Məhkəmə qərarları › İş №2(032)-1788/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1788/2024

06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1788/2024 06.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , İddiaçı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi Şirvan Şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə, iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsini formasına və məzmununa riayət edilməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı yararsız vəziyyət salınmış mənzilinin təmiri üçün tələb edilən 500 (beş yüz) manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsindən güründüyü kimi, iddia ərizəsində cavabdehin adı göstərilsə də soyadı, atasının adı, cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s.), habelə şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar göstərilməmiş, iddiaçının tələbini təsdiq edən sübutlar ərizəyə əlavə edilməmişdir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə məhkəmə ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlir ki, iddia ərizəsində cavabdehə aid məlumatların tam göstərilməməsi və ərizəyə iddiaçının tələbini təsdiq edən sübutların əlavə edilməməsi ərizənin Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına riayət edilməməsi kimi qiymətləndirilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149-152-ci, 263-264-cü, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar