Məhkəmə qərarları › İş №2(032)-237/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-237/2023

14.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-237/2023 14.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə «Azəriqaz» İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı aktın ləğvi və əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyətindədir. Lakin “Azəriqaz” İB-nin Şirvan qaz istismar idarəsində mülkiyyətində olan evin qaz hesabı həyat yoldaşının qardaşı Eldar Ocaqovun adına olmuş və istifadə etdikləri qazın pulunu onun adından ödəmişlər. Evlərinin G.Şıxbalaoğlu küçəsində yerləşməsinə baxmayaraq cavabdeh evimizin qeydiyyat ünvanı kimi Ə.Bayramov küçəsini qeyd etmişdir. Havaların soyuq keçməsi ilə əlaqədar qazın verilişində azalmalar olmuş və evdə kiçik yaşlı nəvələri olduğu üçün oğlu məcburiyyət qarşısında qalaraq küçə qaz xəttindən evə sayğacsız qaz çəkmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndələri gələrək həmin sayğacsız qazdan istifadə etdiyiklərini görərək akt yazmışlar. Akt həyat yoldaşının qardaşı Eldar Ocaqovun adına yazılmışdır. Şirvan qaz idarəsinə gedərək evin qaz hesabının adına qeydə alınması üçün evin mülkiyyət sənədlərini təqdim etdi və orda onunla müqavilə bağladılar, evin qaz hesabını onun adına keçirdilər. 2023-cü ilin yanvar ayının 8-də qaz idarəsinin nəzarətçisi onlara bildiriş verərək 4358,27 manat borclarının olduğunu bildirdi, ona etiraz edərək bu qədər borcun olmasının mümkün olmadığını bildirdi. O, həmin borcun sayğacsız qazdan istifadə etdiyikləri üçün hesablanmış cərimə olduğunu bildirdi, həmin cəriməni ödəmələrini tələb etdi. Cəriməni ödəməyəcəkləri təqdirdə qazın kəsiləcəyini və ya smart sayğac quraşdırılaraq cəriməni ödəyəcəkləri puldan tutulacağını bildirdi. Borcu araşdırmaq üçün Şirvan qaz idarəsinə getdi, idarənin əməkdaşları evlərinə 4190 manat cərimə yazıldığını bildirdilər. Onlara etiraz etsədə heç bir nəticəsi olmadı. Pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh yaşadığı evə cərimə yazarkən öz səlahiyyətlərindən istifadə etmiş, evə yüksək məbləğdə cərimə hesablamışdır. Oğlu havanın soyuq keçməsi və qazın sayğacla zəif gəlməsi səbəbindən evdə uşaqların xəstələnməsindən ehtiyat edərək evə sayğacsız qaz xətti çəkmişdir, təxminən 3-4 gün həmin qaz xəttindən istifadə etmişdir. Lakin cavabdeh evlərinə 365 gün müddətinə cərimə hesablamışdır. Cavabdehin hesabatından belə çıxır ki, onlar il boyu sayğacsız qazdan istifadə etmişlər. Halbuki cavabdehin nümayəndəsi ayda 2 dəfə qaz sayğacına baxış keçirib onlara bildiriş verib və həmin bildirişə əsasən ödəniş etmişlər. Bundan əlavə xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndələri evdə olan qaz sayğacını yenisi ilə əvəzləyiblər. Sayğac yenisi ilə əvəz olunan zaman cavabdehin işçiləri evin bütün qaz xəttlərinə, evdə istifadə olunan qaz cihazlarına baxış keçiriblər. Əgər evdə sayğacdan kənar xətt 1 il müddətinə istifadə olunsaydı sayğacı dəyişən zaman aşkar olunardı. Hesabına yazılmış əsassız borcun silinməsini, real ziyan tələb etdiyim üçün cavabdeh evinin qazını kəsəcəyi və ya smart qaz sayğacı ödəyəcəyi puldan tutulacağı ilə bağlı hədə-qorxu gəlir, hər hansı bir vasitə ilə qanu, hesabladıqları borcun ödənilməsini tələb edirlər. İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının fərdi yaşayış evində qaz sayğacı istismara yararlı vəziyyətdə quraşdırılmış, ünvan sakinlərinin iştirakı ilə yoxlanılmış və plomb vurulmuşdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə akt tərtib olunaraq imzalanmışdır. Lakin iddiaçı qaz sayğacından kənar qaz xətti çəkərək qazdan qanunsuz istifadə etmişdir. iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək,hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: «Azəriqaz» X1 RQİİ-nin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, fərdi evdə “Qazdan istifadə Qaydaları”-nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Qaz işlədicilərindən PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, QSQ maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün, kombi maksimal saatlıq qaz sərfi 2.58 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 182 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması göstərilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonent qeyri-qanuni sayğacdan kənar küçə qaz xəttinə qoşularaq qazdan sayğacsız və hesabatsız istifadə edir. İstehlakçı qrafasında şəxsin imzadan imtina etməsi göstərilmişdir. ******* nömrəli, xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, abonent İlham İmanovun istifadəsində olan ******* nömrəli qaz sayğacı istismardan çıxarılmış, 13519771 nömrəli sayğac quraşdırılaraq plomblanmışdır. İstehlakçı aktın doğruluğunu imzası ilə təsdiq etmişdir. X3 məxsus (abonentin kodu **********01580) abonentin saldosunda **********2 nömrəli sayğacdan istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks etdirən cədvələ əsasən 2022-ci il ərzində qalıq borc 4190 manat 52 qəpik müəyyən olunur. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin,xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundansonra- SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması,texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi,dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi həyata keçirir. Belə ki, Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən İddiaçı yaşadığı ünvan 3 ünvanda qaz paylayıcı şəbəkəyə məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən qanunsuz qoşulma halları aşkar edilməsi, qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırma aparılaraq təqsirli şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin qaz sayğacı vasitəsilə qazdan istifadə etmiş və istifadə etdiyi təbii qazın dəyərini sayğac göstəricisinə əsasən tam olaraq ödəmişdir. Bu müddət ərzində paylayıcının nümayəndəsi tərəfindən qaz sayğacında hər hansı bir xətanın olması barədə iddiaçıya heç bir xəbərdarlıq edilməmiş, həmçinin qeyri-qanuni sayğacdan kənar küçə qaz xəttinə qoşulması İddiaçı və ya ailə üzvləri tərəfindən edilməsi məhkəmə iclasında sübuta yetirilməmiş və həmçinin xx.xx.2022-ci il tarixli ******* nömrəli akt İddiaçı tərəfindən imzalanmamış, artıq sonradan istehlakçıya müvafiq cərimə barədə xəbərdarlıq edilmişdir. Belə olan vəziyyətdə məhkəmə nəticəyə gəlir ki, cavabdeh təşkilatın aktının əsaslığı təsdiq olunmamış, nümayəndəsi məhkəmədə iştirak etməməklə bu halı təkzib etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı «Azəriqaz» İB-nə qarşı tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt ləğv edilməli, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 4190,52 manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt və akta əsasən hesablanmış 4190,52 manat cərimə borcu ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar