Məhkəmə qərarları › İş №2(032)-176/2025

Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(032)-176/2025

24.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-176/2025 24.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə qiyabi icraat qaydasında Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1000 manat pulun və tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 1030 manat pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixində özünə məxsus torpaq sahəsini satan şəxs kimi tanış olmuşdur. Şirvan şəhər sakini Xəqani küçəsi, mənzil 135-də yaşayan (3 barmaq tərəf) Cavabdeh özünə məxsus “Bağ evləri” adlanan ərazidə 4 sot torpaq sahəsini aprel ayında müxtəlif elan saytlarında qiyməti 7500-9500 manata satışa çıxarmışdır. Alıcı olaraq 23 aprel 2024-cü il tarixində torpaq sahəsinə baxmaq üçün ünvan 1 ünvanında görüşmüşlər. Cavabdeh bildirmişdir ki, öz həyətyanı torpaq sahəsinin bir qismini (4 sot) satmaq məqsədi var. Bölgü sənədlərinin hazır olduğunu və rüsum ödədikdən sonra götürəcəyini qeyd etdi. Satıcı həm müştərinin çoxluğunu, həm də sənədlərin hazırlanmasına 1000 manat pul lazım olduğunu bildirmişdir. Ona 1000 manat pul verməyini istədi. Cavabdehin səmimiliyinə inanaraq ona həyətlərində 1000 manat pul verərək sənədlərin hazırlanması şərti ilə razılaşdılar. Səhəri gün torpaq sənədlərinin toplanması üçün müvafiq dövlət orqanına yaxınlaşdıqda məlum oldu ki, torpağın çıxarışı yoxdur və sənədlər qaydasında deyil. Torpaq sahibi anası ilə birlikdə ondan sənədin düzəlməsi üçün bir neçə gün vaxt verməyini istədilər. Beləliklə, 24 aprel tarixindən 17 may tarixinədək müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışmışlar. Nəticədə 17 may tarixində istifadə etdiyi nömrələrə zəng çatmadı. Yaşayış yerinə yaxınlaşsa da cavab verən olmamışdır. Dələduzla bağlı telefon zəngləri və yazışmaları var. Məhkəmənin xx.xx.2025-cİ il tarixli iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı ilə Cavabdeh arasında “Whatsapp” mobil tətbiqi ilə aparılan yazışmalardan görünür ki, iddiaçı cavabdehə torpaq alğı-satqısı ilə bağlı verdiyi 1000 manat məbləğində pulun qaytarılmasını tələb edir, cavabdeh isə həmin pulu müəyyən zaman aralığında qaytaracağına dair verdiyi vədlər öz əksini tapmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı dayısı oğludur. Aprel ayında onunla “bağ evləri” massivində torpaq almaq məqsədi ilə torpaq sahibi, satıcı Kazım adlı şəxs ilə görüşmüşlər. Torpaq sahəsinə baxdıqdan sonra razılığa gəlmişlər. Kazım, bölgü sənədlərinin hazır olduğunu və rüsum ödədikdən sonra götürəcəyini qeyd etmişdir. O, sənədlərin götürülməsi üçün Muxtardan 1000 manat pul verməyini istədi. Qapılarının qarşısında Muxtar Kazıma torpaq sənədlərinin rüsumu üçün 1000 manat pul vermişdir. Həmin vaxt Kazımın tanımadıqları qonşusu və anası da orada olmuşdur. Səhəri gün Bələdiyyədə Kazım adlı şəxsin sənədlərində problem olduğu aşkar olundu. Muxtar pulunun geri qaytarılmasını istədikdə, Kazım bir neçə gün vaxt verməsini istədi. Sonradan müxtəlif bəhanələrlə vaxt uzatmağa çalışdı. 17 may tarixindən sonra ona zəng çatmadı. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 4 sot torpağın sənədlərinin hazırlanması məqsədi ilə 1.000 manat məbləğində pul almış, torpağın sahibi və anası birlikdə sənədin düzəlməsi üçün bir neçə gün vaxt verməsini istəmiş, lakin müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normaları tələbin hüquqi əsası kimi çıxış etməklə mübahisə üzrə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh iddiaçıdan 1000 manat pul alması nəticəsində onun hesabına əsassız varlanmışdır. Başqa sözlə, o, məhrum olanın tələbi ilə əldə etdiklərini qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. - 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə işin hallarını və yuxarıda qeyd olunan qanunvericilik aktlarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, tərəflər arasında şifahi razılığa əsasən cavabdeh torpaq sənədləşmə işləri ilə bağlı iddiaçı qarşısında öhdəlik götürmüş, habelə öhdəliyik götürdüyü işi icra etməmiş və həmçinin həmin öhdəliyə əsasən iddiaçıdan götürdüyü 1000 manat məbləğində pulu tam qaytamalı olduğu halda, qaytarmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış, məhz elə buna görə iddiaçının tələbi ilə 1000 manat məbləğində pul ona qaytarmalıdır. Odur ki, Cavabdeh 1.000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 1.000 (bir min) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı verilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar