Məhkəmə qərarları › İş №2(032)-1433/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1433/2024

30.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1433/2024 30.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mənəvi ziyan tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 50000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onula əsaslandırılmışdır ki, ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Guya istintaqa məlum olmayan mənbədən və vaxtda, milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan soyuq silah hesab edilməklə istifadəyə yararlı zavod üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 100 mm, dəstəyinin uzunluğu 125 mm olan, tiyəsinin bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik ov bıçağını qanunsuz olaraq əldə edib, üzərində gəzdirmiş və Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 04 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Şirvan şəhəri F.İsmayılov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz gəzdirdiyi bir ədəd soyuq silah hesab edilən həmin ov bıçağı əynində olan şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa, ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,166 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Şirvan şəhəri F.İsmayılov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 0,166 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci və 228.4-cü maddələri ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasia Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. O, qanunsuz olaraq cinayət təqibinə məruz qalmış və xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli bəraət hökmü ilə həbsdən azad edilmişdir. O, qanunsuz olaraq cinayət təqibinə məruz qaldığı üçün 10 ay 21 gün həbsdə olmuş və qanunsuz olaraq azadlığı məhdudlaşdırılmışdır. Gedən məhkəmə prosesləri zamanı işləməmiş, həmçinin mənəvi zərərə məruz qalmışdır. xx.xx.2023-cü il tarixli hökmə əsasən bəraət almağına baxmayaraq, ümumilikdə - hadisə baş verdiyi vaxtdan, yəni xx.xx.2022-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qəbul edilənədək olan dövr ərzində heç bir təqsirinin olmadığı halda istintaq və məhkəmə orqanlarında araşdırmaya cəlb edilmiş, uzun sürən məhkəmə çəkişmələrində iştirak etmişdir. Təbii ki, bütün bu dövr ərzində az ağır cinayətdə ittiham olunan bir şəxs kimi, 10 ay 21 gün həbsdə olmaqla mənəvi iztirab, sarsıntı keçirməməsi mümkün deyildir. Məhkəmə iclasında İddiaçı iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi ünvanının ünvan 1 baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməli olduğu izah edir. Məhkəmə iclasında İddiaçı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 məhkəməyə etiraz ünvanlayaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə, həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsinə münasibətdə də hesab edir ki, iddiaçının seçim hüququ üzrə Şirvan şəhər Məhkəməsinə müraciət etmək hüququ müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Göründüyü kimi Mülki prosessual qanunvericiliyin qeyd edilən normasında məhz iddiaçının əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar üzrə tələb irəli sürülərkən iddiaçının seçim hüququ yaranır. Lakin işin fakitiki hallarında qeyd edilən halların olması aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati ərazisinə aid olduğundan, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar