Məhkəmə qərarları › İş №2(032)-314/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-314/2023

05.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-314/2023 05.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə dair” mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 İdarəsi tərəfindən hesablanmış 2197.42 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Laçın rayonundan məcburi köçkün olmaqla, məskunlaşıb yaşadıqları qaçqın şəhərciyində ünvan 1 ünvanı üzrə qaz təchizatı üzrə müqavilə onun adına qeydə alınmışdır. Həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Ünvan üzrə bir neçə ailənin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı üzrə müqavilə onunla bağlanmaqla istifadə edilmiş qazın dəyəri Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. Yaşadığı dövr ərzində qaz təminatında yaranmış borc barədə məlumat verilməmişdir. Sonradan qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmiş ünvan 2 ünvan üzrə qaz təminatı ilə əlaqədar 2022-ci il tarixdə 2197.42 manat borcun olması barədə məlumat verilmişdir. Şirvan şəhərində yerləşən “Azəriqaz” İB-nin Şirvan şəhər şöbəsinə müraciət etdikdə ona abonentin saldosunu təqdim etmişlər. Ona bildiriş verildi və bildirişdə 2197.42 manat borcun olması qeyd olunmuşdur. Cavabdeh “Azəriqaz” İB tərəfindən pozulmmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı məxsus (abonentin kodu **********00490) abonentin saldosunda istifadə edilən qaz həcmi, dəyəri və qazdan istifadə ilə bağlı ödənişlərin miqdarı əks olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalar”ının 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanın 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. Həmin Fərmanın 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. Fərmanın 1-2-ci bəndinə əsasən fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilsin. Fərmanın 1-3-cü bəndinə görə bu Fərmanın 1-1-ci və 1-2-ci hissələrində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 33,0 (otuz üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Laçın rayonundan məcburi köçkün olmaqla, məskunlaşıb yaşadıqları qaçqın şəhərciyində ünvan 1 ünvanı üzrə qaz təchizatı üzrə müqavilə onun adına qeydə alınmışdır. Həmin sayğac üzrə qeyd edilən ünvandan bir neçə abonentə sayğac üzrə hesabat aparılmaqla qaz sərfi üzrə hesablama aparılmışdır. Hesabat üzrə ödənişlər Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. Sonradan İddiaçı qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmiş Şirvan şəhəri, F.X.Xoyski küçəsi ev 9 ünvanında 49 saylı mənzillə təmin edilmişdir. İddiaçı məskunlaşaraq yaşamış olduğu ünvan üzrə aparılmış olan qaz sərfi üzrə hesablanmış olan borc məbləği iddiaçının yeni olaraq məskunlaşmış olduğu ünvan üzrə hesabat aparılmaqla ondan 2197,42 manat borcun ödənilməsi tələb edilmişdir. Lakin işin faktiki hallarından görünür ki, qeyd edilən hesabat aparılarkən iddiaçının məcburi köçkün olaraq məskunlaşmış olduğu ünvan 1 ünvanı üzrə hesabat bir deyil, bir neçə abonentin ümumi istifadəsində olan sayğac olması və aparılmış olan qaz sərfi üzrə ödənişlərin müəyyən edilmiş taarif üzrə həyata keçirilməli olduğu nəzərə alınmamışdır. Məhkəmə işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh təşkilatının hesabladığı 2197.42 manat məhz iddiaçı tərəfindən qazdan istifadəyə görə əmələ gəlməsi ilə bağlı hər hansı sübut təqdim edilmədiyinə görə yaranmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazıminca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İB tərəfindən hesablanmış 2197 (iki min yüz doxsan yeddi) manat 42 (qırx iki) qəpik borc məbləği silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar