Məhkəmə qərarları › İş №2(032)-71/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-71/2025

03.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-71/2025 03.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili Vəkil Mehman qızının , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə hüququ ilə ona məxsus olan obyektdən nəqliyyat vasitəsinin çıxarılması iddia tələbinə, Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək istifadəsində olan Şirvan şəhəri H.Əliyev prospektində yerləşən 0.0074 ha torpaq sahəsi üzərində inşa edilmiş avtoyuma məntəqəsindən Cavabdeh məxsus ** BE *** dövlət qeydiyyat nömrəli ZAZ markalı nəqliyyat vasitəsi cavabdehin vəsaiti hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri H.Əliyev prospektində yerləşən 0.0074 ha torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi əsasında yüklü edilmiş torpaq sahəsində avtoyuma məntəqəsi inşa edilmişdir. Qeyd edilən avtoyuma məntəqəsi uzun illərdir ki, fəaliyyət göstərir. Cavabdeh onun doğma qardaşıdır. Qardaşı olmasına baxmayaraq münasibətləri normal deyil. Qeyd edilən avtoyuma məntəqəsində Cavabdeh məxsus **-BE-*** dövlət qeydiyyat nömrəli ZAZ markalı nəqliyyat vasitəsini qəsdən saxlamaqla hüquqları məhdudlaşdırılır. Hazırda aralarında olan münasibətlər nəticəsində avtoyuma məntəqəsində qanunsuz saxlanılan cavabdehə məxsus nəqliyyat vasitəsinin çıxarılması barədə müraciəti müsbət nəticə verməmişdir. Dəfələrlə Şirvan şəhər Polis Şöbəsinə müraciətləri müsbət həll edilməmişdir. Bu səbəbdən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdə 52 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində 30 iyul 2024-cü il tarixdə qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilərək ona dəymiş 2000 manat miqdarında maddi ziyanın ödənilməsini tələb etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əli Bayramlı şəhər (Şirvan) İcra Hakimiyyəti Başçısının 65 saylı sərəncamı ilə xx.xx.1995-ci il tarixdə ona “Qarabağ əlilləri cəmiyyəti” nəzdində, 2 qrup Qarabağ əlili Cavabdeh Rahman oğlunun Vidadi küçəsi ilə A.Əhmədov küçəsinin kəsişməsində 11 saylı məktəbin cənub Baş Şirvan Kollektorunun şimal hissəsində 9,0 kv.m torpaq sahəsi ayrılmaqla ticarət köşkü tikintisinə icazə verilmişdir. İndiki halda cavabdeh İddiaçı Rəhman qızının və qardaşı Nümayəndə bu məqsədlə hüququ yüklü edilmiş şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşlarını yalan məlumat verməklə, saxtakarlıq etməklə aldadaraq öz çirkin niyyətlərinə nail olmuşlar. Halbuki, həmin sözügedən qərar xx.xx.1995-ci il tarixdə verilmiş, indiki 140 kv.m. tikinti altı sahəni atası Rəhman ilə birgə inşa etdirmişlər. Bələdiyyələr yarandığı vaxtdan həmin torpaq sahəsinə dair xx.xx.2004cü il tarixində 776 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Bələdiyyə ilə faktiki torpaq icarə müqailəsi mövcud olduğundan, üstəlik də həmin sahəyə dair xx.xx.1995-ci il tarixindən müavfiq Sərəncam ola-ola, üstəlik də Azərbaycan Respublikası Əli Bayramlı (Şirvan) şəhər Bələdiyyəsi sədrinin 279 saylı xx.xx.2004-cü il tarixli 140,0 kv m torpaq sahəsinə dair Sərəncamı mövcud olduğundan , həmin sənədləri saxta məlumat və sənədəri saxtalaşdırmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşlarını aldadaraq,indiki halda cavabdeh və digərləri öz məqsədlərinə çatmışlar. Bu işlər qanunla yolverilməzdir. Sözügedən torpaq sahəsində inşa edilmiş tikinti altı sahədə həm elektrik, həm də qaz sayğaclarının pulu onun hesabına ödənilir və onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İddiaçı Rəhman qızının xeyrinə yüklü edilən 0.0074 ha torpaq sahəsi onun xəbəri olmadan qanunsuz və əsassız olaraq xx.xx.2024-cü il tarixində 2 (iki) müddətinə xx.xx.2024-cü il xx.xx.2026-cı il tarixinə icarə hüququ əsasında çıxarış aldıqdan sonra onun obyektində sanitar və digər tikinti zolaqlarında qəsdən bilə-bilə cavabdeh İddiaçı Rəhman qızı tərəfindən söküntü aparılmaqla ona 2000 (iki min) manatdan yuxarı maddi ziyan vurulmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini etiraf etmədi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh iddia tələbini etiraf etmədi, qarşılıqlı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şirvan şəhəri Şirvan Bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndə məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, vəkil çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 21 iyun 2024cü il tarixli 8448 saylı müqavilədən görünür ki, icarəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini R.Şahbazov Şirvan şəhəri H.Əliyev prospekti ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 74.0 kv.m torpaq sahəsi icarəçi İddiaçı müvəqqəti istifadəyə vermişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şirvan şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0074 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2024-xx.xx.2026 tarixə (2 il) müddətinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. 05 avqust 2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, hüquq sahibi dövlət icarəçi İddiaçı Rəhman qızına Şirvan şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0074 ha torpaq sahəsini icarəyə vermişdir. Azərbaycan Respublikası Əli Bayramlı şəhər (Şirvan) İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 65 saylı sərəncamından görünür ki, “Qarabağ əlilləri cəmiyyəti” nəzdində 2 qrup Qarabağ əlili Cavabdeh Rahman oğlunun Vidadi küçəsi ilə A.Əhmədov küçəsinin kəsişməsində 11 saylı məktəbin cənub Baş Şirvan Kollektorunun şimal hissəsində 9,0 kv.m torpaq sahəsi ayrılmaqla ticarət köşkü tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Əli Bayramlı şəhər Bələdiyyəsi sədrinin 16 dekabr 2004-cü il tarixli 279 saylı Sərəncamından görünür ki, şəhər sakini İİ qrup Qarabağ əlili Cavabdeh Bələdiyyə büdcəsinin daxilinin sahibkarlıq fəaliyyəti üçün ticarət obyektinin tikintisinə icazə verilməsi, ticarət obyektinin tikintisi üçün şəhərin Vidadi küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən ərazidən 140 kv.m torpaq sahəsi icarəyə verilməsi və müvafiq icarə müqaviləsi bağlanmışdır. 17 aprel 2006-cı il tarixli 776 saylı torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, icarəverən Azərbaycan Respublikasının Əli Bayramlı şəhər Bələdiyyəsi onun sədri X1 icarəçi Cavabdeh Əli Bayramlı şəhər H.Əliyev prospektində yerləşən ümumi sahəsi 140 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verilmişdir. İcarə müqviləsi 17 aprel 2006-cı il tarixdən 17 aprel 2020-ci il tarixə qədər müddətə bağlanmışdır. 20 aprel 2020-cı il tarixli 08 saylı torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, icarəverən Azərbaycan Respublikasının Əli Bayramlı şəhər Bələdiyyəsi onun sədri X2 icarəçi Cavabdeh Şirvan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 279 saylı qərarı əsasında Şirvan şəhəri Vidadi küçəsində yerləşən ümumi sahəsi 140 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verilmişdir. İcarə müqviləsi 20 aprel 2020-ci il tarixdən 22 aprel 2030-cu il tarixə qədər müddətə bağlanmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, 21 iyun 2024-cü il tarixli 8448 saylı icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən Şirvan şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0074 ha torpaq sahəsimi xx.xx.2024-xx.xx.2026 tarixə (2 il) müddətinə icarəyə götürmüş, ona torpaq sahəsinə dair çıxarış, torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. 17 aprel 2006-cı il tarixli 776 saylı və 20 aprel 2020-cı il tarixli 08 saylı torpaq icarəsi müqavilələrinə əsasən surətindən görünür ki, icarəverən Azərbaycan Respublikasının Əli Bayramlı şəhər Bələdiyyəsi onun sədri X1 icarəçi Cavabdeh Əli Bayramlı şəhər H.Əliyev prospektində yerləşən ümumi sahəsi 140 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verilmişdir. İcarə müqviləsi 17 aprel 2006-cı il tarixdən 17 aprel 2020-ci il tarixə qədər müddətə bağlanmış, sonradan icarəverən Azərbaycan Respublikasının Əli Bayramlı şəhər Bələdiyyəsi onun sədri X2 icarəçi Cavabdeh Şirvan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 279 saylı qərarı əsasında Şirvan şəhəri Vidadi küçəsində yerləşən ümumi sahəsi 140 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verilmişdir. İcarə müqviləsi 20 aprel 2020-ci il tarixdən 22 aprel 2030-cu il tarixə qədər müddətə bağlanmışdır. Hüquqların qeydiyyatı üçün Daşınmaz əmlakın dövlət Reyestrinə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 700-cü maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. MM-in 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Qanunun 15-ci maddəsinə görə icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. İcarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş əmlaka yönəldilməsinə yol verilmir. İcarəçinin əmlakı ondan yalnız məhkəmənin qərarı ilə geri alına bilər. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı icarə müqaviləsi üzrə icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb etmək hüququ olduğundan Şirvan şəhəri H.Əliyev prospektində yerləşən 0.0074 ha torpaq sahəsi üzərində inşa edilmiş avtoyuma məntəqəsindən cavabdehə məxsus ** BE *** dövlət qeydiyyat nömrəli ZAZ markalı nəqliyyat vasitəsi çıxarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdə 52 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində 30 iyul 2024-cü il tarixdə qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilərək ona dəymiş 2000 manat miqdarında maddi ziyanın ödənilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.3 və 178.1ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. İşdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nəticəsində tərtib edilmiş çıxarış verilməsinə əsas olmuş icarə müqaviləsini mübahisələndirməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı icarə hüququnun əmələ gəlməsi etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (dövlət qeydiyyatı və həmin qeydyyat əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq məhkəməyə qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ona maddi ziyanın dəyməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmiş,bununla da istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki,maddi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun alınması hissədə iddia təmin olunmamalıdır. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılılıq iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutulur. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 100 manat məbləğində pul ödəmişdir . Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və qarşılıqlı iddia təmin edilmədiyindən məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh aid edilməlidir. Məhkəmə qeyd olunanları və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq qətetdi: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus Şirvan şəhəri H.Əliyev prospektində yerləşən 0.0074 ha torpaq sahəsi üzərində inşa edilmiş avtoyuma məntəqəsindən Cavabdeh məxsus ** BE *** dövlət qeydiyyat nömrəli ZAZ markalı nəqliyyat vasitəsi qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh vəsaiti hesabına çıxarılsın . Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh məbləğində dövlət rüsumu üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar