Məhkəmə qərarları › İş №2(032)-456/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-456/2023

23.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-456/2023 23.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yarımçıq tikililərin sökülməsi, özbaşına (zəbt edilmiş) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması, torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şirvan şəhəri Naxçıvan küçəsi 135-də yerləşən torpaq sahəsində qanunsuz (özbaşına zəbt edilmiş) aparılmış 200 kv.m sahədən yuxarı torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Şirvan şəhəri ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən şəhərin Naxçıvan küçəsində ilkin torpaq ayırma sənədləri və mülkiyyət, icarə sənədləri olmadan təxminən 0,2 ha. torpaq sahəsindən yuxarı torpaq sahəsi zəbt olunmuş, orada özbaşına tikinti işləri aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin zəbt edilmiş ərazidə fərdi yaşayış evi üçün tikililər və digər yarımçıq tikililər inşa edilmiş, zəbt edilmiş sahə hasar ilə əhatəyə alınmışdır. Zəbt edilimiş torpaq sahələrini boşaltmaq və torpağı əvvəlki vəziyyətinə qaytarmaq üçün Cavabdeh həm şifahi, həm də yazılı xəbərdarlıq məktubu göndərilmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən həmin ərazi boşaldılmamış, əksinə ərazi hasar ilə əhatəyə alınmışdır. Odur ki, zəbt olunan təxminə 0,2 ha. artıq olan torpaq sahəsinin boşaldılması və orada qanunsuz (özbaşına) inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin əvəlki vəziyyətinə qaytarılması üçün məhkəməyə müraciət edilmişdir. Cavabdeh qüvvədə olan qanunvericiliyin tələbləri ətraflı izah edilmış, özbaşına aparılmış tikintinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və ya daşınmaz əmlaka dair qanunamüvafiq qaydada sənədləşmə işini tez bir zamanda aparması tövsiyyə edilmişdir. İddiaçı Şirvan şəhər Bələdiyyəsi tərəfindən iddia ərizəsinə əlavə edilərək, Cavabdeh tərəfindən Şirvan şəhəri, Naxçıvan küçəsi 135-də yerləşən Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətində olan zəbt edilmiş torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, (özbaşına zəbt edilmiş) 341 kv.m torpaq sahəsinin Bələdiyyənin ehtiyat fonduna, mülkiyyətinə qaytarılması, həmin zəbt edilmiş sözügedən torpaq sahəsində yaşıllıqlar qırılmamaq şərtilə torpaq sahəsinin boşaldılması və çəkilmiş dəmir tor setkasının, dirəklərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, müvafiq məhkəmə xərcinin Cavabdeh tərəfindən 95 manat ödənilməsi və dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddianı etiraf edərək izahatında bildirdi ki, həmin torpaq sahəsindən 0.06 ha hissəsi Cavabdeh mülkiyyətindədir. Bələdiyyə tərəfindən mübahisələndirilən ərazidə tərəfindən ağaclar əkilmiş və həmin ağacların məhv edilməsinin qarşısının alınması məqsədi ilə çəpər çəkilmişdir. Hazırda mübahisəli ərazidə olan çəpər və dirəklər tərəflərindən sökülmüşdür. Onun torpaq sahəsini zəbt etmək fikiri yoxdur, sadəcə həmin ərazidə ağaclar əkilib, həmin ağacların məhv edilməsinin qarşısının alınması məqsədi ilə çəpər çəkilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, məhkləmə iclas katibi Hacıyev Elşən Höküməli oğlu, iddiaçı Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X6, cavabdehin nümayəndəsi X2 tərəfindən tərtib edilmiş mübahisəli torpaq sahəsinə baxış keçirildi və baxış zamanı torpaq sahəsində çəkilmiş olan hasarın (məftillə çəpərlənmə) mövcud olmadığı aşkar edildi. Qeyd olaraq iddiaçı Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X6 bildirmişdir ki, yerində baxış zamanı taxta dirəklər olmuşdur. Tor setka yeni sökülüb, baxışla əlaqədar cavabdeh sahəsini boşaltmaq istəmir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin Şirvan şəhər Bələdiyyəsinə ünvanlanmış olduğu xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-1393/2023 saylı məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsində çol ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssisi X5 iştirak etmiş, GPS aləti vasitəsilə mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Tərəfimizdən elektron kadastr məlumat bazasına əsasən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh faktiki olaraq istifadəsində olan torpaq sahəsi 0.0941 ha təşkil edir. Bunun 0.06 ha hissəsi vətəndaşın mülkiyyətinə verilmiş və **********05-11301 reyestr nömrəli çıxarış ilə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahəsi, 0.0204 ha hissəsi isə elektron kadastr məlumat bazasına əsasən vətəndaşın zəbt kimi qeyd olunmuş torpaq sahəsi, 0 0137 ha hissəsi isə vətəndaşın artıq istifadəsində olan torpaq sahəsidir. Əlavə olaraq qeyd edirik ki, 0.0204 ha və 0.0137 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən dəmir dirəklər basdırılmış və həmin ərazi məftil çəpər çəkilmişdir. Həmçinin mülki iş üzrə məhkəmə icraatı dövründü cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinə çəkilmiş olan hasarın (məftil çəpərin) söküldüyü aşkar edilmişdir. Eyni zamanda iddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu mütəxəssis rəyindən aşkar edilmişdir ki, vətəndaş Cavabdeh faktiki olaraq istifadəsində olan torpaq sahəsi 0.0941 ha təşkil edir. Bunun 0.06 ha hissəsi vətəndaşın mülkiyyətinə verilmiş və **********05-11301 reyestr nömrəli çıxarış ilə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahəsi, 0.0204 ha hissəsi isə elektron kadastr məlumat bazasına əsasən vətəndaşın zəbt kimi qeyd olunmuş torpaq sahəsi, 0,0137 ha hissəsi isə vətəndaşın artıq istifadəsində olan torpaq sahəsidir. 0.0204 ha və 0.0137 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Mübahisəli torpaq sahəsi isə İddiaçı mülkiyyətində olan torpaq sahəsidir. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, bələdiyyə, mülkiyyətçi olaraq özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri qaytarılması tələbi irəli sürməkdə haqlı olmuşdur. İddiaçının iddia tələbinin zəbt edilmiş sözügedən torpaq sahəsində çəkilmiş dəmir tor setkasının, dirəklərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi cavabdeh tərəfindən mühasilə əriazidə dəmir dirəklər basdırılmış və çəpərləmə işləri aparılmışdır. Mübahisəli torpaq sahəsi isə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi olduğundan və mülkiyyət hüquq dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan cavabdeh tərəfində aparılmış olan tikinti işləri özbaşına tikinti kimi qiymətləndirilməli və cavabdeh öz hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Həmin qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən və iddia təmin edildiyindən ödənilməli olan dövlət rüsumu cavabdehdən tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X9 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 95 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X9 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 95 manat Cavabdeh tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Şirvan şəhəri Naxçıvan küçəsi 135-də yerləşən Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətində olan zəbt edilmiş torpaq sahəsində inşa edilmiş tikililər cavabdehin hesabına sökülsün, özbaşına zəbt edilmiş 341 kv.m torpaq sahəsi Şirvan şəhər Bələdiyyəsinin mülkiyyətinə qaytarılsın, torpaq sahəsində yaşıllıqlar qırılmamaq şərtilə çəkilmiş dəmir (məftillə çəpərlənmə) çərəplənmiş hasar, dirəklər sökülsün, torpaq sahəsi boşaldılsın və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılsın. Cavabdeh 100 manat dövlət rüsumu alnaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mütəxəsis rəyinin alınması ilə bağlı ödənilmiş olan 95 manat məbləğində pul Cavabdeh tutulub İddiaçı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar