Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-402/2023 19.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın kompensasiya olunaraq ödənilməsi və hər birindən 10000 manat olmaqla 20000 manat mənəvi zərərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə torpaqların işğalı ilə əlaqədar Şirvan şəhərində məskunlaşmışdırlar. 1997-ci ildə YUNESKO xətti ilə Danirmarkanın Həyat təşkilatı tərəfindən verilmiş tavansız, suvaqsız daş evlərdə yaşamışlar. Yaşadıqları dövrdə yardımçı tikililər tikmişlər, bağ salmışlar, hasar çəkmişlər. 2015-ci ildə köçkün qonşuları yaşayış yerini dəyişərkən Şirvan şəhər İH-nin başçısı M.Camalov və müavini Elmira xanım həmin evlərin satılmasının mümkün olmadığını bildirdikdən sonra o, Respublika Dövlət Qaçqınkomuna və Milli Məclisin sədri O.Əsədova yazdığı ərizəyə cavab olaraq Cəbrayıl rayon İH-dən ona məktub gəldi, məktubda yazılmışdır: “Bu cür evlərdə məskunlaşmış məcburi köçkünlər yaşayış yerini dəyişərkən evdən kənarda öz vəsaiti hesabına tikdiyi yardımçı tikililəri söküb apara bilər”. Həmin evlər onlara verilərkən “Həyat” təşkilatı ilə aralarında bağladıqları müqavilədə göstərilmişdir ki, “Məcburi köçkünlər geri qaydarkən evin taleyi: 1 Torpaq sahibinin (Bələdiyyənin) 2 Həyat Təşkilatının (Qaçqınkomun) və 3 Mənim (Məcburi köçkünün) razılığım ilə həll olunacaq”. Bu Beynəlxalq təşkilatın Yuneskonun tərtib etdiyi və Azərbaycan dövləti tərəfindən tanınmış qaydalardan biridir. İH-nin vəzifəsi ondan ibarətdir ki, məsələ müqavilənin şərtləri daxilində heç bir tərəfin hüququ pozulmadan qanuni müstəvidə həll olunmasına nəzarət etsin və nail olunsun. Köçməmişdən də əvvəl 2014-cü ildə qonşuları Cavabdeh1 ondan xahiş etmişdir ki, “siz köçərkən evi başqa adama verməyin qonşuluğuma başqası gəlməsin, mən evi bacıma və yaxud özümə götürəcəm. Evi başqasına neçiyə deyəcəksənsə məndə evi həmin qiymətə götürəcəm”. Qonşuluqda olan məcburi köçkün yaşadığı Horadiz şəhəri bərpa olunduğu üçün vətəninə qayıtdı Elmira xanım Sürayəgili köçürüb gətirdi həmin evə. Həmin vaxtdan Sürayə Elmira xanımın məhəllədə etibarlı nümayəndəsi kimi tanınıb, baş verənləri dərhal ona çatdırırdı. Sürayə deyirdi ki, Elmira xanımla danışmışam məcburi köçkünlərə ev tikilib verildikdən sonra bu evləri yerli sakinlərə vermək mümkün olacaq. Onun dediyində həqiqət var idi. Ona görə Sürayəyə etibar edib evi və açarlarını da ona etibar etmişdir. O evi mühafizə edib qorumasını öz öhdəsinə götürdü və evi “sizin razılığın olmadan heç kimə verməyəcəm dedi”. Lakın çox təəsüf ki, iyul ayının əvvəlində ona məlumat çatdı ki, qonşuları Cavabdeh1 onlara heç bir məlumat vermədən razılaşmadan ona etdikləri etibardan sui istifadə edərək qızıgili, gətirib onun evinə yığıb. xx.xx.2020-ci tarixdə telefonla Sürayə ilə danışarkən söhbət əsnasında eşitdiyi doğru yaxud səhv olduğunu soruşmuş və nə üçün onlara məlumat vermədən bu hərəkəti etdiyini soruşmuş, Surayə bildirmişdir ki, “Mən siz tərəfdən arxayın olduğum üçün İH-nin müavini Elmira xanımla gedib razılaşdım indi sən nə desən sənin əmlakının pulunu verəcəm bu ayın axrıda poçtlada göndərəm”. Orda olan şəxsi vəsaiti ilə tikdiyi əmlakın dəyərinin 2500 manatdan çöx olduğunu bildirmişdir. Qonşu olduqları ailə vəziyyətinin yaxşı olmadığını nəzərə alaraq ona imkan daxilində hörmət etməyini dəfələrlə xahiş etdi, o da nəhayətki 1100 manata razılaşmışdır ki, əlavə tikililəri və dəmir hasarları sökməməklə hər şey ona qalır. Hətta 300 manatdan çox dəmirlərini, dəmir materialdan tikilmiş çardağını, tualetini və sair dəmirlərini satdığını bildirmiş, o da heç bir etiraz etmədi. Sürayə onunla telefon danışığında evə qızıgili köçürdüyünü demişdi. Bir neçə dəqiqədən sonra isə qızının qayını Cavabdeh2 ona zəng edərək bildirdi ki, ona bu evi İH-nın başçısı İlqar muəllim veribdir, sonra dedi ki, başçının göstərişi ilə Azər müəllim veribdir. O da demişdir ki, heç kim nə də İH-nin başçısı onun əmlakını heç kimə verə bilməz o kimdir ki, onun əmlakına sahiblik edə bilməz. Demişdir ki, orda tikdiyi əmlakın dəyəri 1100 manatdan qat-qat çoxdur razılaşmasalar gəlib əmlakını söküb aparacaqdır. İlkin ancaq 400 manat verəcəyini dedi özü isə razılaşmadı. xx.xx.2020-ci ildə telefon danışıqları davam etdi Sürayə ayın 8-də dediklərinin əksini dedi Elmira xanımın adını çəkmədiyini bildirdi və o da ilkin kimi İH-nin başçısının göstərişi ilə Azər müəllimin verdiyini dedilər. Evin açarlarını Sürayəyə verib etibar etmişdir. İlkin hətta bildirdi ki, İH-dən deyiblər ki, əlavə tikililəri sökməyədə qoyma hamısını sənə verir. Bundan sonra baş vermiş qanun pozğunluğu ilə əlaqədar DİN-nin 102 nömrəli qaynar xəttinə müraciət etmiş və Şirvan şəhər İH-nin başçısı İlqar Abbasova elektron müraciət etmişdir. İH-dən gələn cavabdan aydın olur ki, İH-nin rəhbərləri onunla Həyat təşkilatı arasında bağlanmış müqaviləni ya diqqətlə oxumayıblar müqavilənin mahiyyətini dərk etməyiblər və yaxud özlərinin qərarlarını dövlətin qanunlarından, Beynəlxalq təşkilatın qanunlarından üstün tuturlar. DİN-nin 102 qaynar xəttinə müraciəti əsasında Şirvan Şəhər Polis idarəsində təhqıqatçı Vüqar Əhmədovun apardığı subyektiv, birtərəfli araşdırma heç bir nəticə vermədi. O bildirdi ki, bu mülki məsələdir Şirvan şəhər məhkəməsinə müraciət edin. Məmurlar Şirvan şəhər İH tərəfindən verilmiş cavabın məlumatsız şəxs tərəfindən yazıldığı və tam savadsız və düşüncəsiz mövqedən qərəzli yazıldığı gorünür. Məhz buna görə də, Cəbrayıl rayon İH-dən verilən cavabda da qeyd olunur ki, “məcburi köçkünlər yaşayış yerini dəyişərkən”. Digər tərəfdən heç bir qanunda yazılmayıb ki, məcburi köçkünlər qayıdarkən və yaxud onlara yeni evlər tikilib verilənə qədər mütləq bu sığınacaq tipli ağır şəraitdə yaşamağa məhkumdur. Cavabdan belə aydın olur ki, İH-nin rəhbərlərinin Konstitutsiyanın 28-ci maddəsindən xəbəri yoxdur. Onların yazdığı cavab Konstitutsiyanın 28-ci maddəsinə zidd qərarın çıxardılmışdır ki, belə hallar da kobud qanun pozğunluğudur. Şirvan şəhər İH tərəfindən yazılmış cavabda göstərilir ki, guya onlar 10 ildən artıqdır ki, orda yaşamırlar. 2016-cı ilin sentyabrın 15-də Şirvan şəhərini tərk etmişlər bununda səbəbi onun 2016-cı ildə Şirvan şəhər İH-nin başçısı M.Camalovun və müavini Elmira xanım tərəfindən məcburi köçkünlərin əmlak hüququnun kobud şəkildə pozulması ilə əlaqədar onların çirkin əməllərinin ifşa edici şikayət ərizələrini yazmağı və bunun üçün onlar tərəfindən təqiblərə, böhtana, şantaja məruz qalacağı qaçılmaz olduğu uçün şəhəri tərk etmək məcburiyyətində qalmışdır. İH rəhbərliyi həmin vaxt şəxsi maraqları təmin olunmadığı üçün qərəzli şəkildə qonşuluqda olan 3 ailənin evlərini xarabalığa çevirdi ki, bununda nəticəsində təbiətə vəhşi və biganə munasibət göstərilərək 60-a yaxın meyvə ağacının quruyaraq məhv olmasına səbəb olmuş qəsdən vəzifə səhlənkarlığına yol vermələri nəticəsində həmin evin qapı pəncərisinin, tavanının sökülərək talan olmasına şərait yaratmışlar. Şirvan şəhər Məhkəməsinin 15 oktyabr 2020ci il tarixli qərarı ilə işə baxılması Şirvan İnzibati Məhkəməsinə müraciət etməyi məsləhət görülmüşdür. O da, həmin əsasla Şirvan inzibati Məhkəməsinə etdiyi müraciəti əsasında işə təkrarən baxan Şirvan İnzibati Məhkəməsi isə uzun sürən araşdırmalardan sonra Şirvan şəhər İH-nin xx.xx.2022-ci il tarixli 2168 nömrəli məktubuna əsaslanaraq onun iddiası əsasında şəxsi vəsaitilə tikdiyi metal konstruksiyadan ibarət 2 ədəd 6 metr uzunluğunda 3.2 metr enində yardımçı tikililərin metal konstruksiyadan ibarət çəpərin hasarının, şərikli əmlak hesab edilən 28 ədəd meyvə ağacı olan meyvə bağının və evin mühafizəsini boynuna çəkmiş sabiq qonşuları Cavabdeh1 ona edilmiş etibardan suiistifadə edərək dələduzluq yolu ilə təşkilatçılığı vasitəsi ilə qudası Cavabdeh2 tərəfindən özbaşına mənimsənilməsi faktı ilə əlaqədar işə baxaraq qeyd edilən əmlakın Cavabdeh1 Şirvan şəhər İH tərəfindən verilmədiyi haqqında qərar çıxartmış və onun həmin iddiası əsasında Şirvan şəhər Məhkəməsinə müraciət etməyi məsləhət bilinmişdir. Beləliklə onun əmlakını Cavabdeh1 təşkilatçılığı ilə Cavabdeh2 tərəfindən özbaşına zəbt olunaraq mənimsənilməsi qərarına gəlmişdir. Dəfələrlə Şirvan şəhərinə gedərkən Cavabdeh2 ailəliklə onların evdə yaşadığını görmüşdür. Təxmini hesabladığına görə məhkəmə 2.5 il ərzində məhkəmə süründürməçiliyində çəkdiyi xərclərdə nəzərə alınmaqla devalvasiya nəzərə alınmadan 5000 manatdan artıq zərər görmüşdür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddianın əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hayat vasitəsilə UNHCR tərəfindən verilən daş evlərdə yaşayış şərtləri barədə İddiaçı Nazim oğlu UNHCR maliyyəsi daş sığınacaqları tikən Hayat təşkilatlarından onun ailəsi üçün sığınacaq tikilməsini xahiş edir. Sığınacağın dəqiq quruluşu ona izah olunmuş, onun 6m x 4m ölçüdə bir mərtəbəli, damı şifer, torpaq döşəməli, tavansız, susuz və işıqsız ev olacağı ona məlumdur. Əgər UNHCR-in maliyyəsi ilə Hayat torpaq sahibi tərəfindən verilən torpaq sahəsində onun ailəsi üçün sığınacaq tikərsə o, həmin evin yeganə yaşayış yeri olması şərtilə orada yaşamağa razıdır və verilən evdə onun ailəsinin yaşaması şərtilə başa düşdüyünü bildirir. Birincisi o, başa düşür ki, münaqişə qurtarana qədər UNHCR bu evlərdə sahiblik hüququnu saxlayacaq. Bu o deməkdir ki, o bu evi sata, maddi xeyir götürmək üçün istifadə edə, başqasına verə bilməz. Bu ev yalnız torpaq sahibi və UNHCR-a təqdim olunmuş siyahıda göstərilmiş ailə üzvlərinin istifadəsi üçündür. Münaqişə qurtarandan sonra evlərin taleyi məsələsi torpaq sahibi, UNHCR və onun arasında müzakirə olunacaq. İkincisi o, evin yaxşı saxlanması, qapı və pəncərələrinin zədələnməməsi üçün əlindən gələni edəcəkdir. Lakin binanın yaxşılaşdırılması üçün işlər görə, binaya əlavələr edə bilər. Üçüncüsü hökumət onun münaqişə qurtarana qədər bu evdə yaşamaq hüququnu təmin edəcək, kimsə onu güclə bu evdən çıxarmağa cəhd etsə də, o torpaq sahibinə, UNHCR-a və ya Hayat təşkilatına bu barədə məlumat verəcəkdir. Dördüncüsü bina hazır olduqdan və ona təhvil verildikdən sonra mümkün qədər tez (2 həftə ərzində) müddətdə binaya köçməyə razılaşır. Həmçinin başa düşür ki, ola bilər ki, Hayat təşkilatı ayaqyolu üçün materiallar versin, belə olarsa, ayaq yolu üçün quyunu qazmağı və ayaqyolunun tikilməsində ailəsi öz öhdəsinə götürür. Əgər bunu vaxtında etməzsə, ailəsinin bu evdən çıxarılacağını başa düşür. Bundan başqa o, Hayat təşkilatı tərəfindən müəyyənləşdirilən və bunu imkanı olmayan bir ailə üçün bir ayaqyolu quyusunu qazmağa razılaşır. Bu qaydalara riayət etməyə razılaşır və başa düşür ki, bu qaydaların hər hansının pozulması UNHCR-ın evi geri alması ilə nəticələnə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 1997-ci ildə YUNESKO xətti ilə Danirmarkanın Həyat təşkilatı tərəfindən tikilmiş olan tikili məcburi köçkün kimi Şirvan şəhərində məskunlaşmış İddiaçı Nazim oğluna verilmişdir. İddiaçılə Həyat təşkilatı arasında bağlanmış olan müqaviləyə əsasən sözügedən tikili onun istifadəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən tikili satılması, maddi xeyri götürmək məqsədi ilə başqa şəxslərə verməsi qadağan edilmişdir. İddiaçının vermiş olduğu izahatından müəyyən edilmişdir ki, iddiaçı 2016-cı ildə həmin yaşayış yerini tərk edərək, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Onun sahibliyinə verilmiş olan tikildə isə ilkin olaraq hazırkı mülki iş üzrə cavabdeh Atayeva Sürəyya, sonradan isə Cavabdeh2 yaşamışdır. İddiaçı həmin tikilidən kənarda olan tikdiyi köməkçi tikililəri sökülərək özləri ilə apara bilmədiyi üçün Sürəyya Atayevaya 1100 manat müqabilində satdığı, lakin sonradan həmin tikililərin dəyəri cavabdehlər tərəfindən iddiaçıya ödənilmədiyindən mübahisə yaranmışdır. Hazırda iddiaçı ona dəymiş maddi ziyanının kompensasiya olunaraq ödənilməsi və hər bir cavabdehdən 10000 manat olmaqla, ümumilikdə 20000 manat maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehlərin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətmələri tələb olunur. Belə ki, iddiaçının tələbi üzrə istinad etdiyi hallar sübuta yetirilmədiyindən iddiaçının ona dəymiş 20000 manat maddi ziyanın cavabdehlər tərəfindən ödənilməli olduğuna dair iddia tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığından həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən ümumilikdə 20000 manat maddi zərərin tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə iddia tələbinin mənəvi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia tələbi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddiaçı ona mənəvi zərər dəymiş olduğunu iddia etsə də, mənəvi zərərin dəyməsi nədə ifadə edilməsi müəyyən olunmadığından iddia tələbi qeyd olunan hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhəri Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-402/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-402/2023
19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver