Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-231/2023 15.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı İsmayıl qızının Cavabdeh Bəzirgan qızına qarşı yaşayış və istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İsmayıl qızı Cavabdeh Bəzirgan qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus olan evindən Cavabdeh Bəzirgan qızının yaşayış və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bəzirgan qızı ilə oğlu X1 15 aprel 2019-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar, birgə nikahdan bir uşaqları anadan olmuşdur. Cavabdehlə oğlu Arif ailə qurduqdan sonra çox az müddət onun evində yaşamışdır. Cavadeh gəlin gəldiyi gündən dəfələrlə acıq edib onun evindən getmişdir, oğlu ilə birlikdə kirayədə yaşamışlar, sonunda isə xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar, hazırda aralarında olan nikah Şirvan şəhər məhkəməsi tərəfindən pozulmuşdur. Cavabdeh Bəzirgan qzı onun ünvan 2 ünvanda yerləşən evində sadəcə fomal olaraq qeydiyyatdadır. Onun qeydiyyatdan çıxarılması ilə əlaqədar Şirvan şəhər PŞnin QvŞv qrupuna muraciət etdikdə mübahisənin məhkəməyə aidiyyəti olduğu üçün məhkəməyə muraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda ona məxsus olan evə aid müəyyən vacib sənədlər əldə etmək istədikdə belə çətinliklər ortaya çıxmış və bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 09 iyun 1992-ci il tarixli, 473 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şirvan şəhəri T. İsmayılov kuçəsi ev 17, 40 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı İsmayıl qızının adına daşınmaz əmlakın dövlət reyestrində 07 nömrəli reyestr kitabında qeydiyyata alınmışdır. İş materiallarında olan Şirvan şəhər Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 17 noyabr 2022-ci il tarixli, 305-34267B-3222 nömrəli məktubda qeyd edilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cü maddəsinə əsasən) şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış üzrə qeydiyyatdan çıxarır: yaşayş yerini dəyişdikdə, yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə, AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşların yaşayış yeri qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuna minmiş qətnaməsi olmadığı üçün, həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Ərizə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)- 25/2023 nömrəli qətnaməsindən görünür ki, X1 ilə Cavabdeh Bəzrigan qızı arasında Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2019-cu il tarixli 155 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçının ailə üzvü deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən, həmçinin cavabdehin müəyyən müddət orada yaşaması mənzildən istifadə hüququnun yaranması kimi qəbul edilmədiyindən yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, ümumiyyətlə cavabdehin mənzildə qeydiyyatda olması isə mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı İsmayıl qızının Cavabdeh Bəzirgan qızına qarşı yaşayış və istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-231/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-231/2023
15.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver