Məhkəmə qərarları › İş №2(032)-313/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-313/2023

25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-313/2023 25.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin hüquq məsləhətçisi Nümayəndə Təyyar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı ünvan 1 ünvanında yerləşən mənzilə əsassız hesablanmış 1279,05 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdən mülkiyyət hüququ ilə özünə məxsusdur və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdehin nümayəndələri tərəfindən ona məxsus olan mənzildə su və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2022-ci il tarixə 1279,05 manat borcun olması barədə bildiriş verilmişdir. Mənzildə xidmətlərə görə xx.xx.2011-ci il tarixdə kod açılmış və 8 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Kod açıldıqdan sonra mənzildə yaşayış olmaması barədə sənəd təqdim olunmağına baxmayaraq təqdim edilmiş sənəd cavabdeh tərəfindən nəzərə alınmamış və əsassız olaraq 8 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmışdır. Mənzilin əvvəlki mülkiyyətçisi xidmətlərdən istifadəyə görə borcun olmamasını ona bildirmiş, lakin sonradan məlum olmuşdur ki, ünvanda borc hesablanmışdır. Hesablanmış borc məbləği ilə razı deyildir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianı müdafiə etdi və təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin hüquq məsləhətçisi Nümayəndə Təyyar oğlu məhkəmə iclasında iştirak edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verərək belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin AN-İ nömrəli ******* saylı müqavilənin surətindən görünür ki, İddiaçı Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi 150 saylı evin 5 saylı mənzilini X1 alqı-satqı müqaviləsi əsasında almışdır. Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi ev 150, 5 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X13 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 02 mart 2023-cü il tarixli, 5-8-1/2-135 № məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında xx.xx.1984-cü il təvəllüdlü X3, xx.xx.1960-cı il təvəllüdlü X6, xx.xx.1987-ci il təvəllüdlü X2 qeydiyyatdadırlar. Cavabdeh ASC tərəfindən verilmiş 34535129 nömrəli, xx.xx.2011-ci il tarixli müqavilə üzrə abonent kartından müəyyən olunur ki, Elsevər Rüstəmova məxsus ünvan 2 ünvanında 8 nəfər şəxsin qeydiyyatda olması göstərilərək, həmin şəxslərin sayına uyğun su sərfiyyatına görə ümumi borcu 1279 manat 05 qəpik hesablanmışdır. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X13 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 11 may 2023-cü il tarixli, 5-8-1/2-299-2023 № məktubunda göstərilmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü X4 qeydiyyat tarixi xx.xx.2011-ci il, xx.xx.1960-cı il təvəllüdlü X6 qeydiyyat tarixi xx.xx.2014-cü il, xx.xx.1987-ci il təvəllüdlü X2 qeydiyyat tarixi xx.xx.2013-cü il ünvan 3 ünvanında qeydiyyatdadırlar. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının Konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin,xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanlarıvə məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarının 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişiklik olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparılmalıdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsinin su təchizatını dayandırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərih rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-8-1/2-135 №-li arayışda göstərildiyi kimi ünvan 1 ünvanında X5 xx.xx.2011-ci ildən, X6 xx.xx.2014-cü il tarixdən, X2 isə xx.xx.2013-cü il taixdən qeydiyyatda olmaqlarına baxmayaraq mövcud borc 8 nəfər üçün hesablanmışdır. Belə olan halda isə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının müvafiq qərarına əsasən mənzildə müxtəlif vaxtlarda qeydiyyatda olan şəxslərin sayına və qeydiyyatda olduqları illərə uyğun olaraq cəmi 274 manat 65 qəpik sudan istifadə borcu yarana bilərdi. Bu səbəbdən də əlavə olaraq əsassız olaraq 5 nəfər şəxsə münasibətdə zərərin hesablanması qanunamüvafiq deyil və əsassız hesablandığından həmin məbləğ ümumi zərərdən çıxılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı əsassız olaraq hesablanmış 1004,4 manat borc silinməli, bununla da iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216- 220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanı üzrə sudan istifadəyə görə əsassız hesablanmış 1004 (bir min dörd) manat 4 (dörd) qəpik silinsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar