Məhkəmə qərarları › İş №2(032)-235/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-235/2023

15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-235/2023 15.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı aktın ləğvi və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Füzuli küçəsi ev 76 fərdi yaşayış evinə xx.xx.2022-ci ildə smart tipli sayğac quraşdırıldı və bununla bağlı müvafiq müqavilə imzalandı. xx.xx.2022-ci ildə “Azəriqaz” İB-nin nəznində fəaliyyət göstərən “Təmiz Qaz” nümayəndələri kimi özlərini təqdim edən şəxslər həyətinə daxil oldular və bildirdilər ki, çöldə quraşdırılmış qaz sayğacının giriş xəttində sızma var, ona görə təmir işləri aparılmalıdır. Həmin əməkdaşlar qaz sayğacının plombunu qırdılar, kranı dəyişdirdilər və yenidən plomb vuraraq sayğacı bağladılar. Görülmüş işlər barədə müvafiq akt tərtib etdilər. Təxminən 1 ay sonra yenidən “Təmiz Qaz” nümayəndələri kimi özlərini təqdim edən şəxslər yenidən qaz sayğacına baxış keçirərək bildirdilər ki, qaz sayğacının giriş və çıxış xətləri səhv birləşdirilib, girişin əvəzinə çıxış, çıxışın əvəzinə isə giriş xətti qoşulub, ona görə də təmir işləri aparılmalıdır. Həmin nümayəndələr təmir işləri apardılar və dediklərinə görə giriş-çıxış xətlərini bir öncəki nümayəndələrin səhvini aradan qaldırdılar. Qaz sayğacına yenidən plomb vurdular. Həmin nümayəndələr 2-ci dəfə tərəflərindən aşkar edilmiş qüsur və apardıqları təmir ilə bağlı “Azəriqaz” İB-nə məlumat verdilər. Özü qaz istismarı mütəxəssisi deyil, istehlakçı kimi smart kartına balans yükləyib istehlak edir və narazılığı yoxdur. Bir müddət sonra “Azəriqaz” İB-nin Salyan RQİİ-nin əməkdaşları gəldilər ki, qaz sayğacında giriş-çıxış xətlərində səhvlik var, təmir işləri aparılmalıdır. Yenidən 3-cü dəfə plomb qırıldı, təmir işləri aparıldı və akt tərtib olundu. Bu dəfə aktın tərtibatı zamanı qaz istismarı idarəsinin əməkdaşları ilə razılaşmadı. Onun təqsiri olmadığı halda sayğaca müdaxilə onun adına yazılır. İsrarla tələb etdi ki, əvvəlki 2 yoxlamanın nəticələri aktda qeyd olunsun, çünki əks təqdirdə tərəfindən plombun qırılması və ya müdaxilə halı göstəriləcəkdir. Lakin qaz istismarı idarəsinin əməkdaşları onunla razılaşmadılar, bildirdilər ki, “bu şablon blankdır, bura siz deyənləri qeyd edə bilmərik”. Halbuki istehlakçı kimi öz fikir və mülahizələrini pozmaq və protokola dair qeydlər vermək onun hüququdur. Çünki o, “Təmiz Qaz” işçisi kimi özlərini təqdim edən, işlərini qeyri-peşəkarcasına həyata keçirən şəxslərin yerinə mülki hüquq pozuntusu-delikt törədən şəxs ola bilməz. Bəlkədə həmin şəxslərin etinasızlığı üzündən evinə qazsızma nəticəsində prtlayış baş verər və ağır xəsarətlər ola bilərdi. Ona görə də tərtib edilmiş akta imza etməkdən haqlı olaraq imtina etdi. “Azəriqaz” İB-nin Salyan RQİİ-nin əməkdaşları bildirdilər ki, aktın surəti Salyana göndəriləcək və orada qərar veriləcəkdir. 2022-ci ilin oktyabr ayına qədər o, smart kart tipli sayğacın kartına qaz yükləyir və istifadə edirdi. Lakin 2022ci ilin oktyabr ayından sonra yeni il ərəfəsində xəbər tutdu ki, yüklədiyi qaz məbləğinin az hissəsi karta oturur. Əvvəl elə bilirdi ki, limitə düşüb. Lakin sonradan öyrəndi ki, ona cərimə tətbiq olunduğu üçün hesabından silinir. Halbuki cərimənin tətbiqi barədə ona bildiriş-xəbərdarlıq belə göndərilməmişdir. “Azəriqaz” İB əməkdaşları tərəfindən ******* saylı aktda göstərilir ki, “Abonentə məxsus qaz sayğacının giriş-çıxış xətlərini tərs istiqamətdə bağlayaraq abonent qazdan hesabatsız istifadə edir. Nöqsan aradan qaldırılsın, dəymiş ziyan hesablansın”. İddiaçı həmçinin izahatında bildirmişdir ki, xx.xx.2022-ci ildə Təmizqaz Q.S.C-nin işçiləri onu çağırdılar ki, “sizin qaz sayğacınızın girişindəki yiv birləşmə yerində qaz sızması var,gərək biz bu sızmanı aradan qaldıraq”. Yəni bu şirkət daxili qaz kəmərlərində və qaz sayğaclarındakı qaz sızmalarını aradan qaldırmaqda səlahiyyətli bir qurum olduğunu bildirdilər. Onlara dedi ki, “əgər qaz sayğacının blombunu qırıb təzədən blomb vurcaqsınızsa,buyurun sizdən tələb olunan qaz sızmasını aradan qaldırın”.Təmizqazın işçiləri qaz sayğacının köhnə N11589718 nömrəli möhrünü (blombu) qırdılar, qaz sayğacının girişindəki qaz sızmasını təmir yolu ilə aradan qaldırdılar və qaz xətlərini qaz sayğacına birləşdirdilər, sonra da qaz sayğacına təzə N11563790 nömrəli blombunu vurdular və bu haqda xx.xx.2022-ci il tarixində ******* nömrəli akt tərtib etdilər,aktın bir surətini də ona verdilər. xx.xx.2022-ci ildə “Azəriqaz”-ın işçiləri onu çağırdılar. “Azəriqaz”-ın işçiləri ona dedilər ki, “sizin qaz sayğacının xətləri səhv birləşdirilib,yəni qaz sayğacının girişi çıxışa, çıxışı girişə birləşdirilib”.Onlara bildirdi ki, onu xx.xx.2022-ci ildə Təmizqazın işçiləri açıblar,qaz sızmasını aradan qaldırıblar,sonra da onlar qaz sayğacını birləşdiriblər,bu da onların tərtib etdiyi aktdır. “Azərqaz”-ın məsul işçisi Əli adlı bir şəxs Təmizqazın işçilərinin tərtib etdiyi aktla tanış oldu və məlum oldu ki, təmizqazın işçiləri qaz sayğacının girişindəki qaz sızmasını aradan qaldırdıqdan sonra, qaz sayğacını qaz xətlərinə yenidən birləşdirərkən xətlərin yerini səhv bağlayıblar, yəni qaz xəttinin girişini sağacin çıxışına, çıxışını sayğacın girişinə birləşdiriblər. Yəni bütün bu işlər Təmizqazın işçilərinin diqqətsizliyi və sələnkarlığı üzündən baş verib. Abonentin burda heç bir günah və təqsiri yoxdur. Azəriqazın işçilərinə Əli göstəriş verdi ki, qaz sayğacını qanuni şəkildə düzgün birləşdirsinlər, işçilərdə onun tapşırığını yerinə yetirdilər, yəni qaz sayğacinin köhnə N11589718 nömrəli blombunu qırdılar, işlərini qurtardıqdan sonra qaz sayğacına təzədən N11569790 nömrəli blom vurdular, sonra da Azəriqazın əməkdaşı Əli bir akt tərtib etdi və ona bu akta imza atmağını təklif etdi. Lakin o, akta imza atmaqdan imtina etdi. O vaxtdan yəni, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi azəriqaz tərəfindən tərtib olunan ******* nömrəli aktla əlaqədar hansı tədbir görülməsi haqqda onlara heç bir məlumat və məlumat xarakterli heç bir bildiriş veriməyib,nə yazılı, nə də şifahi şəkildə olmayıb. 2022-ci ilin dekabr ayında kartına pul yükləyəndə e-Manat aparatından çıxrılan qəbzdə borcunun 0 olduğu göstərilib,ancaq köçürdüyü 20 manata görə 50 kub qaz yükləndi karta,yəni 10 manat çıxıldı. xx.xx.2022-ci il tarixinə qədər,qaz pulunu ayrı ayrı milliön ödəmə aparatlarından ödənişlər etmişlər. Qaz sayğaclarına heç bir müdaxilə olunmayıb. İddiaçı məhkəmə iclasında iştirak edərək əsl cavabdeh qismində «Azəriqaz» İbnin cəlb edilməsini xahiş etdi və iddiasının məzmununu müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İB-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək,hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: «Azəriqaz» X1 RQİİ-nin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, fərdi evdə quraşdırılmış İtron tipli **********8 № qaz sayğacını abonent özbaşına açaraq giriş-çıxış hissəsini tərs bağlamış və “Qazdan istifadə Qaydaları”-nın tələblərinə zidd olaraq təbii qazdan qanunsuz istifadə etməyi gqeyd olunmuşdur. Qaz işlədicilərindən PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, RP maksimal saatlıq qaz sərfi 0,8 m3/saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması göstərilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonentə məxsus qaz sayğacının giriş və çıxış xətləri tərs istiqamətdə bağlanaraq abonent qazdan hesabatsız istifadə etməyi göstərilmiş, abonent İddiaçı akta imza etməmişdir. (imtina qeydi) ******* nömrəli, xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, abonent İddiaçı istifadəsində olan 11589718 nömrəli qaz sayğacı istismardan çıxarılmış, 11569790 nömrəli sayğac quraşdırılaraq plomblanmışdır. ******* nömrəli, xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, abonent İddiaçı istifadəsində olan 10394048 nömrəli qaz sayğacı istismardan çıxarılmış, 11589718 nömrəli sayğac quraşdırılaraq plomblanmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin,xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundansonra- SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması,texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi,dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi həyata keçirir. Belə ki, Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən İddiaçı yaşadığı Şirvan şəhəri, ünvan 1 ünvanda qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırma aparılaraq təqsirli şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin qaz sayğacı vasitəsilə qazdan istifadə etmiş və istifadə etdiyi təbii qazın dəyərini sayğac göstəricisinə əsasən tam olaraq ödəmişdir. Bu müddət ərzində paylayıcının nümayəndəsi tərəfindən qaz sayğacında hər hansı bir xətanın olması barədə iddiaçıya heç bir xəbərdarlıq edilməmiş, həmçinin abonentə məxsus qaz sayğacının giriş və çıxış xətlərinin tərs istiqamətdə bağlanaraq qazdan hesabatsız istifadə etməsi məhz İddiaçı və ya ailə üzvləri tərəfindən edilməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə olan vəziyyətdə məhkəmə nəticəyə gəlir ki, cavabdeh təşkilatın aktının əsaslığı təsdiq olunmamış, nümayəndəsi məhkəmədə iştirak etməməklə bu halı təkzib etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı «Azəriqaz» İB-nə qarşı tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt ləğv edilməli, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış cərimə borcu **********00010 abonent kodlu hesabdan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin və akta əsasən hesablanmış cərimə borcu **********00010 abonent kodlu hesabdan silinsin. Qətnamədən, onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar