Məhkəmə qərarları › İş №2(032)-702/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-702/2023

07.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-702/2023 07.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili X1, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.300 manat pulun və 120 manat 90 qəpik dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, yaxın qohumu Bakı şəhərində qızılzinyət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh qohumlarının toy mərasimi ilə əlaqədar qızılzinyət əşyaları almaq istədiklərni bildirdi və ondan qohumundan bir neçə dəst qızıl əşyaları almağı xahiş etdi. Əvvəllər bir neçə dəfə onun vasitəçiliyi ilə cavabdeh qohumundan qızıl-zinyət əşyaları götürmüş və pulunu vaxtında ödəmişdir. Cavabdehə inandığı üçün 2019-cu ilin sentyabr ayında 10.300 manat dəyərində 3 dəst qızıl-zinyət əşyalarını qohumundan alaraq cavabdehə verdi. Cavabdeh qısa müddətdə götürdüyü qızıl-zinyət əşyalarının dəyərini ödəyəcəyini bildirdi. Lakin uzun müddət keçsə də cavabdeh götürdüyü qızılların dəyərini ödəmədi. Dəfələrlə onun yaşadığı ünvanda oldu, ondan qızılları və ya onların dəyəri olan 10.300 manat pulu ödəməsini tələb etsə də heç bir nəticəsi olmadı, cavabdeh ailə üzvlərinin (anası və qardaşının) iştirakı ilə ona yazılı iltizamnamə verərək xx.xx.2022-ci il tarixdən etibarən hər ay 500 manat ödəyəcəyini öhdəlik götürdü. Lakin cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməyərək borcunu ödəmədi. İddiaçı nümayəndəsi-vəkili X2 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək ərizə təqdim edərək iddianı etiraf etdiyini, maddi imkanı olmadığını, gələcəkdə hissə-hissə ödəyəcəyini bildirdi. (nümayəndənin iddianı etiraf etmək səlahiyyəti etibarnamə ilə müəyyən edilmişdir) Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Cavabdeh tərəfindən İddiaçı verilən iltizamnamənin surətindən görünür ki, 2019-cu ilin sentyabr ayının 19-da 10.300 manat dəyərində qızıl məbləği borc olaraq götürmüşdür. Bu müddət ərzində ailə vəziyyəti ilə əlaqədar olaraq həmin şəxsə heç bir məbləğ ödənilməmişdir. Hal-hazırda işlə təmin olunduğu üçün xx.xx.2022-ci il tarixdən etibarən hər ayın əvvəli 500 manat məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. Əgər bu müddət ərzində gecikmələr olarsa yaxınları, qardaşı X3, anası Nümayəndə məsuliyyəti götürəcəklər. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Cavabdeh İddiaçı 10.300 manat məbləğində borclu olması və həmin borcu qaytarmaması həm iddiaçı tərəfin həmçinin də cavabdehin özünün etirafı ilə sübuta yetirildiyindən məhkəmənin qənaəti budur ki, iddia təmin edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə xərcləri ödənilmiş 121 manat 90 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 120 manat 90 qəpik məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10.300 (on min üç yüz) manat pul və 120 (bir yüz iyirmi) manat 90 (doxsan) qəpik dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar