Məhkəmə qərarları › İş №2(032)-223/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-223/2024

09.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-223/2024 09.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Şirvan şəhəri L-nt İbrahimov küçəsi 26 saylı evin 35 №-li mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsini və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun alınıb ona verilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır və həmin mənzil hazırda şəxsi mülkiyyətində olmaqla qanuni istifadəsindədir. İş üzrə Cavabdeh onun bacısıdır. Ona uzun müddət bundan əvvəl, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzil verilmiş və uzun müddətdir ki, o həmin mənzildə yaşayır. İş üzrə Cavabdeh qeydiyyat lazım olduğu üçün, onu xüsusi mülkiyyətində olan Şirvan şəhəri, L.İbrahimov küçəsi, ev 26, mənzil 35-ə 2022-ci ildə qeydiyyata götürmüşdür. Həmin gündən bu günə kimi o, yəni Cavabdeh xüsusi mülkiyyətində olan bu mənzildə heç vaxt yaşamamışdır. Ona hazırda xüsusi mülkiyyətində olan bu mənzildən qeydiyyatdan çıxmasını bildirsə də, o könüllü olaraq qeydiyyatdan çıxmaq istəmir. Hal-hazırda iş üzrə Cavabdeh onun xüsusi mülkiyyətində olan bu mənzildə qeydiyyatda qalması onun həmin mənzildən sərbəst istifadəsinə və ya onun üzərində sərəncam verməsinə maneçilik törədir. Bundan başqa Cavabdeh qeydiyyatı formal olaraq orada qalmışdır. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Odur ki, o məcburiyyət qarşısında qalaraq aidyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iddia tələbi ilə razı olduğunu və iddianın təmin edilməsinə razı olduğunu bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Cavabdeh iddianı etiraf etməsi barədə məhkəməyə ərizə göndərməsinə baxmayaraq məhkəmə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinin qanuni əsaslarını yoxlamamışdan əvvəl cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlib-gəlməməsini yoxlamalı olmuşdur. İş materiallarında olan : Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri X1 küçəsi 26 saylı evin 35 №-li mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında 8 №-li reyestr kitabında 147 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 08 fevral 2024-cü il tarixli, 5-8-1/2-51/2024 nömrəli məktubdan görünür ki, Cavabdeh xx.xx.2022-ci tarixdən Şirvan şəhəri L.İbrahimov küçəsi 26 saylı evin 35 №-li mənzilində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda bü ünvanda yaşamır. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şirvan şəhəri L.İbrahimov küçəsi 26 saylı evin 35 №-li mənzili İddiaçı adına 2009-cu ildə qeydə alınmış, Cavabdeh 2022-ci ildə İddiaçı mülkiyətində Şirvan şəhəri L.İbrahimov küçəsi 26 saylı evin 35 №-li mənzilinə qeydiyyata düşmüş, mübahisəli Şirvan şəhəri L.İbrahimov küçəsi 26 saylı evin 35 №-li mənzilindən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri isə tərəflər arasında 2022-ci ildə yaranmışdır. Ona görə də məhkəmə mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməli olmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh mübahisəli evdə qeydiyyatda olmasına istinad edib, hesab etmişdir ki, cavabdehin ona məxsus olan evdə qeydiyyatda olması onun yaşayış sahəsindən istifadə hüququnun olmasına dəlalət edir. Halbuki «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış binasının tərkib hissəsindən «istifadə hüququ»nun hüquqi əsaslarını yoxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki,ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq,şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa,həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq ,şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa,onda həmin şəxs Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərhi nəzərə alıb, hesab edir ki, Cavabdeh Şirvan şəhəri L.İbrahimov küçəsi 26 saylı evin 35 №-li mənzilin mülkiyyətçisi olan İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olmadığından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxil deyildir. Habelə, Cavabdeh İddiaçı iddia ərizəsində bildirdiyinə görə bacısı olduğu təqdirdə ailə üzvü sayılması üçün həmçinin mülkiyyətçi ilə birlikdə yaşayış sahəsində yaşamalıdır. Lakin həm iddia ərizəsindən, həm də məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə cavabdehin ümumiyyətlə iddiaçı ilə yaşamamasını bildirdiyindən müəyyən olunur ki , Cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxil deyildir. Belə olan halda isə məhkəmə qeyd edir ki, Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü olmadığından, onun Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yoxdur. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb belə bir nəticəyə gəlir ki, Cavabdeh Şirvan şəhəri L.İbrahimov küçəsi 26 saylı evin 35 №-li mənzilindən «istifadə etmək hüququ» 01 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən yaranmadığından, mövcud olmayan hüquqa xitam verilməsi tələbi əsassızdır. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli Şirvan şəhəri L.İbrahimov küçəsi 26 saylı evin 35 №-li mənzilindən istifadə etmək hüququ olmadığından, mövcud olmayan hüquqa xitam verilməsi də yolverilməzdir. Ona görə də mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi tələbi məhkəmə hesab edir ki, təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar