Məhkəmə qərarları › İş №2(032)-145/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-145/2024

07.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-145/2024 07.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı “fərdi yaşayış evində qeydiyyatda olan şəxsin razılığı olmadan bağışlama müqaviləsinin rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin və fərdi yaşayış evinin qızı X6 bağışlanmasının evdə qeydiyyatda olan X2 razılığı olmadan rəsmiləşdirilməsinin Şirvan şəhər 1 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, F.Cavadov küçəsi 5 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin və fərdi yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. O, qeyd edilən torpaq sahəsini və fərdi yaşayış evini qızı X6 bağışlamaq üçün cavabdeh ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda oğlu X2 qeyd edilən evdə qeydiyyatda olması və onun bağışlama müqaviləsinin rəsmiləşdirilməsinə razılığının olmaması səbəbindən notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçünçü şəxs X3 qeydiyyatda olduqları ünvana məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Şirvan şəhər 01 saylı Notariat Ofisinə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, F.Cavadov küçəsi 5 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2018-ci ildə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 7618 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Şirvan şəhəri, F.Cavadov küçəsi 5 saylı fərdi yaşayış evində qeydiyyatdadır. Şirvan şəhəri, F.Cavadov küçəsi 5 saylı fərdi yaşayış evində 1958-ci il təvəllüdlü X1 və 1979-cu il təvəllüdlü Emin Qalib oğlu qeydiyyatdadırlar. Şirvan şəhər 01 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1398 nömrəli məktubundan görünür ki, Şirvan şəhəri, F.Cavadov küçəsi 5 saylı fərdi yaşayış evində qeydiyyatda olan ailə üzvünün notariat ofisinə gəlib bu notariat hərəkətlərinin aparılmasının ərizə verməklə razılıqlarını bildirməlidirlər. Gəlmədikləri təqdirdə notariat hərəkətlərinin aparılması mümkünsüzdür. Odur ki, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə mülkiyyət hüququ mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın,mülkiyyətçi öz əmlakının müqəddəratını təyin etmək üçün həmin əmlak barəsində müəyyən hərəkətlər etməlidir. Sərəncam hüququ əmlakın satılması, bağışlanması, dəyişdirilməsi, icarəyə verilməsi və sair hüquqi hərəkətlərlə həyata keçirilir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət notariusu əqdləri və etibarnamələri təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.6-cı maddəsinə əsasən qanundan aşağı qüvvəli normativ hüquqi aktlar mülki münasibətlərin tənzimlənməsi üçün yalnız o halda tətbiq edilir ki, onlar bu Məcəlləyə uyğun gəlsin və ona zidd olmasın. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, aşağı qüvvəli normativ hüquqi akt olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167№li qərarı ilə təsdiq edilmiş «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimat mülkiyyət münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarına zidd olduğundan ierarxiya prinsipi tətbiq edilməklə üstün hüquqi qüvvəyə malik olan Mülki Məcəllənin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli qərarında eyni məsələni tənzimləyən göstərilən normalar bir-birindən tamamilə fərqli iki qayda müəyyən etdiyindən, qanunvericilikdə kolliziya yaranmışdır. Normativ hüquqi aktların kolliziyası, yəni ictimai münasibətləri tənzimləyən normativ hüquqi aktlarda olan ziddiyyətin mahiyyəti ondan ibarətdir ki, bu münasibətləri tənzimləyən iki və ya daha çox hüquq norması mövcud olduğu halda, onlardan birinin tətbiqi digərlərinin tətbiq edilməsini istisna edir. Belə yanaşma həmçinin mövcud qanunvericilikdə də öz əksini tapmışdır. Hüquq kolliziyalarının mövcudluğu istənilən qanunvericilik sisteminin mürəkkəbliyi və çoxşaxəliliyi ilə izah edilir. Məhz buna görə uzun illər ərzində müxtəlif ölkələrin hüquq təcrübəsində hüquq kolliziyalarını həll edən bir sıra prinsiplər formalaşmışdır. Bu prinsiplərə ilk növbədə iyerarxiya (Lex superior derogat legi inferiori), zaman (Lex posterior derogat legi priori) və məzmun (Lex specialis derogat legi generali) prinsiplərini aid etmək olar. Fərqli hüquqi qüvvəyə malik olan hüquqi aktlar arasında kolliziyalar iyerarxiya prinsipi ilə, eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların normaları arasında kolliziyalar isə digər iki prinsipin tətbiqi nəticəsində aradan qaldırılır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 11-ci maddəsinin məzmununa görə normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasında üstünlük ilk növbədə iyerarxiya prinsipinə verilmişdir, kolliziya aradan qaldırılmadıqda isə ikinci növbədə ardıcıl olaraq Konstitusiya Qanununun 10.2-10.5-ci maddələrinin normaları tətbiq edilir. İyerarxiya prinsipinin məzmunu, Konstitusiyanın 148 və 149-cu maddələrinin müddəalarına müvafiq olaraq Konstitusiya Qanununun 2-ci maddəsində təsbit olunmuşdur. Məhkəmə «Təlimatın» qeyd olunan bəndinin mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmasını nəzərə alıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göründüyü kimi mülki qanunvericiliyi mülkiyyət hüququnun başqa şəxsə keçməsi üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı alınan daşınmaz əşyadan istifadə hüququna malik olan şəxsin razılığının alınmasını tələb edir, fiziki şəxsin daimi qeydiyyatı barədə bir söz deyilmir. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan isə Şirvan şəhəri, F.Cavadov küçəsi 5 saylı fərdi yaşayış evində qeydiyyatda olan X2 həmin yaşayış sahəsinə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən olunmamış, yaşadığı yer üzrə qeydiyyatı isə Mülki Məcəllənin 228.1-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə hüququ anlamını vermir. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Həmçinin məhkəmə analoji hal kimi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 3 noyabr 2015-ci il tarixli Qərarında göstərilmiş mövqeyi bildirərək qeyd edir ki, həmin Qərarın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən məhkəmə Mülki Məcəllənin 158.3-cü maddəsinin tələblərini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Ona görə də məhkəmə nəzərə çatdırır ki, Şirvan şəhəri, F.Cavadov küçəsi 5 saylı fərdi yaşayış evində qeydiyyatda olan X2 mənzil hüququnun müdafiəsi baxımından digər əsaslarla yaşayış sahəsindən istifadə hüququna malik olduğu halda mülkiyyət hüququnun başqa şəxsə keçməsi onun həmin əmlakdan istifadə hüququnun xitamına səbəb olmur. Bununla yanaşı məhkəmə mülkiyyət hüququnu məhdudlaşdıran Azərbaycan Respublikası Mülki Məcəllənin digər müddəalarını da nəzərdən keçirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. İş üzrə tədqiq edilmiş sübutlardan Şirvan şəhəri, F.Cavadov küçəsi 5 saylı fərdi yaşayış evinin ümumi paylı mülkiyyətdə olması müəyyən olunmadığından Mülki Məcəllənin 215.5 və 218.1-ci maddələrinin tələblərinin tətbiqinə də lüzum qalmamışdır. Beləliklə məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şirvan şəhər 1 saylı Notariat Ofisinin üzərinə Şirvan şəhəri, F.Cavadov küçəsi 5 saylı fərdi yaşayış evində qeydiyyatda olan X2 razılığı olmadan mənzilə dair sərəncam verilməsi əqdinin təsdiq edilməsi öhdəliyi qoyulmalı, bununla da iddia təmin olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Şirvan şəhər 1 saylı Notariat Ofisinin üzərinə Şirvan şəhəri, F.Cavadov küçəsi 5 saylı fərdi yaşayış evinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçünçü şəxs X2 razılığı olmadan mülkiyyətçi İddiaçı tərəfindən X6 bağışlaması müqaviləsini təsdiq etmə notariat hərəkətinin aparılması öhdəliyi qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar