Məhkəmə qərarları › İş №2(032)-2139/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-2139/2025

02.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-2139/2025 02.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4220 (dörd min iki yüz iyirmi) manat pulun və qızıl-zinət əşyalarının dəyəri olan 4550 (dörd min beş yüz əlli) manat məbləğində pulun, ümumlikdə 8770 (səkkiz min yeddi yüz yetmiş) məbləğində pul və ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh uzun müddətdir, tanıdığı və ona etibar etdiyi üçün müxtəlif vaxtlarda borc pul vermiş, həmçinin cavabdehin xahişi ilə qızıl-zinət əşyaları almasına köməklik etmişdir. Tərəflərin izahatları və Şirvan ŞPŞ-nin HK-1/2637 materialı üzrə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, aşağıdakı faktlar hər iki tərəfin ifadəsi ilə tam təsdiq olunur : 1. təxminən 7 ay əvvəl cavabdeh iddiaçıya müraciət edərək qızıl almaq istədiyini bildirmişdir. Mayis uzun illik tanışlığa əsaslanaraq onu tanış qızıl mağazasına aparmışdır. 2000-3000 manat dəyərində qızıl götürmüş, həmin qızılları lombarda qoyaraq pul götürmüş, mağazaya yanlız 200 manat ilkin ödəniş etmişdir.Qalan məbləğin ödənilməsi mümkün olmadığından, mağaza sahibi borcu iddiaçıdan tələb etmişdir. Təxminən 2 ay sonra cavabdeh yenidən Mayisə qızıl almaq üçün kömək istəmiş, Mayis etibar edərək onu yenə mağazaya aparmışdır. Bu dəfə cavabdeh 4000-5000 manat dəyərində qızıl götürmüş, həmin qızılları da lombarda qoymuş, mağazaya yanlız 500 manat ilkin ödəniş etmişdir. Mağazaya ümumlikdə 4550 manat dəyərində ödənilməmiş borc yaranmışdır. Cavabdeh izahatında ümumi 5100 manat qızıl götürdüyünü, yalnız 600 manat ödəniş etdiyini, qalanını isə ödəyə bilmədiyini təsdiqləmişdir. Cavabdeh daha sonra əlavə pul ehtiyacı olduğunu bildirmiş və Mayisdən bank kreditinin yenilənməsini xahiş etmişdir. Mayis etibar edərək bankdan 2000 manat pul götürmüş, bu pulu tam şəkildə cavabdehə vermişdir. Tərəflər arasında razılaşmaya əsasən cavabdeh borcu ayda 100 manat olmaqla , ümumilikdə 2400 manat qaytarmalı idi. Lakin cavabdeh yanlız 3 ay (300 manat) ödəmiş, qalan hissəni ödəməmişdir. Mayis həmin kredit üzrə ödənişləri bu günədək öz cibində edir. Cavabdeh müxtəlif vaxtlarda Mayisdən yenidən borc istəmiş və Mayis ona ümumlikdə 2020 manat əlavə borc vermişdir. Cavabdeh öz izahatında bu məbləği tam şəkildə təsdiq etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etdi, izahat verərək bildirdi ki, iddia tələbi ilə razıdır. Həqiqətən də, onun iddiaçıya 4220 (dörd min iki yüz iyirmi) manat və qızıl-zinət əşyalarının dəyəri olan 4550 (dörd min beş yüz əlli) manat məbləğində pul borcu vardır. Maddi imkanı olmadığından borcu tam ödəyə bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir . Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM): 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 4220 (dörd min iki yüz iyirmi) manat və qızıl-zinət əşyalarının dəyəri olan 4550 (dörd min beş yüz əlli) manat məbləğində pulun verilməsinə dair yazılı formada müqavilənin bağlanması müəyyən edilməmişdir. İş materiallarında olan İddiaçı Şirvan şəhər Polis Şöbəsinə xx.xx.2025-ci il tarixli müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh Şirvan şəhər Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, hal-hazırda işsizdir. İddiaçı ilə uzun müddətdir ki, tanışlıq münasibətləri var. Mayis ilə münasibətləri yaxşı olmuş, aralarında dava dalaş və ya ədavət olmamışdır. Təxminən 7 ay bundan əvvəl tanımış, Mayisdən onun üçün qızıl götürməsini istəmiş, Mayıs onunla razılaşmış, sonra birlikdə Mayisin tanışı mağazasına getmiş və ümumilikdə oradan 5100 dəyərində qızıl zinət əşyaları götürmüşdür. Həmin qızılları lombarda qoyaraq pul götürmüş, lombardan götürdüyü pulun bir qismini Mayisə, bir qismini isə digər borclarına vermişdir. Həmin qızılların pulundan sonra 600 manatı ödəmiş, lakin sonradan maddi vəziyyəti pis olduğu üçün ödəyə bilməmişdir. Bundan sonra yenidən pula ehtiyacı olduğu, Mayisdən ona borc verməsini istəmiş, Mayis bank götürəcəyini və həmin puldan verə biləcəyini demiş, onunla razılaşmış, sonra Mayis banka gedərək kredit götürmüş, həmin puldan 2000 manat ona vermiş və 2 il ayda 100 manat, yəni 2400 manat geri qaytaracağını demişdir. O, onunla razılaşmış və pulu Mayisdən almışdır. O, həmin puldan 3 ay yəni, ayda 100 manat Mayisin özünə vermiş və maddi imkanı yaxşı olmadığı üçün pulun qalanını ödəyə bilməmişdir. Bundan sonra yenidən pul lazım olmuş, pul lazım olan zamanlardan Mayisdən borc istəmiş və Mayis ona, ümumilikdə hissə-hissə 2020 manatdan borc pul almışdır. Hal-hazırda onun Mayisə 4020 manat borcu və qızıl-zinət əşyalarına isə 4550 manat borcu qalmışdır. Yaxın zamanlarda Mayisə olan borcundan bir qismin ödəyəcəyinə söz vermisdir. MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Məhkəmə qeyd edir ki, MM-in 324.1-324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Qeyd edilməlidir ki, müqavilə tərəflər arasında öhdəliyini əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Beləcə, MM-də əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (MM-in 337.1, 337.4 və 337.5-ci maddələri). Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Bununla bağlı, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir; Habelə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Beləcə, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Yuxarıda sadalanan normalara əsasən belə qənaətə gəlmək olar ki, tərəflər arasında 2025-ci ildə yaranmış münasibətlər borc müqaviləsindən irəli gələn münasibətlərlə bağlı olmasına baxmayaraq, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğu halda aralarındakı münasibət yazılı qaydada rəsmiləşdirilmədiyindən müqavilənin etibarlılıq şərtlərinə cavab vermir. Qanunun tələbinə görə isə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh Şirvan şəhər Polis Şöbəsində verdiyi izahatında iddiaçıdan 4220 (dörd min iki yüz iyirmi) manat və qızıl-zinət əşyalarının dəyəri olan 4550 (dörd min beş yüz əlli) manat məbləğində pul vəsaitini aldığını etiraf etsə də, onlar arasındakı razılaşma etibarlı sayıla bilməz və tərəflər arasındakı hazırkı münasibətlərə borc müqaviləsinə dair qaydalar tətbiq edilə bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçıdan 4220 (dörd min iki yüz iyirmi) manat və qızıl-zinət əşyalarının dəyəri olan 4550 (dörd min beş yüz əlli) manat olmaqla ümumlikdə 8770 (səkkiz min yeddi yüz yetmiş) manat məbləğində pul almaqla cavabdehdə qalması onun əsassız varlanmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd edilən mülki qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh hər hansı bir qanuni və ya müqavilə əsası olmadan iddiaçıdan pul əldə edərək əsassız varlanmışdır. Bu səbəbdən iddia tələbi təmin olunaraq, 4220 (dörd min iki yüz iyirmi) manat və qızıl-zinət əşyalarının dəyəri olan 4550 (dörd min beş yüz əlli) manat olmaqla ümumlikdə 8770 (səkkiz min yeddi yüz yetmiş) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir . MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu,məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4220 (dörd min iki yüz iyirmi) manat və qızıl-zinət əşyalarının dəyəri olan 4550 (dörd min beş yüz əlli) manat olmaqla ümumlikdə 8770 (səkkiz min yeddi yüz yetmiş) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş, həmçinin cavabdeh məhkəmə iclasında iddiaçının tələb etdiyi miqdarda ona borclu olduğunu etiraf etmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4220 (dörd min iki yüz iyirmi) manat və qızıl-zinət əşyalarının dəyəri olan 4550 (dörd min beş yüz əlli) manat olmaqla ümumlikdə 8770 (səkkiz min yeddi yüz yetmiş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin . Cavabdeh ödənilmiş dövlət rüsumu kimi 110 (bir yüz on) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar