Məhkəmə qərarları › İş №2(032)-661/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-661/2023

26.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-661/2023 26.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış binasının boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 21 aprel 2021-ci il tarixli “İcarə müqaviləsi”nin ləğv edilməsi və ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının boşaldılaraq qeyri-yaşayış binasının ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası onun xüsusi mülkiyyətindədir. Onunla cavabdeh arasında bağlanmış 21 aprel 2021-ci il tarixli “İcarə müqaviləsi”nə əsasən mülkiyyətində olan qeyri-yaşayış binasını cavabdehə icarəyə vermişdir. 2022-ci ilin sonlarında maddi vəziyyəti pisləşdiyi üçün maddi vəziyyətinin düzəltmək məqsədilə mülkiyyətində olan qeyriyaşayış binasını satmaq qərarına gəlmişdir. Bu məqsədlə 05 yanvar 2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək cavabdehlə aralarında bağlanmış “İcarə müqaviləsi”nin qarşılıqlı razılıq əsasında ləğv edilməsini və fevral ayında qeyri-yaşayış binasını boşaldaraq təhvil verməsini xahiş etmişdir. Lakin 3 ay müddət keçməsinə baxmayaraq cavabdeh onun şərtləri ilə razılaşmayaraq qeyri-yaşayış binasından çıxmamışdır. Bu səbəbdən də hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianın etiraf etməyərək, etirazında bildirmişdir ki, onunla iddiaçı arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin şərtinə görə iddiaçıya məxsus obyekt xx.xx.2031-ci ilədək onun icarəsinə verilmişdir. İcarə müqaviləsi bağlandıqdan sonra xx.xx.2022-ci il tarixli çıxarış almışdır. İcarə müqaviləsinin şərtinə görə hər ay icarə haqqı olaraq obyektdən istifadə etməyinə görə 200 (iki yüz) manat məbləğində icarə haqqı ödəməyi nəzərdə tutulmuşdur. Lakin həmin vaxtan sonra iddiaçı əsassız və qanunsuz olaraq hər bir neçə aydan bir ona icarə haqqının kifayət etmədiyini bildirirək icarə haqqını artırmışdır. Artıq uzun illərdir ki, obyektdən istifadəyə görə icarə haqqını iddiaçının dəfələrlə artırmağına əsasən (200 manatdan 700 manata qədər) hazırda hər ay 700 manat icarə haqqı ödəyir. Lakin iddiaçı bununla da razılaşmayaraq icarə haqqının borcu olmasını əsas gətirərək daha da artıraraq 800 manat müəyyən edilməsini tələb edir. Ona deyir ki, “ya gərək hər ay mənə 800 manat icarə haqqını verəsən, ya da mən obyekti 1000 manata başqasına icarəyə verəcəm”. İddiaçı unudur ki, icarə müqaviləsində icarə haqqı 200 manat nəzərdə tutulduğu halda hər ay ondan qanunsuz olaraq 700 manat məbləğində icarə haqqı alır. İndi isə bəhanə gətirərək guya obyekti satmaq istədiyi bildirir, əslində isə iddiaçının məqsədi icarə haqqını qanunsuz olaraq daha da artırmaqdır. İddiaçı əsassız olaraq icarə müqaviləsinin şərtlərini pozur və onu müflis etmək istəyir. Bu səbəbdn də iddianın təmin təmin edilməməsini xahiş etdi. Məhkəmənin iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, X5 küçəsi 23B/1 ünvanında istifadədə olan qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı Şirvan şəhəri, X5 küçəsi 23B/1 ünvanında dövlət istifadəsində olan 0.00888 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 73.8 kv.m olan qeyri-yaşayış binasını Cavabdeh xx.xx.2031-ci il tarixədək icarəyə vermişdir. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı ərizədə qeyd edilmişdir ki, “sizinlə mənim aramda bağlanmış 21 aprel 2021-ci il tarixli İcarə müqaviləsinə əsasən mən mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına sizə icarəyə vermişəm. Bildirmək istəyirəm ki, hal-hazırda maddi vəziyyətim ağır olduğundan mülkiyyətimdə olan qeyri-yaşayış binasını satmaq qərarına gəlmişəm. Odur ki, müqavilə şərtlərinə uyğun olaraq 06 fevral 2023-cü il tarixə qədər aramızda bağlanmış 21 aprel 2021-ci il tarixli icarə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edərək icarənizə verilmiş mülkiyyətimə olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasını boşaltmağınızı Sizdən xahiş edirəm.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Yaşayış otağını kirayəyə verən bu Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə imkanını, habelə etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında göstərməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası “İcarə” Haqqında Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh xx.xx.2021-ci il tarixdə razılaşdırılmış icarə haqqını ödəmək barədə öhdəlik götürmüşdür. Hazırda iddiaçı aralarında bağlanmış “İcarə müqaviləsi”nin qarşılıqlı razılıq əsasında ləğv edilməsini və qeyri-yaşayış binasını boşaldaraq təhvil verməsini xahiş etsə də, lakin cavabdeh onun şərtləri ilə razılaşmayaraq qeyri-yaşayış binasından çıxmamışdır. Şirvan şəhəri X5 küçəsi 23B/1 ünvanında dövlət istifadəsində olan qeyri yaşayış binası İddiaçı məxsusdur və iddiaçı qanuni əsaslarla sahibi olduğu əmlak üzərində mülkiyyət, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının bərpasıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi icarə müqaviləsinin ləğvi ilə bağlı əmlak kirayə müqaviləsinin normaları tətbiq edilir. Mülki qanunvericiliyə əsasən əmlak kirayə müqaviləsinin ləğv edilməsi ilə bağlı müəyyən olunmuş şərtlə mövcuddur. Belə ki, əmlak kirayə müqaviləsinin ləğv edilməsi üçün 1) yazlı bildiriş verilməlidir, 2) müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir, 3) etiraz vermə imkanı, forması və müddəti göstərilməlidir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən əmlak kirayə müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdehə bildiriş ünvanlanmış, bildirişdə müqavilənin ləğv edilməsi müddəti göstərilmiş və əsaslar öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2021-ci il tarixli “İcarə müqaviləsi” ləğv edilməli, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası boşaldılmalı və ona təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2021-ci il tarixli “icarə müqaviləsi” ləğv edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası boşaldılsın və ona təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar