Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1688/2025 01.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı Shamedov Arifin iştirakı ilə, İddiaçı Rusiya Federasiyası vətəndaşı Shamedov Arifin (MYİ 0******) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Shamedov Arifin Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 (yeddi min beş yüz) manat pulun və ödənilmiş 96 (doxsan altı) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)-134/2024 saylı hökmü ilə Azərbaycan respublikası CM-nin 178.2.2 və 178.2.4-cü madələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinrək 03 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olaraq yaşayır, onun ata evi Şirvan şəhəri Çılpaqlı qəsəbəsində yerləşir. Cavabdeh ilə həmin qəsəbədə yerləşən çayxanada 2020ci ildə tanış olmuşdur. Rasif həmin vaxtlar qeyd etdiyi ərazidə “Azərsu” idarəsinin işçisi kimi fəaliyyət göstərmişdir. O, həmin vaxtlar Miqrasiya idarəsində tanışı olan bir nəfər şəxs axtarmışdır ki, ona Azərbaycan Respublikası vətəndaşlığı düzəltdirsin. Rasif də bunu eşitmiş və ona demişdir ki, adamı vardır, ona vətəndaşlıq düzəldə bilər. Rasif ona bildirmişdir ki, 3100 manat pul qarşılığında ona Azərbaycan Respublikasının vətəndaşlığı düzətdirə bilər. 2020-ci ilin-sentyabr ayının ortalarında Rasiflə Şirvan şəhərində, Çılpaqlı qəsəbəsində çayxanada görüşmüşlər. Cavabdeh ona pulu hazırlayıb-hazırlamadığını soruşduqda, bildirmişdir ki, pul yaşadığı evdədir. Cavabdeh ona bildirmişdir ki, bu gün görüşsünlər, pulu ona versin ki, o da onun sənədlərini hazırlasın. 2020-ci ilin sentyabr ayında o, Cavabdehla Şirvan şəhəri, Xəqani küçəsində görüşmüş, həmin küçədə o, avtomobilinin içərisində Rasifə 3100 manat pul vermişdir. Bundan sonra Rasif ona demişdir ki, narahat olmasın, adam var, onunla danışıb ona Azərbaycan Respublikası vətəndaşlığı düzətdirəcək. Daha sonra 2020-ci ilin sentyabr ayında Rasif ona bildirmişdir ki, vətəndaşlıq almaq üçün 600 manat pul lazımdır. 2020-ci ilin sentyabr ayında Rasif ilə Şirvan şəhəri, L.İbrahimov küçəsində yerləşən “Foto Uğur” mağazasının qarşısında görüşmüş və Rasifə 600 manat pul vermişdir. Rasif ona pulun sənədlərə və dövlət rüsumu ilə əlaqədar lazım olduğunu demişdir. Ona vətəndaşılığın verilməsi ilə bağlı işinin isə 2021-ci ilin oktyabr ayına kimi bitəcəyini bildirmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayında Rasif ona demişdir ki, csənin sənədlərinə imtina verilib, buna görə 600 manat da pul lazımdır. O, Rasiflə buna görə həmin gün Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən 9 mərtəbəli binanın qarşısında görüşmüş və Rasifə 600 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin may ayında Rasif ondan 500 manat pul istəmişdir ki, Əmək və X1 Nazirliyinə köçürəcək. Rasiflə Şirvan şəhəri Tofiq İsmayılov küçəsində görüşüb, sonuncuya 500 manat pul vermişdir. Rasif ona ***-***-**-** saylı nömrəni vermişdir ki, bununla əlaqə saxlasın, adı Aidə xanımdır, guya ki, Miqrasiyada işləyir. O da onunla əlaqə saxlamış, həmin Aidə kimi özünü təqdim edən qadın ondan 1000 manat pul istəmişdir ki, prezident aparatından sənəd almaq üçün lazımdır. O da xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, S.Vurğun küçəsində Cavabdeh ilə görüşüb sonuncuya 800 manat pul vermişdir. Bundan təxminən 1 ay sonra, yəni iyul ayında Rasif ondan daha 200 manat pul istəmiş və həmin pulu Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Tural” şadlıq sarayını həyətində 200 manat pulu Rasifə əlbəəl vermişdir. Rasif isə hər dəfə ona demişdir ki, onun işini düzəldəcək. 2022-ci ilin iyul ayında arvadı Gülnarə Şamedovanın sosial müavinəti kəsilmişdir. O da, həmin müavinatı yenidən düzəltdirmək istəmişdir. O, Rasifdən sosial müavinat düzəltdirmək üçün əlaqələrinin olub-olmamasını soruşmuş, Rasif isə ona düzəldə biləcəyini bildirmişdir. Bununla əlaqədar Rasif ondan həyat yoldaşının şəxsiyyət vəsiqəsinin surətini, nikah şəhadətnaməsinin surətini almış və işin müqabilində 1500 manat pul lazım olduğunu bildirmişdir. O da arvadından xəbərsiz yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsi bina 26-nın qarşısındakı parkda 2022-ci ilin iyul ayında Rasiflə görüşmüş və orada Rasifə 1500 manat pul vermişdir. Rasif hər dəfə onu aldadaraq işlərinin düzələcəyin bildirsə də, heç bir irəliləyiş olmamışdır. Bundan baqşa Rasif 2023-cü ilin iyul ayında ondan öz vətəndaşlıq işi ilə əlaqədar olaraq 200 manat pul istəmişdir. O da xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, S.Vurğun küçəsi Cavabdeh ilə görüşmüşdür. Cavabdeh 200 manat pul vermiş, Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onun işlərini düzəltmədiyi üçün Şirvan şəhər polis şöbəsinə məlumat vermək qərarına gəlmişdir. Daha sonra öyrənmişdir ki, Rasif ondan başqa şəxsləri də aldatmışdır. Buna görə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Ümumilikdə, ona 7500 manat maddi ziyan dəymişdir. Cavabdeh şikayətçidir, dəymiş ziyanı ödənilməsini tələb edir. Həm istintaq və məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs onunla heç bir barışıq əldə etməmiş, ona vurduğu 7500 manat puldan heç bir ödəniş etməmişdir. Sonradan iddiaçı Shamedov Arif iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh 7500 (yeddi min beş yüz) manat pulun və ödənilmiş 95 (doxsan beş) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Shamedov Arif iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsinin surəti və məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 14 saylı Cəzaçəkmə Müəssisəsinə məhkəmə bildirişi göndərilmiş, bildiriş cəzaçəkmə müəssisəsinə çatdırılmasına baxmayaraq Cavabdeh iddia tələbinə dair mülahizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)- 134/2024 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 06 dekabr 2023-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “CD” disk və 05 (beş) ədəd ödəmə qəbzlərinin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılması, zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqlarının izah edilməsi hökm edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)-134/2024 saylı hökmü ilə Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməsi təsdiq olunduğundan, mülki hüquq pozuntusu nəticəsində iddiaçı Shamedov Arifə vurulmuş maddi zərər Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Maddi zərərin əvəzi olaraq tutulmalı olan məbləğə gəldikdə, məhkəmə qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)- 134/2024 saylı hökmü ilə maddi zərərin məhz 7500 (yeddi min beş yüz) manat məbləğində müəyyən olunmasını nəzərə alıb, hesab edir ki, dəymiş maddi zərərin əvəzi olaraq 7500 (yeddi min beş yüz) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı Shamedov Arifə verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə xərcləri ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 95 (doxsan beş) manat alınaraq iddiaçı Shamedov Arifə verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Shamedov Arifə ödənilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin . Cavabdeh ödənilmiş dövlət rüsumu kimi 95 (doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Shamedov Arifə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1688/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1688/2025
01.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver