Məhkəmə qərarları › İş №2(032)-573/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-573/2023

07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-573/2023 07.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçınun cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və cərimə borcunun silinməsinə dair” mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 İstismarı idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 22 fevral 2023-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin aktın əsasında hesablanmış 1555.20 manat qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ev mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evin öz qaz xətti və öz sayğacı vardır. Həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı onların evinə çoxdan qoyulmuş və heç bir problemi də olmamışdır. Həmişə də gəlib yoxlayıblar. 01 noyabr 2022-ci il tarixdə evdə olmadığı zaman qaz idarəsinin işçiləri bizim evə gələrək yaşadığım ünvana aid olan sayğacı dəyişərək onu yenisi ilə əvəz etmişlər. Qaz idarəsinin işçiləri sayğacı yoxlayıb, sayğacı yenisi ilə əvəz etdikdən sonra akt tərtib etmişlər. Qaz idarəsinin işçiləri köhnə qaz sayğacını özləri ilə apardıqdan 22 fevral 2023-ci il tarixdə akt tərtib etmişlər ki, guya sayğacın daxilində plastmas qapağının qoruyucu şüşəsinin üzərində olan dörd ədəd qulaqcıqdan bir ədədi aşkar olunmamışdır,istismara yararsızdır. Bu akt onun iştirakı olmadan tərtib edilərək aktda qeyd olunub ki, guya mən akta imza etməkdən imtina etmişdir. Həmin aktı sonradan Qaz idarəsinə müraciət etdikdən sonra əldə etmişdir. Sonradan ona bildiriş göndərmişlər və bildirişə baxdıqda görmüşdür ki, 1555.20 manat qaz pulu hesablanılmışdır. Bundan təəccüblənərək Qaz idarəsinə getmişdir ki, bütün bunlara aydınlıq gətirsinlər. Orda ona abonentin saldosunu təqdim etdilər və saldoya baxanda gördüm ki, sayğaca görə onun üçün 1555.20 manat cərimə hesablayıblar. Baxmayaraq ki, qaz sayğacının tərəfindən yararsız hala salınması sübut olunmamışdır. Həmin qaz sayğacının kim tərəfindən yararsız hala salınması sübut olunmadığı halda 1555.20 manat cərimə hesablanmışdır. Abonent tərəfindən sayğaca heçbir müdaxilə olunmamışdır. X1 istismarı İdarəsinin əməkdaşlarının tərtib etdikləri akt qanunsuzdur və həmin akt ləğv edilməlidir. Həmin aktla heç cür razılaşa bilmir. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı mənzilə quraşdırılmış sayğacın istismar müddəti bitdiyindən çıxarılmışdır. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, “Azəriqaz” İB-nin İTRİ-nin xx.xx.2023cü il tarixli 14-2-2/3-5-1139-1 saylı rəyinə əsasən çıxarılan ******* nömrəli qaz sayğacının daxilində plastmas qapağının qoruyucu şüşəsinin üzərində olan 4 ədəd qulaqcıqdan bir ədədi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 12960 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2023-cü il tarixli ******* saylı akt göstərilmişdir. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Eyni zamanda məhkəmə qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda da görünür ki, qaz sayğacı istehlakçıya məxsus olan evdə quraşdırılmamışdır, belə olan halda həmin qaz sayğacının işlək vəziyyətdə olmasına cavabdehliyi qaz paylayıcısı daşıyır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 1555.2 (bir min beş yüz əlli beş manat 20 qəpik) cərimə məbləği (abunə kodu **********00350) saylı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar