Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-483/2023 04.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X12 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakıları ilə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 binanın 21 saylı mənzilindən istifadə hüququna 4500 manat ödənilməklə xitam verilməsi, digər Cavabdeh2 ona məxsus cehiz əmlakın öz vəsaiti hesabına çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X14 ilə 18 dekabr 1969-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.1970-ci il tarixdə Şahid2, xx.xx.1972-ci il tarixdə X2, xx.xx.1973-cü il tarixdə Kərimova (Qəniyeva) Məhin Nuru qızı, xx.xx.1974-cü il tarixdə X7, xx.xx.1977-ci il tarixdə Cavabdeh1, xx.xx.1979-cu il tarixdə Şahid1 və xx.xx.1981-ci il tarixdə Kərimova (Cəlilova) Nuriyyə Nuru qızı adlı yeddi övladı doğulmuşdur. X4 25 yanvar 1991-ci il tarixdə kəskin miokard infarktı səbəbindən vəfat etmişdir. ünvan 1 evin 21 nömrəli mənzili Azərbaycan Respublikası Əmlak Məsəsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə ********** nömrəli dövlət qeydiyyatına alınmışdır. Oğlu Cavabdeh1 2010-cu ildə Cavabdeh2 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra mülkiyyətində olan evdə yaşayırlar. Cavabdeh2 qızı kimi çox istəmiş, övladlarından ayırmamış, həmişə hörmətini saxlamışdır. Yaşadıqları müddət ərzində mehriban yaşasalar da gəlini sonra da oğlu ona qarşı münasibətləri kəskin dəyişməyə başlamışdır. Belə ki, dəfələrlə münasibəti normallaşmasına cəhd etsə də, hər biri ilə fərdi söhbət etsə də, heç bir faydası olmamışdır. O insult keçirmişdir. Böyrəyinin biri fəaliyyət göstərir. Səhhəti ilə əlaqədar çalışmışdır ki, evdə yersiz mübahisələr olmasın. Lakin gəlini tərəfindən ona təzyiq edilir, əsassız mübahisələr edilir. Bu mübahisələrin nəticəsində oğlu gəlinin tərəfini saxlamaqla ona təhqiramiz ifadələr işlədir. Artıq dözülməz hallar nəticəsində bəzi geyim əşyalarını götürməklə cari ilin əvvəlindən qızı Leylanın evində məcburiyyətdə yaşayır. Cavabdehlərlə arasında olan münasibətlər əvvəlki kimi gərgin olaraq qalmaqda davam edir. Bu səbəbdən səhhətinin daha da ağırlaşmaması səbəbindən mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Odur ki, Cavabdeh1 mənzildən istifadə hüququna kompensasiya ödəmək şərti ilə xitam verilməsinə, Cavabdeh2 cehiz əmlakları ilə birlikdə mülkiyyətində olan evdən çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə İddiaçı qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 binanın 21 saylı mənzilə özünün, arvadı Cavabdeh2 və uşaqlarının istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, L-nt İbrahimov küçəsində yerləşən 26 saylı evin 21 nömrəli mənzili 1982-ci il tarixində mərhum atası X8 order əsasında verilmişdir. Həmin orderdə digər ailə üzvləri ilə birlikdə onun adı qeyd olunmuşdur. Atası xx.xx.1991-ci il tarixində vəfat etmiş, bundan sonra mənzil iddiaçının adına sənədləşdirilmişdir. Mənzil iddiaçının adına sənədləşdirilərkən o da razılıq ərizəsi vermişdir. Adı çəkilən mənzil Azərbaycan Respublikası Əmlak Məsəsələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 2010-cu ildə arvadı Cavabdeh2 ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və arvadı da yaşadığı mənzilə gəlin köçmüşdür. Həmin tarixdə adı çəkilən mənzil iddiaçının adına mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınmamış, mərhum atasının adına olmuşdur. 1982-ci il tarixində mənzilə ailəvi olaraq köçərkən orada iddiaçı, atası, o və altı bacısı yaşamışdır. Sonrakı illərdə bacıları ailə həyatı qurduqlarından başqa ünvanlara köçmüşlər. Bacısı Şahid1 2020-ci ildə ailə həyatı quraraq başqa ünvana köçdükdən sonra mənzildə iddiaçı ilə bərabər o, arvadı və iki azyaşlı uşağı yaşamışlar, hal-hazırda da həmin ünvada yaşayırlar. Birgə yaşadıqları müddətdə iddiaçının onunla və arvadı ilə münasibəti normal olmuşdur. Onlar həmişə iddiaçının qayğısına qalmışlar. Hətta iddiaçının pensiya kartı da daima özündə olmuş, pensiyasından heç bir vaxt dolanışıq xərcləri üçün xərclənməmişdir. Evin bütün dolanışıq xərclərini o və arvadı ödəmiş, lakin buna baxmayaraq iddiaçı həmişə olduğu kimi 2023-cü ilin yanvar ayının sonunda Şirvan şəhərində yaşayan bacısı Leylanın evinə getmişdir. Bir neçə gün keçdikdən sonra anasının geri qaytmadığını görən arvadı bacısına zəng edərək anasının nə vaxt qayıdacağını soruşarkən bacısı: "anasının onlardan küsdüyünü, uşaqların səsinin ona pis təsir etdiyini, bu səbəbdən də evdə tək yaşamaq istədiyini” bildirmişdir. Ancaq düşünür ki, iddiaçının evdən çıxmasının başqa səbəbi vardır: anası evdən gedən ərəfədə eşitmişlər ki, mərhum atasının adına almadığı pensiya pulu olaraq 25000 (iyirmi beş min) manat pul veriləcəkdir. Bu xəbərdən sonra evdə söhbət əsnasında bildirmişdir ki, həmin pul məbləği verilərsə onu bacıları da daxil olmaqla vərəsə olaraq bərabər şəkildə öz aralarında bölüşdürərlər. Bu söhbətdən dərhal sonra anasının onlara qarşı münasibəti pisləşmiş, heç bir səbəb olmadan bacısının evində yaşamağa başlamış və sonda isə onu ailəsi ilə birlikdə evdən çıxarmaq qərarına gəlmişdir. Mənzildə yaşadığı müddətdə arvadı ilə birlikdə orada təmir işləri görmüşdür. Sonuncu dəfə mənzilin təmirinə 15000 manatdan artıq pul xərcləmiş, təmirlə bağlı arvadı hətta özünə məxsus olan qızıl-ziynət əmlakını 6000 manata satmışdır. Həmin təmir işlərinə görə iddiaçıdan pul istəməmişlər. Mənzildə istilik-kombi sisteminin çəkilməsi üçün 2000 manat, seyf qapısına və 3 otağın qapısına 1500 manat, mətbəx mebeli üçün1400 manat, mətbəx və dəhlizin təmirinə 7000 manat, hamamın təmirinə 2000 manat, balkonun təmirinə 1000 manat pul xərcləmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini etiraf etməyərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi ilkin iddia üzrə Cavabdeh2 qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ilkin iddia tələbinə etiraz ərizəsi göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iddia tələbinə etiraz ərizəsindən görünür ki, Şirvan şəhəri, L-nt İbrahimov küçəsində yerləşən 26 saylı evin 21 nömrəli mənzili 1982-ci il tarixində mərhum qayınatası X8 order əsasında verilmişdir. Həmin orderdə digər ailə üzvləri ilə birlikdə əri Cavabdeh1 da adı qeyd olunmuşdur. X14 xx.xx.1991-ci il tarixində vəfat etmiş, bundan sonra mənzil ilkin iddiaçının adına sənədləşdirilmişdir. Mənzil 2022-ci İl tarixdə iddiaçının adına sənədləşdirilərkən əri də razılıq ərizəsi vermişdir. Adı çəkilən mənzil Azərbaycan Respublikası Əmlak Məsəsələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 2010-cu ildə əri ilə rəsmi nikaha girməklə ailə həyatı quraraq mübahisə predmeti olan hazırda yaşadıqları mənzilə gəlin köçmüşdür. Həmin tarixdə adı çəkilən mənzil iddiaçının adına mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınmamış, mərhum X5 adında olmuşdur. 2010-cu il tarixində mənzilə köçərkən orada iddiaçı və digər ailə üzvləri yaşamışlar. Onun həmin mənzilə köçməyinə ailə üzvləri etiraz etməmişlər. Hazırda da mənzildə iddiaçı ilə bərabər əri və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. İddiaçı ilə birgə yaşadığı müddətdə onlarla münasibəti normal olmuşdur. Onlar həmişə iddiaçının qayğısına qalmışlar. Hətta iddiaçının pensiya kartıda daima özündə olmuş, pensiyasından heç bir vaxt dolanışıq xərcləri üçün xərclənməmişdir. Evin bütün dolanışıq xərclərini o və əri ödəmişlər. Lakin buna baxmayaraq iddiaçı 2023-cü ilin yanvar ayının sonunda Şirvan şəhərində yaşayan qızı Leylanın evinə getmişdir. Bir neçə gün keçdikdən sonra onun geri qayıtmadığını görüb Leylaya zəng edərək anasının nə vaxt qayıdacağını soruşarkən o, “anasının onlardan küsdüyünü, uşaqların səsinin ona pis təsir etdiyini, bu səbəbdən də evdə tək yaşamaq istədiyini dediyini” bildirmişdir. İddiaçının mərhum X4nun adına almadığı pensiya pulu olaraq 25000 (iyirmi beş min) manat pul veriləcəyi halda həmin pulun vərəsələr arasında bərabər şəkildə bölüşdürulməsi ilə bağlı ailə üzvləriylə söhbəti olmuş, iddiaçı həmin söhbətdən sonra qızı Leylanın evinə getmiş, onlara qarşı münasibəti pisləşmiş, heç bir səbəb olmadan onu ailəsi ilə birlikdə evdən çıxarmaq qərarına gəlmişdir. Mənzildə yaşadığı müddətdə əri ilə birlikdə orada təmir işləri görmüşlər. Sonuncu dəfə mənzilin təmirinə 15000 manatdan artıq pul xərcləmiş, təmirlə bağlı hətta özünə məxsus olan qızılziynət əmlakını 6.000 manata satmışdır. Həmin təmir işlərinə görə iddiaçıdan pul istəməmişlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbini etiraf etməyərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin, ilkin iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və X9 ifadə verib bildirmişlər ki, ilkin iddia üzrə İddiaçı onların anası ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 onların qardaşı, digər Cavabdeh2 isə qardaşının arvadıdır. Anaları bir müddətdir ki, bacıları Mehrinin evində yaşayır. Qardaşları ilə münasibətləri yaxşı deyildir. Cavabdeh1 daima onları təhqir edir. Məhkəmə işdə iştirak edən şəxsləri və prosesin digər iştirakçılarını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reysetri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 18 may 2023-cü il tarixli məktubuna əlavə edilmiş X16 Sovetinin İcraiyyə Komitəsinin 0098 №-li 21 mart 1983-cü il tarixli orderin surətindən görünür ki, Əli Bayramlı şəhəri A.Axmedov küçəsi bina D, mənzil 21 X8 verilmiş, ailə tərkibi İddiaçı arvadı, Şahid2, X15, X2, X7, Cavabdeh1, Şahid1, X3r. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reysetri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 18 may 2023-cü il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 21 saylı mənzil İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 30 noyabr 2011-ci il tarixdə 19 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 25 yanvar 1991-ci ildə vəfat etmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X14 və X11 arasında nikah haqqında 18 dekabr 1969-cu il tarixdə 219 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Şirvan şəhər Qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə Kərimov arvada Kərimova soyadı verilmişdir. Qeyd: Nikaha N.H.Kərimovun 25 yanvar 1991-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm 15 fevral 1991-ci ildə 38№-li akt qeydi ilə Şirvan şəhər Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 şəhər Qeydiyyat şöbəsində 24 avqust 2010-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Kərimov arvada Kərimova soyadı verilmişdir. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, ünvan 1 evin 21 saylı mənzili ilkin iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və digər ailə üzvləri ilə birgə yaşaması üçün X8 verilmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, mənzilin ayrıldığı vaxtdan orada atası ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparmış, hazırda da həmin mənzildə yaşayır. X14 25 yanvar 1991-ci ildə ölsə də, orada yaşayanlardan hər hansı biri ilə mənzilə dair yeni icarə müqaviləsi bağlanmamışdır. Cavabdeh1 24 avqust 2010-cu il tarixdə Cavabdeh2 ilə nikah bağlamış və sonuncu özünə məxsus əmlaklarını da apararaq mübahisəli mənzilə gəlin köçmüşdür. ünvan 1 evin 21 saylı mənzili 30 noyabr 2011-ci il tarixdə İddiaçı adına özəlləşdirilərək, daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyətinə qeydiyyata alınmışdır. İlkin iddia üzrə iddiaçı 2023-cü ilin yanvar ayının sonundan ünvan 1 evin 21 saylı mənzilindən çıxıb getmiş və başqa ünvanda yaşayır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xx.xx.2009-cu il tarixədək qüvvədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin İ hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin İİİ hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri),onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mərhum atası icarədar X14 ilə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, icarədarın ailə üzvü qismində mübahisəli mənzildən istifadə etmək hüququna malik olmuşdur. İlkin iddiaçı da bu hüquqa xitam verilməsi üçün kompensasiya təklif edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki,bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Bununla yanaşı məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında öz əksini tapmış müddəaları iddianın həllində tətbiq etməli olmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə təklif olunan kompensasiya məbləğinin miqdarı ilə bağlı qeyd edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Belə ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İlkin iddiaçı təklif etdiyi kompensasiya məbləğinin ilkin iddia üzrə üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıya davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi barədə sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində yaşayış sahəsi 62.1 kv.metr olan 3 otaqlı mənzilin olmasını nəzərə alıb, hesab edir ki, onun təklif etdiyi 4500 manat məbləğində kompensasiya ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli mənzillə müqayisədə oxşar şəraiti olan başqa yerdə yaşamaq imkanını vermir. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia bu hissədə təmin olunmamalıdır. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəfdövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin-vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia üzrə Cavabdeh2 mərhum X5 oğlu Cavabdeh1 ilə ailə qurandan sonra dövlət mənzil fonduna aid olan mübahisəli mənzilə 2010-cu ildə köçdüyündən və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə birlikdə yaşayıb ümumi təsərrüfat apardığından, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ailə üzvü qismində mübahisəli mənzildən istifadə etmək hüququna malik olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh2mübahisəli mənzildən istifadə etmək, o cümlədən özünə məxsus cehiz əmlakını həmin mənzildə yerləşdirmək, əmlaklarından həmin mənzildə istifadə etmək hüququna malik olduğundan ilkin iddia ona məxsus cehiz əmlakın öz vəsaiti hesabına çıxarılmasına dair hissədə də təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli mənzildən yaşadığı vaxtdan istifadə hüququna malik olduğundan, bununla da qarşılıqlı iddia özünün istifadə və yaşayış hüququnun tanınmasına dair hissədə mövcud olan hüququn təkrar tanınması xarakteri daşıdığından həmin hissədə qarşılıqlı təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin onun istifadə və yaşayış hüquqlarının həyata keçirilməsinə maneçilik törətdiyini iddia etsə də, bu barədə hər hansı sübutu təqdim etməmiş, bu hal sübut edilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin 2023-cü ilin yanvar ayının sonundan ünvan 1 evin 21 saylı mənzilində yaşamaması işin mübahisəsiz halıdır və onun orada yaşamadığı halda, qarşılıqlı iddiaçının istifadə və yaşayış hüquqlarını həyata keçirilməsinə maneçilik törətməsi ağlabatan deyil. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının istifadə və yaşayış hüquqlarının həyata keçirilməsinə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən hər hansı maneçilik törədilməsi sübut edilmədiyindən qarşılıqlı iddia həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Qarşılıqlı iddiaçı, arvadı Cavabdeh2 və uşaqlarının istifadə və yaşayış hüququnun tanınmasını, onların da istifadə və yaşayış hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulmasını tələb etsə də, uşaqlarının olub olmaması, eləcə də arvadının və uşaqlarının hüquqlarının, azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnun yaranmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddianın həmin hissəsi üzrə belə nəticəyə gəlir ki, qarşılıqlı iddiaçının uşaqlarının olması, eləcə də onun arvadı Cavabdeh2 və uşaqlarının hüquqlarının, azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnun yaranması halı sübut edilmədiyindən qarşılıqlı iddia həmin hissədə də təmin edilə bilməz. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia ərizələri rədd edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 4500 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma barədə ilkin iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə və yaşayış hüququnun tanınması, həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağa qoyulması” barədə qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-483/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-483/2023
04.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver