Məhkəmə qərarları › İş №2(032)-672/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-672/2023

17.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-672/2023 17.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Dadaşova (Həsənova) Esmira İman qızına və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Dadaşova (Həsənova) Esmira İman qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Dadaşova (Həsənova) Esmira İman qızının və Cavabdeh2, ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 saylı ümumi sahəsi 28,16 kv.m olan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixə onun adına tam mülkiyyət hüququ ilə qeyd alınmış və bu barədə ona çıxarış verilmişdir. Cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızı onun arvadı olmuşdur. Onunla rəsmi nikahlarından Cavabdeh2 adlı uşaqları anadan olmuşdur. Dadaşova (Həsənova) Esmira İman qızı ilə münasibətləri korlandığına görə Şirvan şəhər məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, həyat yoldaşı Esmira Dadaşova və qızı Cavabdeh2 yaşadıqları mənzildən çıxıb getmiş və həmin vaxtdan bu günə kimi həmin mənzilə qayıtmamışlar. Aralarında olan nikah 2014-cü ildə pozulduqdan sonra onlar bu günə kimi bir dəfə də olsun yaşadıqları mənzilə gəlməmiş, onunla maraqlanmamışlar. Cavabdehlər mülkiyyətində olan mənzilin pasport qeydiyyatında olması onun mülkiyyət hüququnu pozur. Belə ki, cavabdehlərin digər ünvanalarda yaşamasına baxmayaraq onların adına əlavə olaraq komunal xərcləri ödəmək məcburiyyətindədir. Cavabdehlər ona məxsus mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. Adı çəkilən şəxslərə müraciət edərək mənzilin pasport qeydiyyatından çıxması xahiş etsə də, məqsədinə çatmamışdır. Bu günədək başqa daimi yaşayış ünvanı olan həmin şəxs mənzilin pasport qeydiyyatından çıxmaqdan imtina edir. Bu səbəbdən də ona məxsus olan mənzilin pasport qeydiyyatında olmasını istəmədiyi, lakin hal-hazırda pasport qeydiyyatında olan cavabdehlərə pasport qeydiyyatından çıxarılması ilə bağlı Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Cavabdehlə aralarında notariat qaydasında hər hansı bir razılaşma yoxdur ona görə məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Lakin Şirvan şəhər Polis Şöbəsindən ona ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubda adı çəkilən şəxslərin qeydiyyatdan çıxarılması üçün Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunununda göstərilən əsaslar olmadığı və bu əsaslar olmadan onun qeydiyyatdan çıxarılmasının qanuna zidd olduğu göstərilməklə ərizənin mülki xarakterli olduğu üçün məhkəyəmə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvandan köçməsiə dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2008-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 mülkiyyətində olan ünvan 4 saylı ümumi sahəsi 28,16 kv.m olan mənzili İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 saylı ümumi sahəsi 28,16 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)- 1442/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2000-ci il tarixdə Əli Bayramlı şəhər nikah evində bağlanmış 263 nömrəli nikah akt qeydi pozulması, onların birgə nikahlarından xx.xx.2001-ci ildə anadan olmuş Cavabdeh2 iddiaçı X1 himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 375134 nömrəli xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikaha Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə xitam verilmişdir. Şirvan şəhər Polis Şöbəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13- 111/2-H-9xx/xx/2023 nömrəli məktubda qeyd edilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cü maddəsinə əsasən) şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə, yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə, AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşların yaşayış yeri qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuna minmiş qətnaməsi olmadığı üçün, həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması qanuna ziddir. Ərizə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət etməyi tövsiyə olunur. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçının tələbi Dadaşova (Həsənova) Esmira İman qızının və Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsidir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə hər iki cavabdehə münasibətdə ayrıayrılıqda hüquqi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iddia cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızının ünvan 4 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı ilə xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşlar və tərəflər arasında bağlanmış olan nikah qeydi Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında ləğv edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 mülkiyyətində olan ünvan 4 saylı ümumi sahəsi 28,16 kv.m olan mənzili İddiaçı satmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2008-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi hazırkı mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunun hüquqdur. İşin faktiki hallarından da görünür ki, hazırkı mülki iş üzrə cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızı mübahisəli mənzilin mülkiyyətçisidir. Yəni mübahisəli mənzil onların birgə nikahı dövründə əldə edilmiş əmlakdır və qanunvericiliyin tələblərinə əsasən qeyd edilən əmlak ümumi mülkiyyətdə olan əmlak hesab edilir. Cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızı mənzildə istifadə hüququ olan şəxs deyil, mənzilə bigə mülkiyyət hüququ əsasında hüququ olan şəxsdir. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Dadaşova (Həsənova) Esmira İman qızına qarşı ünvan 4 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilə bilməz. İddiaçı Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia təmin edilməldir. Belə ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. İddiaçı tərəfin bildirdiyinə görə, cavabdehlərdən keçmiş arvadı Dadaşova (Həsənova) Esmira İlham qızı ilə aralarında bağlanmış nikah 2014-cü ildə pozulmuşdur. 2014-cü ildən Esmira Dadaşova və qızı Cavabdeh2 iddiaçıya məxsus mənzili daimi olaraq tərk edərək getmişdirlər. Hal-hazırda onlarla heç bir münasibəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən İstifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır”. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, məhkəmələr Mulki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatn tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, Cavabdeh2 mübahisəli mənzildən artıq fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onun həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və iddia tələbi bu hissədə təmin edilməklə Cavabdeh2 mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Dadaşova (Həsənova) Esmira İman qızına və Cavabdeh2 qarşı ünvan 4 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində”Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar