğ, yəni muzdun ödənilməsi barədə razılıq əldə olunmamışdır. Belə ki, cavabdehin izahatına əsasən ona 5-10 manat və ya daha artıq, hissə-hissə məbləğlər ödənilmişdir. İddiaçı isə cavabdehə ümumilikdə 12000 manat məbləğində pul ödədiyini, 8500 manat dəyərində evində işlər görüldüyünü, 3500 manat məbəğində pul dəyərində işləri görmədən yarımçıq saxladığını və əlavə olaraq 1500 manat dəyərində ona ziyan vurulduğunu bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ona evinin təmir işlərinə görə 5000 manat məbləğində pul etməsi yəni, onun işləri yarımçıq saxlaması, həmçinin yararsız gördüyü işlərə görə əlavə olaraq başqa ustaya və materiala pul verməsini bildirsə də, bunu təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən və bununla da istinad etdiyi halı sübut edə bilmədiyindən, iddia cavabdeh tərəfindən etiraf olunmuş hissədə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında verdiyi izahatında Cavabdeh həqiqətən də mənzildə pilləkənlər və elektrik işlərinin görülməsinə görə ona 1300 manat ziyan dəyməsini və ona həmin 1300 manat məbləğində pul borclu olmasını etiraf etmişdir. Ona görə də, məhkəmə qeyd edilənləri nəzərə alıb, hesab edir ki, Cavabdeh 1300 manat məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib Cavabdeh dövlət nəfinə alınmalıdır. Qeyd olunanları nəzərə alıb və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1300 (bir min üç yaz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin . Cavabdeh 18 (on səkkiz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti alınaraq dövlət nəfinə keçirilsin. Cavabdeh hüquqi xidmətə görə 330 (üç yüz otuz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1401/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1401/2025
08.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver