Məhkəmə qərarları › İş №2(032)-2020/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-2020/2024

25.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-2020/2024 25.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , İddiaçı cavabdeh Şirvan şəhər Bələdiyyəsinə qarşı “Cavabdeh Təral oğlunun işdən çıxarılması və büdcəyə təzminat ödəməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh Şirvan şəhər Bələdiyyəsinə qarşı “Cavabdeh Təral oğlunun işdən çıxarılması və büdcəyə təzminat ödəməsi” tələbinə dair iddia ərizəsi Şirvan Şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinin 6-cı bənindən görünür ki, bələdiyyə orqanlarının vəzifəli şəxsi – yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir. 25-ci maddəsinin 1- ci bənindən görünür ki, bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır. Həmin Qanunun 25-ci maddəsinin 2-ci bənindən görünür ki, bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun : 2-ci maddəsindən görünür ki, bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. Həmin Qanunun 5-1-ci maddəsindən görünür ki, bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər. Həmin Qanunun 10-cu maddəsindən görünür ki, əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmin Qanunun 12-ci maddəsindən görünür ki, bələdiyyə qulluqçularının qanunsuz qərarlarından və hərəkətlərindən (hərəkətsizliklərindən) bələdiyyələrin struktur bölmələrinin rəhbərlərinə, bələdiyyə sədrinə və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin : 2-ci maddəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-in 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. MPM-in 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şirvan şəhər Bələdiyyəsinə qarşı “Cavabdeh Təral oğlunun işdən çıxarılması və büdcəyə təzminat ödəməsi” barədə iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni ərizəyə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı bələdiyyə qulluqçularının qanunsuz qərarlarından və hərəkətlərindən (hərəkətsizliklərindən) bələdiyyələrin struktur bölmələrinin rəhbərlərinə, bələdiyyə sədrinə və ya müvafiq məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar