Məhkəmə qərarları › İş №2(032)-487/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-487/2023

30.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-487/2023 30.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız borcun silinməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin Şirvan Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 600271 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 2160 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olub yaşayan X1 məxsus ünvan 2 ünvanında 29.7 m2 sahəsi olan daşınmaz əmlak vardır. Qeyd edilən daşınmaz əmlak ƏMDXDƏDRK və RPHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli xx.xx.2019-cu il tarixli çıxarış vardır. Daşınmaz əmlaka su təminatı üçün müvafiq köməklik göstərilməsinə dair mülkiyyətçi tərəfindən ondan köməklik istənilmişdir. O da öz növbəsində Şirvan Sukanal İdarəsinə şifahi müraciət etməklə daşınmaz əmalakın su təminatı üçün müvafiq sənədləşmə aparılması üçün lazımi sənədlərin toplanmasına və su xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilən obyektə hər hansı bir aidiyyəti yoxdur. Şirvan Sukanal İdarəsinin əməkdaşları tərəfindən X1 məxsus ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka su xətti çəkilməklə 00218080 nömrəli C318830 plomb nömrəli smart-20 markalı ön ödənişli sayğac quraşdırlmışdır. Sayğac üzərində ilkin olaraq 8 m3 istifadə ediləcək su təminatı vardır. xx.xx.2023-cü il tarixdə Şirvan Sukanal İdarəsinin əməkdaşları tərəfindən X1 məxsus obyektə gələrək barəsində 600271 nömrəli akt tərtib etmişlər. Akta əsasən ünvana baxış keçirilmiş, baxış zamanı T.İsmayılov küçəsi 17 ünvanında yerləşən gözəllik salonunda d-20 mm-lik qeyri qanuni su və kanalizasiya xətti çəkilb və qeydiyyatda olmayan smart tipli su sayğacı quraşdırılıb, plomb vurulub. Akt tərtib edilərkən su xətti dayandırlıb. Akt əsasında adına Şirvan Sukanal İdarəsində müqavilə bağlamadan abonent kodu açılmış və itirilmiş sərfiyyat hesablanmaqla 2160 manat borc hesablanmışdır. Hesab edir ki, mülkiyyətçisi olmadığı qeyri-yaşayış sahəsinə görə rəsmi müraciət olmadan, texniki şərt üçün ərizə verilmədən, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə tərtib edilmədən hesablanmış borc qanunsuz və əsassızdır. Məhkəmə iclasınnın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Sukanal İdarəsinin nümayəndələri və İddiaçı iştirakı ilə tərtib edilmiş 600271 nömrəli aktdan görünür ki, T.İsmayılov küçəsi 17 ünvanında yerləşən gözəllik salonuna baxış keçirilən zaman məlum olmuşdur ki, d-20 mm-lik qeyri qanuni su və kanalizasiya xətti çəkillib və qeydiyyatda olmayan smart tipli su sayğacı quraşdırılıb, plomb vurulub. Atk tərtib edilərkən su xətti dayandırlıb. Akt əsasında adına Şirvan Sukanal İdarəsində müqavilə bağlamadan abonent kodu açılmış və itirilmiş sərfiyyat hesablanmaqla 2160 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən etdi ki, xx.xx.2023-cü il tarixdə Şirvan Sukanal İdarəsinin əməkdaşları tərəfindən X1 məxsus obyektə gələrək İddiaçı barəsində 600271 nömrəli akt tərtib etmişlər. Akta əsasən ünvana baxış keçirilmiş, baxış zamanı T.İsmayılov küçəsi 17 ünvanında yerləşən gözəllik salonunda d=20 mm-lik qeyriqanuni su və kanalizasiya xətti çəkilməsi və qeydiyyatda olmayan smart tipli su sayğacı quraşdırılmaqla, plomb vurulması aşkar edilmişdir. Atk tərtib edilməklə su təminatı dayandırlmışdır. Akt əsasında İddiaçı Şirvan Sukanal İdarəsində müqavilə bağlamadan abonent kodu açılmış və itirilmiş sərfiyyat hesablanmaqla 2160 manat borc hesablanmışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “X2”nın 4.1.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlanması istehlakçının vəzifəsidir. Həmin qaydaların 5.1.2-ci bəndinə əsasən istehlakçının su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək hüquq vardır. Həmin qaydaların 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. Həmin qaydaların 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin qaydaların 8.7-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq bir il müddətinə hesablanır. Belə bir qoşulma halı var idisə, bu halda cavabdeh təşkilat bununla əlaqədar hər-hansı bir araşdırma aparmalı idi. Lakin göründüyü kimi heç bir araşdırma aparmadan, ümumiyyətlə, heç razılaşma (müraciət, müqavilə, texniki şərt və s.) olmadan yuxarıda göstərilmiş aktı qeyri-qanuni tərtib etmişlər və heç bir əsas olmadan cərimə hesablamışlar. Eyni zamanda cavabdeh təşkilat tərəfindən qeyd edilən normativ aktların tələblərinə riayət olunmamışdır. Belə ki, Cavabdeh ASC tərəfindən qeyri-əhali qrupu istehlakçıları üçün tələblər müəyyən etmişdir: Çoxmərtəbəli yaşayış binaları, sənaye, inzibati, iaşə və digər təyinatlı iri obyektlərin su təchizatı və kanalizasiya sistemlərinə qoşulması üçün: 1. sifarişçi bu obyektlərin inşası üçün tikiləcək obyektin su təchizatı və kanalizasiya sistemləri ilə təmin olunması məqsədi ilə bu kommunikasiyaların layihələndirilməsinə texniki tapşırıq almaq üçün Cavabdeh ASC-nin rəhbərliyinin adına yazılı müraciət etməlidir. 2. müraciətə su təchizatı və kanalizasiya sistemlərinə qoşulması nəzərdə tutulmuş obyektin inşası üçün torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədin surəti, obyektin bütün yeraltı kommunikasiyaları, binanın xarakteristikası (təyinatı, hündürlüyü və s.), tələb olunan suyun və tullantı sularının həcmini və sahənin geodezik əsasda hazırlanmış planı əlavə olunmalıdır. Cəmiyyətin struktur bölməsi "İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nın tələblərinə müvafiq olaraq toplanmış sənədlərə baxır, əraziyə baxış keçirərək texniki tapşırıq tərtib edir və müvafiq qaydada Cəmiyyətin rəhbərliyinə təqdim edir. Su təchizatı və kanalizasiya müəssisəsinə məxsus su kəmərlərinə birləşmənin texniki tapşırığı aşağıdakıları müəyyən edə bilər: a) su kəmərinə birləşmə nöqtəsini; b) layihə sənədlərinin razılaşdırılma qaydasını; c) layihələndirilən (yenidən qurulan) su və kanalizasiya birləşmələrinin balans mənsubiyyətini; d) birləşmənin quruluşuna verilən xüsusi texniki tələbləri; e) birləşmə yerində hesablanmış basqını; f) nəzarət-ölçü cihazlarına və suölçmə qovşaqlarına normativ sənədlərə görə verilən tələbləri; g) su kəməri girişlərinin sayını; h) buraxılan suyun maksimal miqdarına, suişlətmə rejiminə, su anbarlarının və nasos stansiyalarının quruluşuna qoyulan tələbləri; i) texniki şərtlərin qüvvədə olma müddətini. Texniki tapşırığa müvafiq layihənin hazırlanması sifarişçi təşkilat üçün zəruridir. Hazırlanmış layihə sənədləri razılaşdırılma və rəy verilməsi məqsədilə iki nüsxədə Cəmiyyətə təqdim edilməlidir. Su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən rəy verilmiş su təchizatı layihəsinin bir nüsxəsi sifarişçiyə və ya layihə təşkilatına qaytarılır, ikinci nüsxəsi isə texniki nəzarət və istismara qəbul zamanı istifadə edilmə üçün Cavabdeh ASC-də saxlanılır. Razılaşdırılmış layihə əsasında inşa olunmuş və istismara tam hazır vəziyyətdə olan obyektin (çoxmərtəbəli yaşayış evləri, binaları tam sayğaclaşdırılmalı və bu barədə sayğacların qəbul aktı müraciətə əlavə edilməlidir) su təchizatı və kanalizasiya sisteminə birləşdirilməsi məqsədilə texniki şərt alması üçün sifarişçi Cavabdeh ASC-yə yazılı müraciət edir. Cavabdeh ASC-nin struktur bölməsi sifarişçinin təqdim etdiyi sənədlərə əsasən obyektə baxış keçirir və obyektin su təchizatı və kanalizasiya sisteminə birləşdirilməsi üçün texniki şərti hazırlayaraq imzalanması üçün müvafiq qaydada Cəmiyyətin rəhbərliyinə təqdim edir. Lakin işin fakitiki hallarından göründüyü kimi qeyd edilən şərtlərə cavabdeh cəmiyyət tərəfindən riayət edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 216-220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ASC-nin Şirvan Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 600271 saylı aktın etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 2160 manat məbləğində cərimə borcu silinsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar