Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-315/2023 17.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimə borcun silinməsi” tələbinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “X1 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 22 iyul 2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və 172 manat 80 qəpik cərimə borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi söküldüyü üçün uzun müddət orada yaşayış olmamış və təbii qaz istifadə olunmamışdır. 2011-ci ilin fevral ayında qeyd etdiyi fərdi yaşayış evində təmir işləri yekunlaşdıqdan sonra qaz xətti yenidən çəkilmişdir. Köhnə, uzun müddət istifadəsiz qalan qaz sayğacının istismar müddəti bitdiyi üçün Şirvan Qaz İdarəsinin əməkdaşları tərəfindən açılıb götürülərək yenisi ilə əvəzlənmişdir. Sayğac əvəzlənərkən hər-hansı bir nöqsan və ya qüsur olmamış, Şirvan Qaz İdarəsinin əməkdaşları tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla rəsmiləşdirilmişdir. 2022-ci ilin iyul ayında, 18 ay sonra 172 manat 80 qəpik məbləğində cərimə olunduğumu bildirmişlər. O Şirvan qaz idarəsinə gedərək cərimənin yazılma səbəbini soruşmuş, ona laboratoriyanın rəyinə əsasən fərdi yaşayış evindən çıxarılmış qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, qoruyucu plastmas qapağının sınıq olduğu və istismara yararsız olduğu üçün “Təbii X2nın pozulması haqqında” ******* nömrəli akt əsasında 172 manat 80 qəpik cərimə hesablandığını bildirib, bu barədə akt təqdim etmişlər. Həmin akt qanunsuz yazılmışdır. Çünki orda yaşayış olmamışdır, sayğac istismar müddəti bitdiyi üçün çıxarılmış, hər-hansı bir sınıq olmamışdır. Əgər qaz sayğacında qüsur olsaydı bunu sayğacı dəyişən mütəxəssislər qey edərdi. Sayğacının üzərində xüsusi plomb olmuşdur. Həmin plomb sayğac açılarkən Salyan Qaz İdarəsinin işçiləri tərəfindən qırılmışdır. Sayğac qaz idarəsinin quraşdırdığı yerdə, həyətdən çöldə gözlərinin qabağında olmuş, hər ay qaz sərfini qeydə almışdır. Qaz sayğacı Qaz İdarəsi tərəfindən qoruyucu qutuyla təmin olunmamışdır. Şirvan Qaz İdarəsinin rəhbərliyinə aktlarla razı olmadığını bildirdikdə aktın X4 İstismar İdarəsinin göstərişi ilə yazıldığını deyərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 10 fevral 2021-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Şirvan şəhəri, A.Mustafayev küçəsi ev 4-də dövlət yoxlamasından gələn yararlı sayğac qurulmuşdur. İş materiallarında olan “təbii X2nın pozulması haqqında” 22 iyul 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin 18 iyul 2022-cü il tarixli 29/1710- 01526-1 saylı rəyinə əsasən çıxarılan 00539072-lı qaz sayğacın hesablama mexanizmin qoruyucu plastmas qapağı sınmışdır. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 26 iyul 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 1440 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 22 iyul 2022-ci il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, İddiaçı Şirvan şəhəri, A.Mustafayev küçəsi 4 saylı evdə quraşdırılmış ZENNER G-4T Mexaniki tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2022-cü il iyul ayı üçün 172 manat 80 qəpik debitor borcu yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının abonenti olduğu Şirvan şəhəri, A.Mustafayev küçəsi 4 saylı evdə quraşdırılmış qaz sayğacın hesablama mexanizmin qoruyucu plastmas qapağının sınması aşkar edilmişdir. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Cavabdeh sayğacın hesablama mexanizmi qoruyucu plastmas qapağının sınması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi- sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. “X2”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndinə əsasən aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, 2022-cü il iyul ayı üçün hesablanmış 172 manat 80 qəpik borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 22 iyul 2022-ci il tarixli ******* saylı aktda qaz sayğacın hesablama mexanizmi qoruyucu plastmas qapağının sınması aşkar edilmişdir. Sayğac istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın ləğv edilməsi hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci bəndinə əsasən idianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. 22 iyul 2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 172 manat 80 qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddia aktın ləğv edilməsi hissədə rədd edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-315/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-315/2023
17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver