Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-47/2025 09.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun yaxın qardaşıdır. Təxmimən 4-5 ay əvvəl Abşeron rayonu, Xırdalan şəhər, Gənclər şəhərciyində işlədiyi mağazaya gələrək 13000 manat pulu borc olaraq istəmişdir. O da qonşu olduğunu başa düşərək ona kömək etmək məqsədi ilə pulun nəyə görə lazım olduğunu soruşmuş, o isə sosial ev almaq istədiyini və pulun bir hissəsinin çatışmadığını bildirdi. O da 2023-cü ilin təxminən sentyabr aylarında 13000 manatı Oktay adlı qonşusuna vermişdir. O isə pulu alarkən tez bir zamanda geri qaytaracağını bildirdi. Bir müddət keçdikdən sonra Oktaydan verdiyi pulu geri almaq istəmiş, lakin o pulu geri qaytaracağını söz versə də, verdiyi sözə əməl etmir. Artıq məcburiyyət qarşısında qalaraq yaşadığı ərazi üzrə rayon polis idarəsinə müraciət etmiş, sonda məlum oldu ki, Oktay tək ondan deyil, başqa vətəndaşlara da pul borcludur. Abşeron rayon Polis İdarəsində cavabdeh izahat verərkən həmin pulu faiz pul kimi almış olduğunu izah etmişdir. Onun bütün dedikləri yalandır. Heç vaxt ona faizə pul verməmiş, o, hər cür bəhanələr edərək çalışır ki, ondan aldığı pulu geri qaytarmasın. Abşeron rayon Polis idarəsinin müstəntiqi ona izah etdi ki, “sənin bu işin mülki işdir, get aidiyyəti üzrə məhkəməyə müraciət et”. O, polis əməkdaşlarının bir tərəfli və qərəzli apardıqlarını hiss etmişdir. Lakin haqlı iradlarına heç kim məhəl qoymamışdır. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh 8200 manat, mağazadan götürülən ərzaq və məişət əşyalarının qiyməti 3987 manat, əsas borc 49200 manat əldən çıxmış fayda, 400 manat yol xərci, 313 manat məhkəmə dövlət rüsumu, ümumilikdə 62100 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, cavabdeh X2 onun yaxın qonşusudur. O, qonşuluğundan istifadə edərək ondan və onun ətrafında mağaza işlədən şəxslərdən də borc pul almışdır. Cavabdeh ondan 12200 (on iki min iki yüz) manat pul borc almış, amma söz verdiyi vaxtda geri qaytarmamışdır. O cümlədən də digər qonşularıda aldatmışdır. Məcburiyyət qarşısında qalaraq polisə müraciyyət etmişdir. Həmin ərəfədə ayrı-ayrı vaxtlarda 12200 (on iki min iki yüz) manatdan 4000 (dörd min) manatını qaytarmışdır. Qalan 8200 (səkkiz min iki yüz) manatı isə qaytarmamışdır. Abşeron rayon Polis idarəsinin müstəntiqinin qəbul etdiyi qərarda qeyd edilir ki, X2 ondan pul alması sübut olunmuş, lakin geri qaytarması öz təsdiqini tapmamışdır. Ərizədə qeyd olunan puldan əlavə cavabdeh həyat yoldaşı X1 qeyd olunan qida və məişət əşyaları asaterin balığı 10 ədəd 500 manat, hindquşu 5 ədəd 200 manat, spirtli içki 100 manat, farel balığı 10 ədəd 250 manat, limonad nataktari 36 ədəd 72 manat, mağazadan götürdüyü mallar bir ədəd soba 180 manat, mikrodalğalı soba 1 ədəd 250 manat, tozsoran 1 ədəd 170 manat, ətçəkən maşın 1 ədəd 140 manat, yataq örtüyü 1 ədəd 300 manat, yataq dəsti 120 manat, yemək dəsti (karaca) 600 manat, elektrik samovarı 1 ədəd 95 manat, balış 4 ətəd 60 manat, qazan dəsti 380 manat nisyə götürmüşdür. Bunların hamısının ümumi dəyəri 3987 manat təşkil edir. Keçən məhkəmə baxışı cavabdeh qeyd etdi ki, ona olan borclarını geri qaytarmaq üçün ona məxsus olan pensiya kartını ona vermiş və hər ay kartdan ona məxsus olan vəsaiti çıxararaq ona olan borcların bir qismini ödəmişdir. Bəli ola bilsin ki, 2-3 dəfə kartından pul çıxardıb, həmin pulu isə həyat yoldaşına borclu olduğu 3987 (üç min doqquz yüz səksən yetdi) manat pul ilə əvəzləşdirilmişdir. Həmin kartdan çıxarılan pulun 8200 (səkkiz min iki yüz) manat borc alınan heç bir aidiyəti yoxdur. Özü və həyat yoldaşı ticarətlə məşğuldurlar. Hər ay iki dəfə Dubay və başqa dövlətlərdən satış məqsədi üçün mallar gətirirlər. 8000 (səkkiz min) manatlıq mal gətirdikdə 5094 onlara xeyir qalır. Artıq neçə ildir ki, pulları cavabdehdə qalıbdır ki, bu da onların gəlir mənfəətlərinə, əldə edə biləcəkləri faydaya təsir edir. Cavabdehdə olan 8200 manatı aylıq 5072 gəlir hesablayanda onu da 1 ilə vuranda 49200 (qırx doqquz min iki yüz) manat təşkil edir. Daha dürüst olaraq həndəsi silislə artım ilə hesablansa bu rəqəm qat-qat çox alınar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, Vüsalə və Şölədən də faizə pul almış, onların pulunu qaytarmışdır. İddiaçı təqaüd kartını ondan təhdidlə almış, lakin bununla bağlı polisə müraciət etməmişdir. İddiaçı ötən ilin oktyabr ayında ondan Abşeron rayon Polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsinə onu dəvət etmişlər, bu barədə şöbədə izahat vermişdir. Təqaüd kartı keçən ilin yay aylarında iddiaçıda olmuş, 4 ay onun kartından 1300 manat pul çıxarılmışdır. Həmin vaxtı təqaüdü 1371 manat olmuşdur. 71 manat pulu özü götürmüş, qalan pulu isə iddiaçı götürmüşdür. Kartdan pulu iddiaçı və onun yoldaşı çıxarmışlar. Daha sonra iddiaçı kartı ona verməmiş, o da yeni kart sifariş etmişdir. Onun iddiaçıya hal-hazırda borcu yoxdur, iddiaçıya olan 8000 manat borcunu qaytarmışdır. İddiaçının mağazadan götürülən ərzağ və məişət əşyalarının pulunun ödənilməsinə münasibətdə isə bildirir ki, iddiaçının mağazasından nə almışdırsa pulunu vermiş, mağazadan pulsuz heç nə almamışdır. Eyni zamanda onlardan yeyinti və içki məhsulları almamışdır. Məhkəmə iclasında cavabadehin vəkili Vəkil cavabdehin izahatına uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, vəkilin çıxışını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə yazdığı şikayət ərizəsi əsasında aparılan təhqiqat araşdırması zamanı İddiaçı izahatı alınmış, izahatında bildirmişdir ki, Oktay adlı şəxs onun qonşusudur, təxminən 4-5 ay əvvəl Oktay Abşeron rayon Xırdalan şəhər Gənclər şəhərciyində yerləşən onun işlətdiyi mağazasına gələrək 13000 məbləğində pul istəmişdir. O, nə üçün lazım olduğunu soruşmuşdur. Oktay da sosial ev götürəcəyini eyni zamanda pulun bir hissəsi çatmadığını qeyd etmşdir. Oktay ona 13000 məbləğində pulu borc olaraq istəmişdir. O da qonşu olduğu üçün etiraz etməmişdir. 2023cü ilin təxminən sentyabr ayında Oktay adlı şəxsə 13000 manat pulu borc olaraq vermişdir. Sonra o pulu qısa müddət ərzində qaytaracağını söz vermişdir. Bundan sonra o, Oktaydan verdiyi pulu geri istəmişdir. Oktay isə müxtəlif bəhanələr gətirərək aldatmağa başlamışdır, sonra isə verdiyi pulu verməkdən imtina etmişdir. O da Abşeron RPİ-yə gedib ərizə ilə müraciət etmişdir. Ona ümumilikdə 13000 manat dəyərində maddi ziyan dəymişdir. Oktay adlı şəxs ona hər hansı bir vəd verməmişdir. Sadəcə 13000 manat məbləğində pulu qaytaracağı adı ilə almışdır. Həmçinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə yazdığı şikayət ərizəsi əsasında aparılan təhqiqat araşdırması zamanı Cavabdeh izahatı alınmış, izahatında Cavabdeh bildirmişdir ki, İddiaçı onun qonşusudur. Onunla heç bir düşmənçilik və ədavəti yoxdur. Qonşu kimi münasibətləri normal olmuşdur. 2023-cü ilin təxminən may ayında qonşusu İddiaçı faizə pul verməsini eşitmişdir. O, Arzunun yanına gedərək borca pul istəmişdir. Arzu da faizə verəcəyini demişdir. O, nə qədər məbləğə faizə verəcəyini soruşmuşdur. Arzu verdiyi məbləğin 20% verəcəyini demişdir. O, 2023-cü ilin may ayından sentyabr ayının əvəllinədək hissə-hissə Arzudan 8000 manat məbləğində pul almışdır. Sonra ona müxtəlif vaxtlarda hissə-hissə 8000 manat pul ödəmişdir. Təxminən bir neçə gündən sonra Arzuya pulu ödəyə bilməyəcəyini demişdir. Arzu isə ona heç bir aidiyyəti yoxdur pulu ondan faizə götürülməsini və həmin puluda verilməsini demişdir. O, ondan pulu ev almaq adı ilə pul almamışdır. O, Arzunu hər hansı bir formada aldatmamışdır. Sadəcə olaraq faizə pul götürmüşdür artıq ona borcu yoxdur. Eyni zamanda Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 8000 manat pul almışdır. Lakin Cavabdeh aldığı pulu qaytarmasını desə də, bu barədə heç bir qəbz, əlyazma, hər hansı mesaj, səs yazma və s. kimi sübutlar istintaqa təqdim etməmişdir. Bununla da Cavabdeh aldığı pulları geri qaytarması faktı öz təsdiqini tapmamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-1292/2024 nömrəli qərardadı ilə 510307******8616 nömrəli kart hesabından xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək nə qədər pulun çıxarılması, həmçinin pulu çıxaran şəxsin foto və videogörüntüsü "xxxx" ASC-dən tələb olunması qərara alınmışdır. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 2024/111/28836 nömrəli məktubda qeyd edilmişdir ki, sorğu olunan dövrdə bankomatla aparılmış əməliyyatlara dair görüntülərin saxlanılma müddəti bitdiyindən görüntülərin təqdim edilməsi mümkün deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi mülki hüquq və vəziflərin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Digər mülki hüquq münasibətlərindən fərqli olaraq əsassız varlanmanın (kondiksiyanın) qanuni və müqavilə əsası olmur. Kondiksiya öhdəliyinin subyektləri qismində varlanan şəxs və məhrum olan şəxs iştirak edir. Əsassız varlanmadan əmələ gələn öhdəlik digər öhdəlik münasibətlərindən fərqli olaraq elə bir öhdəlik hüquq münasibətidir ki, bu huquq münasibətinə görə qanunla və ya əqdlə müəyyən edilmiş əsaslar, yəni hüquqi əsas (titul) olmadan başqasının hesabına əmlak əldə etməklə varlanan şəxs (varlanmış şəxs) əsassız əldə etdiyi əmlakı həmin şəxsə (məhrum olana) qaytarmağa borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı mülki iş üzrə Cavabdeh qanuni əsası olmadan İddiaçı pul almışdır. Həmin pulun iddiaçı tərəfindən Cavabdeh 13000 manat məbləğində verilmiş olduğu iddia edilir. Cavabdeh tərəfindən isə həmin pulun 8000 manat olduğu bildirilir. Hazırkı halda tərəflər arasında pulun verilmiş olması işin mübahisəssiz halıdır. İddiaçı tərəfindən cavabdehə 13000 manat verilmiş olması bildirilsə də, buna dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş olan Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh tərəfindən verilmiş olan izahatından aşkar edilən hal odur ki, hazırkı mülki iş üzrə İddiaçı tərəfindən Cavabdeh 8000 manat pul verilmişdir. Cavabdeh tərəfindən 8000 manat pulun qaytarmış olması bildirilsə də, nə məhkəmə icraatı dövründə, nə də ki, İddiaçı müraciəti əsasında aparılmış olan təhqiqat zamanı sübut təqdim edilməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 65.4cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda məhkəmə hesab edir ki, 13000 manat pulun qaytarılması barədə iddiaçının iddia tələbi qismən, 8000 manat pulun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə İddiaçı iddia tələbinin 49200 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh alınaraq ona verilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi əsassızıdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Hazırki mübahisə üzrə iddianın Cavabdeh dükandan götürdüyü ərzaq və məişət əşyaları ilə bağlı borcu olmasının sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə hüququ pozulmuş şəxsin əldən çıxmış faydası onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Lakin İddiaçı əldən çıxmış faydanın məhz 49200 manat məbləğində olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin iddiaçının iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya məxsus dükandan 3987 manat dəyərində ərzaq və məişət əşyaları götürülməsi ilə bağlı, eyni zamanda verilmiş olan iddia tələbi üzrə məhkəməyə gəlib-getməsi ilə bağlı 400 manat vəsaitin xərclənməsi ilə bağlı məhkəməyə hər hansı bir sübutu təqdim edə bilməmiş və bununla da istinad etdiyi halı sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi Cavabdeh dükandan götürülən ərzaq və məişət əşyalarının qiyməti olaraq 3987 manat, əldən çıxmış fayda olaraq 49200 manat və yol xərci olaraq 400 manat pulun tutulması hissəsində də təmin edilməməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 313 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi hesablanmaqla dövlət rüsumu ödənilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin edilmiş hissəyə münasibətdə, yəni 8000 manata münasibətdə dövlət rüsumu tutulmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8000 məbləğində pul və 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8000 manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 312 manat dövlət rüsumunun 100 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 312 manat dövlət rüsumunun 212 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-47/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-47/2025
09.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver