Məhkəmə qərarları › İş №2(032)-574/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-574/2023

16.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-574/2023 16.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təkzib öhdəliyinin qoyulması, videoyazının silinməsi və ziyanın ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Youtube TV 8” kanalında “X1 Mərkəzində” xx.xx.2023-cü ildə keçirilmiş mətbuat konfransında barəsində verdiyi müsahibə şərəf və ləyaqətini məlumat hesab edilməsi, Cavabdeh tərəfindən “Youtube TV 8” kanalında “X1 Mərkəzində” xx.xx.2023-cü ildə keçirilmiş mətbuat konfrasında barəsində verdiyi müsahibənin ona aid hissəsinin saytdan silinməsi və müsahibə ilə bağlı təkzib etmə öhdəliyi qoyulması, şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığından Cavabdeh 2000 manat məbləğində maddi və 2000 manat məbləğində mənəvi ziyan, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü ildə Şirvan şəhərində anadan olmuş, orta təhsilini Şirvan şəhəri 1 saylı orta məktəbi bitirdikdən sonra X13 Kollecinə daxil olmuş, orta ixtisas təhsillidir. 2006-cı ildən Hacıqabul rayon polis şöbəsində 3 il 6 ay polis nəfəri olaraq işləmişdir. Ailəlidir və X4 ilə birgə nikahlarından 3 uşağı var. Cavabdeh “Youtube TV 8” kanalında “X1 Mərkəzində” xx.xx.2023-cü ildə keçirilmiş mətbuat konfransında Şirvan şəhər polis şöbəsində şübhəli şəxs kimi tutulmuş şəxslərə edilmiş işgəncələrlə bağlı verdiyi müsahibədə onun şəxsiyyətini alçaldan, şərəf və ləyaqətini ləkələyən, nüfuzuna ziyan vuran müsahibə vermişdir. Belə ki, o, müsahibəsində özünü təqdim etdikdən sonra deyir: “Deməli Şirvan polis şöbəsinə gətirilənlər ağ rəngli Prado markalı maşınla gətirilir. Bu prado maşının sahibi İddiaçı adında bir adamdı. Mənim öyrəndiyimə görə bu adam jurnalistdir. Mən polis rəisinin müavinindən Fərid müəllim var orda soruşdum ki, bu İddiaçı Sizdə nə işləyir. Dedi ki, bizdə işləmir o. Dedim axı sizdə işləmirsə niyə polislərlə əməkdaşlıq edir və gətirilən adamla ağ Prado ilə gətirilir. Mən öyrəndiyimə görə Elçin Mehdiyev Bakıda bir arvad saxlayır, Şirvanda bir arvad saxlayır, Prado maşında gəzir. Bu jurnalistə əgər bunun əmək haqqısı nə qədərdir ki, bu işlərin hamısın yerinə yetirir”. Cavabdeh TV 8 kanalının “Youtube” yayınlanmış bu müsahibəni milyonlarla izləyici izləmiş və kommentarialar verilmişdir. Cavabdeh belə hərəkətləri onun ailəsi, qohumları, övladları, yaşadığı rayonun əhalisi, habelə tanışlarını arasında nüfuzdan salmış və ailə daxili münaqişlərə gətirib çıxarmışdır. Müsahibəyə baxmış şəxslər tərəfindən xoşagəlməz ifadələrlə kommentarialar verilmiş, bu da ona əsəbi gərginlik keçirtdirir və səhhətində problemlər yaranır. Prado markalı maşın qardaşına məxsusdur. Həmin avtomobili etibarnamə əsasında yalnız idarə edir. O ki, qaldı tutulmuş şəxslərin Şirvan şəhərində tutulmuş şəxslərin idarə etdiyi avtomobillə polis şöbəsinə gətirilməsi ilə bağlı fakta bu obsurddur. Daha sonra, İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən Cavabdeh tərəfindən “Youtube TV 8” kanalında “X1 Mərkəzində” xx.xx.2023-cü ildə keçirilmiş mətbuat konfransında barəsində verdiyi müsahibənin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilməsi, Cavabdeh tərəfindən “Youtube TV 8” kanalında “X1 Mərkəzində” xx.xx.2023-cü ildə keçirilmiş mətbuat konfransında barəsində verdiyi müsahibənin ona aid hissəsinin saytdan silinməsi və qətnamə qanuni qüvvəyə mindikdən sonra müsahibə ilə bağlı təkzib etmə öhdəliyi qoyulması, şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığından Cavabdeh 2000 manat məbləğində maddi və 2000 manat məbləğində mənəvi ziyan, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X7 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, bu paylaşımlarda yer verilmiş məlumatlar baş vermiş hadisə ilə bağlı olmaqla yalan məlumatlar olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 haqqında xx.xx.2020-ci il tarixli, ********** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı X8 xx.xx.2020-ci il tarixdən işaxtaran kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 120 (bir yüz iyirmi) manat vəkil xidmət haqqı ödənilmişdir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: 1) məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; 2) həmin məlumatların doğru olmaması; 3) bu məlumatların yayılması. Məhkəmə ilk növbədə birinci hala, yəni yayılmış məlumatın iddiaçının şərəf və ləyaqətini ləkələməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə ikinci halla bağlı qeyd edir ki, məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Yəni, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməlidir. Belə ki, şərəf və ləyaqətin ləkələnməsi ilə bağlı iddialarda məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yaymış tərəfin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdeh iddiaçı ilə bağlı yaydığı məlumatlardan hər hansının doğruluğunun sübut edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, yayılmış məlumatlar doğru olmayan məlumatlar kimi qiymətləndirilməlidir. Məhkəmə üçüncü halla bağlı qeyd edir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Hazırkı işdən isə görünür ki, cavabdeh iddiaçı barəsində doğruluğunu sübut edə bilmədiyi və onun şərəf və ləyaqətini ləkələyən məlumatları “Youtube TV 8” kanalında “X1 Mərkəzində” xx.xx.2023-cü ildə keçirilmiş mətbuat konfrasında verdiyi müsahibəsində yaymışdır. Məhkəmə xüsusi qeyd edir ki, Cavabdeh müsahibsəsindən sonra qeyrimüəyyən şəxslər tərəfindən izləyici kimi izləmiş və komentarialar verilmişdir. Bu isə məlumatların geniş kütlədə yayılmış olduğunu artıq sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur. İnsan Hüquqlarının və X6 X2 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Lakin bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə, bu zaman şəxsin şərəf və ləyaqətinin, eləcə də işgüzar nüfüzunun ləkələnməsi qəbul edilə bilməz. Odur ki, iddiaçı doğruluğu sübut edilməmiş bu məlumatların təkzib edilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Eyni zamanda nəzərə alınmalıdır ki, həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. (“Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 nömrəli qərarı, 12-ci bənd). Hazırkı işdən görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində yayılmış bu məlumatlar daha çox sosial şəbəkə vasitəsilə yayılmışdır. Lakin məhkəmə hesab edir ki, təkzibin məhz sosial şəbəkədə edilməsi yerinə, sosial şəbəkənin istifadə imkanları da nəzərə alınmaqla (məsələn paylaşımı gizli etmək, yaxud izləyici sayının dəyişilməsi kimi hallar) məhz iddia tələbində göstərildiyi kimi ünvana təkzib məktubu göndərilməsi ilə edilməsi daha ağlabatandır və prinsipcə məlumatların yayılma üsuluna (yazılı) zidd deyil. Mənəvi ziyan tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ifadələrin məzmun və mənasını, həmin ifadələrin açıq-aşkar iddiaçının şəxsiyyətinə uyğun olmadığını və onun ləyaqətini alçaltdığını qəbul etməklə hesab edir ki, cavabdeh həmin ifadələrlə iddiaçıya mənəvi sarsıntı və iztirab vermiş, qeyd olunan ifadələr iddiaçının şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulması şübhəsiz olsa da dəymiş mənəvi zərərə görə tələb edilən məbləğ hədsiz dərəcədə yüksək olmaqla ağlabatan deyil. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Məhkəmə, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkələməklə yayılan məlumatlara görə iddiaçıya dəymiş mənəvi zərərin kompensasiyası üçün cavabdehdən 200 manat məbləğində pul tutulması ağlabatandır. İddiaçının iddia tələbinin 2000 (iki min) manat maddi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İddiaçı ona iki min manat maddi zərər vurulmuş olduğunu iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə xatırladır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hazırkı halda isə sübutetmə yüklülüyü iddiaçının üzərinə düşür. Lakin iddiaçı maddi zərərlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yalnız iddiaçının hüquqi xidmətin göstərilməsi ilə bağlı vəkilə ödənilmiş olan 120 manat ödəniş qəbzi təqdim edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi maddi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 120 manat maddi zərər tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 60 manat dövlət rüsumunun 40 manat hissəsi iddiaçıya aid edilməli, 20 manat hissəsi isə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən “Youtube TV 8” kanalında “X1 Mərkəzində” xx.xx.2023-cü ildə keçirilmiş mətbuat konfransında İddiaçı barəsində verdiyi müsahibə onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilsin. Cavabdeh tərəfindən “Youtube TV 8” kanalında “X1 Mərkəzində” xx.xx.2023-cü ildə keçirilmiş mətbuat konfrasında İddiaçı barəsində verdiyi müsahibənin ona aid hissəsi saytdan silinsin və qətnamə qanuni qüvvəyə mindikdən sonra müsahibə ilə bağlı təkzib etmə öhdəliyi qoyulsun. Şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığından Cavabdeh 120 manat məbləğində maddi və mənəvi ziyana görə 200 manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi iddiaçıya aid edilsin. Ödənilmiş olan dövlət rüsumunun 20 (iyirmi) manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar