Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-660/2023 12.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı şərəf ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı "xxxx" MMC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən “Facebook” internet portalının “Şirvan şəhəri” səhifəsində "xxxx" MMC-nin ünvanına şəxsiyyəti onlara məlum olmayan “Roşka Bayram” adlı istifadəçi ilə yazışmada “bəli Quşçuluqda çox çətin iş rejimidir, düz söhbət. Birini mən yazım Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz.ayın 30 günü 14 saat iş rejimi” kimi ifadələr yazaraq, həqiqətə uyğun olmayan məlumatlar paylaşmaqla, onun və Şirkətinin işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləndiirlməklə, həmin yazıların təkzib edilməsini, ondan üzr istəməsini və ona vurulmuş mənəvi zərərin əvəzində 10.000 manat və ödənilmiş dövlət rüsumu əvəzi pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC 25 oktyabr 2002-ci il tarixdən 0602A1-191 saylı şəhadətnamə əsasında qəbul etdiyi Nizamnaməyə uyğun olaraq ərzaqlıq toyuq yumurtası istehsalçısı kimi fəaliyyət göstərir. Fəaliyyəti dövründə Şirkət istehsal etdiyi məhsulun satışını daxili və xarici bazarlarda təşkil etmiş, satılan məhsulun keyfiyyəti ilə bağlı hər hansı bir nöqsan və irad ünvana daxil olmamış, əksinə olaraq istehsal edilən məhsul bütün normativlərə cavab verən yüksək keyliyyətli məhsul kimi istehlakçılar tərəfindən bəyənilmiş və bazarda öz yerini tutmuşdur. Şirkətdə 399 nəfərdən çox işçi çalışır. Şirkət Kənd təsərrüfatı təyinatlı sahə olduğu üçün həftənin 6 günün işləyir, iş vaxtı saat 08 radələrindən başlayır, 16 radələrində sona çatır. İşçilərin işə gedib gəlməsi şirkətə məxsus nəqliyyat vasitələrilə həyata keçirilir. İşçilər hər gün bir dəfə, növbədə olanlar isə 3 dəfə isti yeməklə təmin olunur. Şirkət Respublikanın ərzaqlıq toyuq yumurtasına olan tələbatının 40%-ni təmin edir, bununla yanaşı Ölkənin Müdafiə Nazirliyinin, Sərhəd xidmətinin və Daxili qoşun hissələrinin şəxsi heyətini ərzaqlıq toyuq yumurtası ilə təmin edir. Şirkətin iş rejimi qaydalarına görə işçilər tərəfindən hər hansı bir iradlar dövlət orqanlarına və şirkət rəhbərliyinə daxil olmamışdır. Şirvan şəhər sakini Cavabdeh 2016-cı ildən 2022-ci ilə qədər şirkətin avtomobil təsərrüfatında mexanik vəzifəsində çalışmış, öz xahişi ilə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən xaric edilmişdir. İlham Qasmov “Facebook” internet portalında yayımlanan “Şirvan şəhəri” səhifəsində "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gətirən həqiqəti əks etdirməyən yazılar dərc edərək, şəxsiyyəti onlara məlum olmayan “Roşka Bayram” adlı istifadəçi ilə yazışmada “bəli Quşçuluqda çox çətin iş refimidir, düz söhbət, Birini mən yazım “Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz.ayın 30 günü 14 saat iş rejimi” kimi yazılar dərc edərək şirkətin işgüzaq nüfuzuna xələl gətirmiş və bu hərəkətləri ilə şərəf və ləyaqətinin alçaltmışdır. Cavabdeh yazısına cavab olaruq şəxsiyyəti onlara məlum olmayan “Səbuhi Sayetə”adlı istitadəçi də “nə yaxşı oldu ki, bunu təsadüfi oxudum, məndə ora iş üçün müraciət etmək istəyirdim, ümumiyyətlə orda vəziyyət necədir siz orda işləmisiz?” kimi sözlər yazmışdır. Buradan göründüyü kimi həmin şəxsdə şirkətə iş üçün müruciət etmək istəmiş, lakin Cavabdeh həqiqətə uyğun olmayan yazılarına inanıb öz fikrindən daşınmış və insanlarda şirkətə qarşı çox mənfi bir fikir oyanmış və bu hal həm də şirkət üçün antireklam xarakterlidir. Cavabdeh bu hərəkətləri şirkətin təsisçisi və icraçı direktoru kimi ona çox pis təsir etmiş, bunu oxuyan və onu tanıyan insanlar zəng edərək belə bir halın doğurdan da olub-olmamasını soruşduqda bundan çox sarsıntı keçirmiş və hər bir kəsə izah edib şirkətdə belə bir halın olmadığını, İlhamın işdən çıxdığı üçün bunu qərəzli şəkildə edərək şirkətin imicinə xələl gətirmək məqsədilə etməsini desə də kimisə inandıra, kimisə də inandıra bilməmişdir. Onun bu kimi hərəktlərinə görə son vaxtlar şirkətə işçi axını da azalmış, işçilər arasında mənəvi ruh düşgünlüyü yaranmışdır. Şirkət yumurta istehsalçısıdır. Burada işin 50-60 % avtomatlaşdırılmış, əl əməyi isə olduqca çox yüngül görülən işlərdir. İşin əsas mahiyyəti yumurtanı kasetlərə yığıb qutularda qablaşdırmaqdan ibarət olduğu halda burada hansı çətin iş rejimindən söhbət gedə bilər. Tarix boyu hazırda da toyuq-cücə ilə qadınlar məşğul olmuşdur. İşçi kontinqentinin əsasını da elə qadınlar təşkil edir. Əgər iş rejimi burada çətin olsaydı, yəqin qadınlar bura iş üçün gəlib müraciət etməzdilər. Eyni zamanda, Cavabdeh 2016-cı il tarixdən 2022-ci il tarixə kimi Şirkətdə mexanik vəzifəsində çalışmışdır. Əgər şirkətdə iş refimi onun dediyi kimi alçaldısı bir formada olmuş olsaydı necə ola bilərdi ki, onun kimi bir ali təhsilli insan alçaldıcı bir yerdə 6 il davamlı olaraq işləmiş olsun. Beləliklə, cavabdehdən səhvini etiraf edərək yazdığı məlumatları təkzib etmək, həmçinin onun tərəfindən yazılan əsassız yazılara görə insan olaraq çəkdiyi mənəvi, psixoloji əzab hissləri, narahatçılıq, həmin yazını oxuyan insanlar tərəfindən onun və şirkəti barədə yaranan fikirlərə görə əsəb gərginliyi keçirməyi, vaxtını şirkətin inkişafına sərf etmək əvəzinə boş şeylərə sərf etməyə məcbur olduğundan vurulmuş zərər tələbidir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia ərizəsinə uyğun izahat verərək və yazılı çıxışını təqdim edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında "xxxx" MMC-də 6 il işlədiyini, məzuniyyətin olmadığını, bununla əlaqədar əmək müfəttişliyi tərəfindən iddiaçı qurumun cərimələndiyini, həmin şirkətdə iş rejiminin ağır olduğunu, işçilərin iş saatından artıq işlədiklərini bildirmiş, “Facebook” sosial şəbəkəsində bununla bağlı etdiyi paylaşımın həqiqət olduğunu qeyd etmişdir. Əgər qarşı tərəf onunla barışığa adım atara o da təkzib verilməsinə etiraz etmir. Hazırda onlar arasında məzuniyyət pullarının hesablanması ilə əlaqədar Hacıqabul rayon Məhkəməsinin icraatında başqa bir mülki mübahisə vardır, bu səbəbdən də iddiaçı şirkət onu hazırda məhkəməyə vermişdir. Onun paylaşdığı yazıya isə cavab verən şəxs elə iddiaçının öz tanıdıqları şəxsdir, yalançı profildir. İddiaçının sözü ilə onu sonradan narkotik vasitə istifadə etməsi səbəbindən işə düzəldiyi başqa şirkətdən işdən çıxarmaq istəmişlər. Halbuki o narkotik vasitələrdən istifadə etməmişdir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim etdikləri sübutlara hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 50 № arayışında göstərilmişdir ki, "xxxx" MMC Hacıqabul rayonu, Ağacanlı kəndində yerləşir. Şirkət kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, ərzaqlıq toyuq yumurtası istehsal edir. İşçilər altı günlük iş rejimi ilə həftədə 40 saat çalışırlar. Həftənin beş günü səhər saat 09-dan axşam saat 17-ə qədər, şənbə günləri saat 09-dan saat 15-ə qədər, saat 13-dən saat 14-ə qədər nahar və istirahət vaxtı təyin edilib. Hazırda şirkətdə 399 nəfər işçi çalışır. Əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış, sonuncu 200 manat əmək haqqı müqabilində mexanik vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. İş saat 09:00 başlayır, saat 17:00da bitir. Nahar vaxtı 13:00-dən saat 14:00-dəkdir. İstirahət günləri hər həftənin bazar günləridir. əsas məzuniyyətin müddəti 30 təqvim günüdür. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 30/A № əmrində göstərilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. DƏMX-in X3 12 avqust 2022-ci il tarixli, ******* nömrəli qərarına əsasən "xxxx" MMC şikayətçilər Cavabdeh istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi, D.İsgəndərovaya gecə vaxtı işə görə əmək haqqına əlavə ödənilməmişdir. Bununla əlaqədar N.Babayev Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 1300 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC-nin DƏMX-in X4 ünvanladığı 117 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh ilə şirkət arasında bağlanmış əmək müqaviləsinə xitam verilən zaman onun istifadəsində olmuş xidməti avtomobilə vurmuş olduğu 1700 manat dəyərində maddi ziyanın ödənilməsi təklif edildi, lakin o həmin pulu ödəmədiyi üçün əmək məzuniyyətinə görə pul əvəzi ödənilməmiş saxlanılmış, məsələyə gələcəkdə məhkəmə qaydasında baxılacaqdır. “Facebook” proqram vasitəsi ilə məhkəməyə təqdim edilən sübutlardan görünür ki, cavabdeh işdən çıxdıqdan sonra “Facebook” sosial şəbəkəsində Roşka Bayram - “Cavabdeh bəli. Quşçuluqda çox çətin iş rejimidir. Coca-cola işçilərinə pul verən deyil, digərlərində də həmçinin çox çətin iş rejimidir. O müəssisələrə gündə bir işçi qəbul olub 5 işçi istefa verib işdən çıxır. Əhali üçün çalışırdılarsa, Gilan gələydi, Paşa gələydi, Qədirxum gələydi. Bunların heç birinin işçiyə yalvarmağa ehtiyacı yoxdur çünki çox ədalətli şirkətlərdir. Cavabdeh-“Roşka Bayram düz söhbət. Birini mən yazım Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz. Ayın 30 günü 14 saat iş rejimi. Səbuhi Sayet-“Cavabdeh nə yaxşı oldu ki, bunu təsadüfü oxudum, mən də ora iş üçün müraciət etmək istəyirdim. Ümumiyyətlə orda vəziyyət necədir siz orda işləmisiz? Kimi rəylər yazılmışdır. xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə işə qəbul edilmişdir (əmr K № 66/01). 2022-ci ilin sentyabr ayında nümayəndəliyin işçiləri narkoloji testdən keçirilmişdir. Testin cavabında şirkətin bir neçə əməkdaşında və o cümlədən Cavabdeh narkotik vasitələr və güclü təsir edən psixotrop maddələr aşkar edilmişdir. Narkoloji testin nəticəsi “pozitiv” çıxan əməkdaşlara və o cümlədən Cavabdeh yenidən narkoloji dispanserdə analiz verməyi və müalicə olunmağı təklif edilmişdir, lakin o, analiz və müalicə almaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh öz xahişi ilə işdən azad olunması barədə müraciət etmişdir və xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (işçinin öz xahişi ilə) işdən azad edilmişdir. (əmr K № 130/04). Tibbi müayinənin keçirilməsinə dair 4166 nömrəli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh ekspress test üsulu ilə müayinəsi aparılmış və hər hansı narkotik vasitə aşkar edilməmişdir. Hacıqabul rayon Məhkəməsinin 2(071)-277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqı tələbinə dair mülki işin məhkəmə icraatı mümkün hesab edilərək icraata qəbul edilmişdir. Məhkəmə icraatı məhkəmə MPM 14.3-cü maddəsinə əsasən tərəflərə barışıq təklif etmiş, bununla əlaqədar müzakirələr aparılmış, lakin tərəflər arasında barışıq olmamışdır. Tərəflər arasında barışığın mümkünsüzlüyündən sonra, iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh isə iddiaya etiraz etdikləri dəlillərə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahid X6 ifadə verərək bildirmişdir ki, "xxxx" MMC-də 2022-ci ildən İnsan resursları üzrə mütəxəssis vəzifəsində işləyir. "xxxx" MMC-də iş rejimi səhər saat 09:00-dan axsam saat 17:00-a kimidir. Həftənin 6-cı günləri isə 09:00-dan 15:00-ə kimidir. "xxxx" MMC-nin işçilərin işə gətirilməsi və işdən sonra evə çatdırılması üçün ayrıca avtobusları və sürücüləri vardır. Hər gün səhər işçiləri evlərindən götürür və onları şirkətə çatdırır, işçilər yoxlanışdan keçdikdən sonra iş formalarını geyinib saat 9:00-da artıq işə başlayırlar. Axşam saat 17:00-da iş bitir. işçilər paltarlarını soyunub, hamama girirlər, sonra özləri hazırlaşıb avtobuslara minib evlərinə gedirlər. Avtobus sonuncu işçini evinə aparana qədər işləyir sonra isə öz evinə gedir. Bizim şirkət avtobus sürücülərinə azad iş qrafiki qurub, işçiləri işə gətirmə və axşam evə çatdırmadan başqa onlar gün ərzində boş olduqlarından rəhbərlik onları sərbəst buraxır, yəni istəsələr evlərinə gedib dincələ də bilərlər. Həmçinin işçilər iş saatından artıq işlərə cəlb olunmurlar, yalnız öz razılıqları ilə və əmək müqaviləsində nəzərdə tutulmuş halda bəzi şöbə işçiləri vardır ki, onlar gecə növbəsində qalırlar. İndiyədək bununla əlaqədar işçilərlə şirkət arasında heç bir problem yaşanmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahid X1 Orxan Məzahir oğlu ilə eyni məzmunlu ifadə verərək, bildirdi ki, şirkətdə təmir tikinti fəhləsi kimi işləyir. Hər gün səhər işçiləri evlərindən götürür və onları şirkətə çatdırır, işçilər yoxlanışdan keçdikdən sonra iş formalarını geyinib saat 9:00-da artıq işə başlayırlar. Axşam saat 17:00-da iş bitir. işçilər paltarlarını soyunub, hamama girirlər, sonra özləri hazırlaşıb avtobuslara minib evlərinə gedirlər. Şənbə günləri də iş saatları 09:00-dan 15:00-ə kimidir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş şahid X5 ifadə verərək bildirmişdir ki, 2019-2021-ci illər ərzində "xxxx" MMC-də sürücü işləyib. İşçilər üçün iş rejimi hər gün səhər saat 09:00-dan axsam saat 17:00-a kimidir. Lakin gecə növbəsində qalanlar da olur. O özü sürücü olduğundan səhər 7-dən avtobusla evindən çıxıb işçiləri evlərindən yığıb şirkətə gətirir, axşam işçilər saat 17:00-də onlar işlərini bitirir. Sonra hazırlaşıb avtobuslara minirdilər, o isə sonuncu işçiyə qədər onları evlərinə çatdırıb, evə təxminən saat 22- 23:00-da çatırdı. İş rejimi ağır idi. Hər gün 1 saat nahar fasiləsi olurdu. İstirahət günləri olmurdu. İşdən evə gec gəlmiş, səhəri günü isə müdiriyyət hansı səbəbdən işə gec gəldiyini və onu işə çağırdığına görə ora getməkdən imtina etmiş, işdən çıxmışdır. Cavabdehin vəsatəti ilə dindirilmiş şahid X2 Bayraməli Həbib oğlu ilə eyni məzmunlu ifadə verərək bildirdi ki, 2018-ci ildə "xxxx" MMC-də sürücü işləyib. Onun işi ərzaq daşımaq idi. İşlədiyi dövrdə iş rejimi çətin idi. Gecə növbəsinə qalan işçilər də olub. İşçilər özləri axşam saat 17-18 də çıxıb avtobuslarla evə gedirdilər. O özü istirahət günlərində də işə çıxırdı. Nəqliyyat vasitəsində icazəsiz işçi mindirdiyinə və gəzdirdiyinə görə işdən çıxarılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh 6 ildən artıq müddət ərzzində iddiaçı şirkətdə mexanik vəzifəsində çalışıb, sonradan öz ərizəsi ilə işdən çıxıb. Sonradan müxtəlif yerlərdə çalışıb. Dediyinə görə iddiaçı şirkət ona istifadə etmədiyi əmək məzuniyyətlərinə görə pul borcludur və hazırda tərəflərin bununla əlaqədar mübahisələri başqa məhkəmənin icraatında davam edir. Cavabdeh “Fecebook” sosial şəbəkəsində, Şirvan şəhəri səhifəsində yazdığı məlumatların onun tərəfindən yazıldığını və həmin məlumatların həqiqəti əks etdirdiyini bildirir. İddiaçı şirkət əsaslandığı rəsmi sənədlərə və şahid ifadələri ilə sübut etməyə çalışdı ki, iş saatı əmək qanunvericiliyinə uyğun tənzimlənir və bununla əlaqədar hər hansı pozuntu ola bilməz. cavabdehin yaydığı məlumat isə internet səhifəsindən də göründüyü kimi şirkətin işgüzar nüfuzuna xələ gətirir, həqiqətəuyğun məlumat deyil, bu məlumatların rəsmi internet səhifələrində qalması bir işəgötürən kimi onlara xələl gətirir, nəticədə insanların şirkətdə işləməkdən çəkinir və bu işçi qüvvəsinin azaldılmasına gətirib çıxarır. Həmçinin bu məlumatla əlaqədar şirkət rəhbəri kimi iddiaçıya mənəvi zərər dəymişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, Konstitusiya şərəf, ləyaqət, işgüzar nüfuzu şəxsiyyətin şəxsi hüquqlarına şamil edir. Hüquqi dövlətdə şəxsiyyətin şərəf və ləyaqətinin qorunması mühüm əhəmiyyət kəsb edir. Konstitusiyanın 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ təsbit olunmuşdur. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Vətəndaşın şərəf və ləyaqəti anlayışını formalaşdıran münasibətlərin dairəsi hüquqi şəxsin şərəfə və ləyaqətini formalaşdıran əlamətlərin dairəsindən bir qədər genişdir. Belə ki, şəxsiyyətin insani, milli, peşə, qadın və kişi ləyaqəti vardır. Bunlar arasında ali ictimai varlıq kimi insan ləyaqəti ideyası mərkəzi yer tutur. Bu ideyanın reallaşdırılması cəmiyyətin humanist əsaslarının və mənəvi sağlamlığının təsdiqidir. İnsan ləyaqətinə hörmət etmək, ona təminat vermək və onu qorumaq əslində insanın əsas həyati hüquqlarına hörmət etmək, onları qorumaq, ona layiqli həyat şəraitini təmin etmək, ona ali varlıq kimi münasibət bəşləmək deməkdir. Şərəf-cəmiyyətin üzvi kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Şərəf şəxsin müsbət sosial cəhətdən qiymətləndirilməsidir. Şərəf şəxsiyətin müsbət cəhətlərini (vicdanlı, ədalətli, cəsur) əks etdirir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyə özünün verdiyi qiymətdir. Nüfuz-şəxsin cəmiyyətdə, kollektivdə, dostların əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1.-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2.-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4.-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tədbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarının 3-cü bəndinə qeyd olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi: həmin məlumatların doğru olmaması: bu məlumatların yayılması; Məhkəmələrə izah olunmuşdur ki,məlumat əxlaqi prinsiplər, istehsal-təssərüfat, xidmət və ictimai fəailiyyətlə əlaqədar cəmiyyət,kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqətin ləkələyən məlumat hesab edir. Həmin qərarın 3-cü bəndinin 4-cü abzasında göstərilmişdir ki,məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir.Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikaı proqramlarda nümayiş etdirməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s.üsullarla yayıla bilər. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanunun 44-cü maddəsinə əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən,böhtan və təhqir xarakterli məlumatlar verildikdə,fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin,hüquqi şəxsin rəhbərlərinin,yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək,həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını,düzəliş verilməsini,habelə üzr istənilməsini tələb etmək,yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Ləyaqət - insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Mənəvi kateqoriya kimi şəxsin öz-özünə hörmətidir. İnsan həyatının ən böyük dəyəri hər kəsdə ləyaqətin olması nəzərdə tutulur. Hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. “Azadlıq və Zayidov Azərbaycana qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarının 37-ci bəndində isə qeyd edilir ki, faktlarla bağlı ifadələrlə və qiymətləndirici mülahizələr arasında fərq qoyulmalıdır. Faktların mövcudluğu sübut edilə bilər, halbuki, qiymətləndirici mülahizələrin həqiqiliyini sübuta yetirmək mümkün deyil. Qiymətləndirici mülahizələrin doğruluğunu sübut etmək tələbinin yerinə yetirilməsi mümkün deyil və 10-cu maddə ilə təmin edilən hüququn əsas hissəsi olan rəy azadlığının özü pozulmuş olur. Lakin açıqlama qiymətləndirici mülahizəyə bərabər olduqda, müdaxilənin mütənasibliyi mübahisələndirilən açıqlama üçün kifayət qədər “faktiki əsasın” olubolmamasından asılı ola bilər: əgər yoxdursa, bu qiymətləndirici mülahizə həddini aşmış ola bilər. Faktlarla bağlı ifadələrlə qiymətləndirici mülahizələri fərqləndirmək üçün ictimai maraq doğuran məsələlərə dair iddiaların faktın ifadəsi deyil, qiymətləndirici mülahizə ola biləcəyini nəzərə alaraq, işin hallarını və iradların ümumi tonuna diqqət yetirmək lazımdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir Məhkəmənin mübahisə ilə əlaqədar mövqeyi və əsaslandığı hallar: Məhkəmə sadalanan hüquq normalarının təhlili zamanı gəldiyi hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdehin "xxxx" MMC-də işçilərin alçaldıcı iş rejimində işləmələri, ayın 30 günü, 14 saat iş rejimində işləmələri” kimi ifadələri həqiqətəuyğun olmayan və faktiki əsaslarla olmayıb, iddiaçının işgüzar nüfuzuna toxunan hərəkətlərə yol verərək, onun bir “işəgötürən” kimi işgüzar nüfuzuna xələl yetirmişdir. Belə ki, cavabdehin yazdığı mülahizəsinə cavab olaraq Səbuhi Sayet adlı şəxsin “nə yaxşı oldu bunu oxudum, ora iş üçün müraciət etmək istəyirdim” yazması, şirkətdə hazırda işləyən şəxslərin ifadələri, rəsmi orqanlar tərəfindən şirkət tərəfindən iş rejimi ilə əlaqədar belə hallara yol verməsi müəyyən edilmədiyindən iddiaçının işgüzar nüfuzuna həqiqətəuyğun olmayan məlumatlarla xələl gətirilməsi təsdiqlənir. Məhkəmə, həmçinin müasir dövrdə internetə əlçatanlığı asan olması, məlumatların surətlə yayılması, sosial şəbəkədə səslənəcək hər hansı fikrin qeyri-müəyyən şəxslər dairəsinə ani vaxt ərzində çatdırılmasını və hazırkı iş üzrə iddiaçı barəsində səslənmiş fikirlərin cavabdeh tərəfindən “facebook” sosial şəbəkəsində qeyd edilməsini də nəzərə alır. Cavabdehin izahatında bildirdiklərinə və onun tərəfindən çağrılan şahidlərin ifadələrinə gəldikdə isə, həmin şəxslərin əvvəllər iddiaçı şirkətdə işləyib sonradan müxtəlif əsaslarla işdən çıxarılan şəxs olaraq keçmiş işəgötürənə münasibətdə hiss olunacaq bir tərzdə “qərəzli” mövqelərini müəyyən etmək elə də çətin deyil. Bundan əlavə cavabdehin özünün də iddiaçı şirkətdən işdən çıxmasını, onlar arasında əmək mübahisəsinin hazırda da davamedici olaraq məhkəmə müstəvisində olmasını məhkəmə diqqətdən qaçırmır və bu hallar onun sosial şəbəkədə yazdıqlarının hansı dərəcədə həqiqət olmasını şübhə ilə qarşıqarşıya qoyur. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının işgüzar nüfuzuna həqiqətəuyğun olmayan məlumatlarla cavabdeh tərəfindən xələl gətirilməsi sübuta yetirilmiş oldu. Məhkəmə iddiaçının “cavabdehin ondan üzr istəməsi və ona vurulmuş mənəvi zərərin əvəzində 10.000 manat” tələbinin tədqiqi zamanı isə məhkəmə belə qənaətə gəlir ki, mənəvi zərərin ödənilməsi vəzifəsi ilə cavabdehi yüklü etməmişdən əvvəl, məhkəmə işin bütün hallarına, yayılan informasiyanın xarakterinə, həmin informasiyanın gələcəkdə yarada biləcəyi mənfi nəticələrinə ehtimal nəzəriyyəsinə əsasən ümumi qiymət verməlidir. Həmçinin mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsi məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Lakin iddiaçı tərəfin bu hallarla əlaqədar hər hansı təsdiqedici sübutları mövcud olmadığından qeyd olunan hallar şübhəli məqam kimi qalır. Hazırki işin xarakteri və konkret fərdi xüsusiyyətlərini araşdırarkən məhkəmə xatırladır ki, Mülki qanunvericilik göstərilən hallarda mənəvi zərərin cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) ödənilə bildiyini müəyyən edir və məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə cavabdehin pozulmuş hüququn bərpa edilməsini müəyyən hərəkətlərin edilməsi ilə kifayətlənmiş sayaraq bununla da mənəvi zərərin əvəzinin ödənilməsi kimi qiymətləndirə bilər. Beləliklə, yekun olaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən “Facebook” sosial şəbəkəsində “Şirvan şəhəri” profilində paylaşdığı “bəli Quşçuluqda çox çətin iş rejimidir, düz söhbət. Birini mən yazım Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz. ayın 30 günü 14 saat iş rejimi” kimi ifadələri həqiqətə uyğun olmayan məlumatlar hesab edilməli, cavabdeh tərəfindən yayılan məlumatlarla əlaqədar qətnamə qanuni qüvvəyə mindikdən sonra 15 (on beş) gün müddətində “Facebook” sosial şəbəkəsində eyni profildə, yəni “Şirvan şəhəri” profilində təkzib verilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlsrı araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edimiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 130 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə iddianın qismən təmin edildiyini, cavabdehdən tələb olunan mənəvi zərər hissəsində rədd edildiyini nəzərə alıb, hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ. İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən “Facebook” sosial şəbəkəsində “Şirvan şəhəri” profilində paylaşdığı “bəli Quşçuluqda çox çətin iş rejimidir, düz söhbət. Birini mən yazım Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz. ayın 30 günü 14 saat iş rejimi” kimi ifadələr həqiqətə uyğun olmayan məlumatlar hesab edilsin. Cavabdeh tərəfindən yayılan məlumatlarla əlaqədar “Facebook” sosial şəbəkəsində eyni profildə, yəni “Şirvan şəhəri” profilində təkzib verilsin. Təkzib qətnamə qanuni qüvvəyə mindikdən sonra 15 (on beş) gün müddətində verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-660/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-660/2023
12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver