Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-210/2023 31.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı «X8” MMC-nin cavabdeh X3 qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə olan mülki işə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «X8” MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 4319,4 manat məbləğində pulun tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmiş, iddiasını onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının Kaliningrad şəhərində yerləşən, beynəlxalq daşımalarla məşğul olan şirkət "X8" MMC ilə X4 arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır. Bundan sonra X5 markalı, qoşqulu, 1995-ci il istehsalı, dövlət nömrə nişanı P099KK-39 olan avtomobil tam maddi məsuliyyət barədə müqavilə əsasında onun istifadəsinə verilmişdir. Avtomobilin Pribaltika ölkələrinin ərazisindən tranzit yolu ilə keçməsi vacib olduğu üçün, hətta şirkət tərəfindən Qaçayevə müvafiq VİZA da alınmış, daha sonra o, xx.xx.2022-ci il tarixdə yüklü avtomobillə əvvəlcə Moskva şəhərinə, sonra isə Azərbaycana, Bakı şəhərinə yola düşmüşdür. Şirkətlə telefon əlaqəsi zamanı məlum olmuşdur ki, Moskva şəhərində qəbul etdiyi digər yükü Bakı şəhərində təhvil vermiş, lakin heç bir üzürlü səbəb olmadan şirkətdə iş fəaliyyətini davam etdirmək və avtomobili şirkətin bazasına geri qaytarmaqdan imtina etmişdir. X7 idarəsinin müdaxiləsi olduqdan sonra 2022-ci ilin may ayında avtomobil şirkətin təmsilçisinə təhvil verilmişdir. Qaçayevin qanunsuz hərəkətləri nəticəsində bir aydan çox müddət ərzində avtomobil Azərbaycan Respublikası ərazisində qalmış, şirkətə 100 min rus rublu və ya bu günkü kursla 2710 azn və 1609,04 azərbaycan manatı məbləğində, cəmi isə 4319,04 azn (dörd min üç yüz on doqquz manat 4 qəpik) maddi ziyan dəymişdir. Belə ki, xx.xx.2022-ci il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, 14 ünvanda yerləşən dayanacağda avtomobilin saxlanmasına görə 245 azn ödənilmiş, avtomobilin Azərbaycanda qalmasına izin verilmiş vaxtdan çox ləngiməsinə görə ölkəni tərk edərkən 1362,04 (bir min üç yüz altmış iki manat 04) ödənilmiş və avtomobillə qoşqusunun icarəsinə görə ödənilmiş aylıq icarə haqqı isə 100 min rubl (hazırkı kursla 2710 manat azn) təşkil etmişdir. Yaranmış əmək mübahisəsinin məhkəməyə qədər həlli, dəymiş ziyanın ödənilməsi üçün mediasiyaya müraciət etsələr də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də, şirkətə dəymiş maddi ziyanın qayarılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçı «X8” MMC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdeh iddia tələbi ilə razılaşaraq vurulmuş ziyanın bir hissəsini yəni, 1360 manat ekvivalent olan 800 ABŞ dolları məbləğində pul vəsaitini şirkətə ödəmişdir. Odur ki, cavabdeh X1 2959 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər, bunun səbəbi barəsində heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdeh X2 iştirakı olmadan işə baxılması mümkündür. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli Əmək müqaviləsindən görünür ki, "X8" MMC ilə X4 arasında sonuncunun şirkətdə sürücü ekspeditor qismində işə götürülməsi barədə əmək müqaviləsi bağlanmışdır. "X8" MMC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət barədə müqaviləyə əsasən cavabdeh şirkət qarşısında ona etibar edilmiş əmlak barəsində tam maddi məsuliyyət daşımasını üzərinə götürür. xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən X5 markalı, qoşqulu, 1995-ci il istehsalı, dövlət nömrə nişanı P099KK-39 olan avtomobil həmin müqavilə əsasında X2 istifadəsinə verilmişdir. xx.xx.2022-c il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarda müəyyən olunmuşdur ki, izahatı alınmış X4 göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından "X8" MMC-də sürücü işinə düzəlmiş, işi MMC tərəfindən ona təhkim edilmiş yük avtomobillərini idarə etmək olmuşdur. Onun Şirkət ilə danışığına əsasən Reno markalı, qoşqulu, 1995-ci il istehsalı, dövlət nömrə nişanı P099KK-39 olan yük avtomobili işlək vəziyyətə gətirib onunla müxtəlif ölkələrə yük daşımaq olmuş, danışıqlarına əsasən xərcləri çıxandan sonra qalan pulu MMC ilə yarıbayarı bölmək olmuşdur. O yükü daşıyandan sonra MMC verdiyi sözə əməl etməmiş və ona çatan pulu xərclər kimi qiymətləndirərək pulunu kəsmişdir. Bundan sonra o, işləməmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə o, Moskva şəhərinə yola düşmüş, Moskva şəhərində yükü qəbul edib Bakı şəhərinə gəlmiş, xx.xx.2022-ci il tarixdə o, Azərbaycan Respublikasına daxil olmuş, yükü Bakı şəhərində qeyd olunan yerə təhvil vermiş və müvafiq sənədləşmənin şəkillərini avtomobilini Lökbatan dairəsində dayanacaqda saxlayaraq bu barədə MMC-nin nümayəndəsi Ağalara demiş və avtomobili götürmələrini bildirmişdir. Bu zaman MMC rəhəbrliyi təkidlə ondan avtomobili özününün gətirməsini istəmişlər, o isə digər ölkədə başqa problemlərlə rastlaşma qorxusundan avtomobili gətirməyəcəyini demiş, MMC-nin işçilərinin ondan əl çəkməsi üçün o, yalandan barəsində cinayət işinin olduğunu və sərhəd çıxışına qadağa qoyulduğunu demişdir. Materiallara əlavə edilmiş MMC-nin nümayəndəsinin ərizəsində göstərilmişdir ki, ilkin müraciətə baxılaraq görünmüş tədbirlər zamanı avtomobilin MMC-yə qaytarılması təmin edilmiş, Şahmar Qaçayevin hərəkətləri nəticəsində MMC-yə 4900 manat maddi ziyan dəymişdir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçıya dəymiş zərərin məhz cavabdeh X4 tərəfindən vurulması sübuta yetirildiyindən həmin ziyan tələb olunan hissədə də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 50 manat mediasiya xərcindən və 15 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İddia təmin edilsin. Cavabdeh X1 2959 (iki min doqquz yüz əlli doqquz) manat, 50 manat mediasiya xərci və 15 manat dövlət rüsumu iddiaçı «X8” MMC-yə verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-210/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-210/2023
31.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver