Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-21/2024 05.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, İddiaçı Cavabdeh qarşı cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 2 evin 9 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda olan ½ hissədə payının 10000 manata cavabdeh tərəfindən alınması, bu mümkün olmadıqda mənzilin açıq hərraca çıxarılaraq satılması və əldə ediləcək məbləğin paylara müvafiq olaraq cavabdehlə aralarında bölünməsi tələbinə dair mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 2 evin 9 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda olan ½ hissədə payının 10000 manata cavabdeh tərəfindən alınması, bu mümkün olmadıqda mənzilin açıq hərraca çıxarılaraq satılması və əldə ediləcək məbləğin paylara müvafiq olaraq cavabdehlə aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə girməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X1 adlı övladları anadan olmuşdur. Şirvan şəhər Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin qətnaməsi ilə cavabdehlə birgə nikah dövründə əldə etdikləri Şirvan şəhəri, H.Əliyev küçəsi 5 saylı evin 9 saylı mənzilinə dair paylar Cavabdeh və İddiaçı hər birinə ½ hissədə müəyyən edilmişdir. Bununla bağlı mülkiyyət hüququ müvafiq çıxarışla qeydə alınmışdır. Hal-hazırda cavabdehlə birgə mülkiyyətlərində olan ünvan 2 evin 9 saylı mənzildə yaşamaqları qeyri-mümkündür. Bu səbəbdən də qeyd edilən mənzilin hərraca çıxarılaraq satılması və əldə ediləcək məbləğin paylara uyğun olaraq cavabdehlə aralarında bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı və vəkili Vəkil iddianı müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, həmin evin satılmasına razı deyil, ev bir otaqlıdır, iddiaçı həmin mənzilə istədiyi vaxt köçüb yaşaya bilər. Məhkəmə iddiaçının izahatını, vəkilinin çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarındakı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil ½ hissə üzrə Cavabdeh adına xx.xx.2013-cü ildə, İddiaçı adına isə ½ hissə üzrə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Şirvan şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-909/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/7329 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən 5 saylı evin 9 saylı (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda isə daşınmaz əmlakın ümumi sahəsi 30.3 kv.metr) mənzilin faktiki vəziyyətinə görə, mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidməti sahələrini (mətbəx, dəhliz, və s.) yalnız bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4, 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun mənzilin tərəflərin hər birinin payına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən 5 saylı evin 9 saylı mənzilin yerləşdiyi ərazyə dair birja və internet məlumatları olmadığından, həmin mənzilin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tədqiqat aparılmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxa bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzil ½ hissə Cavabdeh və ½ hissə İddiaçı məxsus olmaqla tərəflərin paylı mülkiyyətindədir. Mənzilin naturada bölgüsü texniki cəhətdən mümkün olmamışdır. İddiaçı öz payının dəyərinin digər mülkiyyətçi olan cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də, cavabdeh iddia tələbini ümumiyyətlə qəbul etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmlakın məhkəmə qərarı əsasında hərracdan satılmasını tələb etməkdə haqlı olduğu nəticəsinə gəlir və hesab edir ki, tərəflərin paylı mülkiyyətində olan H.Əliyev küçəsi 5 saylı evin 9 saylı mənzil hərraca çıxarılmalı, ev satıldıqdan sonra əldə olunan məbləğ tərəflər arasında paylarına mütənasib şəkildə bölünməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 120 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərci isə mütənasib olaraq cavabdehə və iddiaçıya aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 2 evin 9 saylı mənzili açıq hərraca çıxarılaraq satılsın. ünvan 2 evin 9 saylı ünvanında yerləşən mənzilin açıq hərracdan satışından əldə olunan vəsait İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə bölüşdürülərək onlara ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının xərci olaraq Cavabdeh 25 (iyirmi beş) manat, İddiaçı 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ**********0000003944 saylı bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-21/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-21/2024
05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver