Məhkəmə qərarları › İş №2(032)-725/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-725/2023

23.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-725/2023 23.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Quliyeva (Məhərrəmova) Şəhla Hüseyn qızına qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Quliyeva (Məhərrəmova) Şəhla Hüseyn qızı onun mülkiyyətində olan Şirvan şəhəri, Ərəblinski küçəsi 21 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri Ərəblinsi küçəsi 21 saylı evdə ailəsi X2 ilə yaşayır. Həmin ev 0,06 ha torpaq sahəsinin üzərində yerləşir, ümumi sahəsi 94 m2-dir. Yaşayış (əsas) sahəsi 50.0 m2 metrdir, köməkçi sahəsi 44.6 m2-dir, otaqın sayı ikidir. Həmin evi 03 iyun 1998-ci il tarixdə almışdır. Cavabdeh1 onun oğlu, Quliyeva Güləli qızı gəlini, Cavabdeh3 və Cavabdeh4 isə nəvələridir. Onlar Şirvan şəhəri Xəqani küçəsi ev 21, mənzil 35-də özlərinə məxsus olan evdə yaşayırlar, qızı Quliyeva (Məhərrəmova) Şəhla Hüseyin qızı ailəlidir və Cəlilabad rayonu Göytəpə qəsəbəsi Pişvari küçəsi ev 59da ailəsi ilə yaşayır. Adları qeyd edilən şəxslər artıq on beş il olar ki, onun evindən köçüb gediblər, hamısı öz evində yaşayırlar, onların qeydiyyatdan çıxmaları barədə Şirvan şəhər Polis şöbəsinə müraciət etmişdir. Şirvan şəhər Polis şöbəsindən 01 aprel 2023-cü il tarixdə ona yazılı imtina məktubu verərək bildirmişlər ki, məhkəmənin qanunu qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qeyri-mümkündür. Odur ki, məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. Həmin şəxslər könüllü olaraq gəlib evindən qeydiyyatından çıxmırlar. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Adı çəkilən şəxslər hal-hazırda daimi olaraq başqa ünvanlarda yaşayırlar. Cavabdehlərin mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması mülkiyyətçi olaraq onun hüquqlarını məhdudlaşdırır və onların yerinə kommunal xərclər ödəməyə məcbur qalır. Hesab edir ki, cavabdehlər uzun müddət mənzildə yaşamadıqlarından, onların özlərinin yaşayış evləri olduğundan onun mənzilindən istifadə etmək hüququnu itirmişlər. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddia tələbindən imtina etdiyini, Quliyeva (Məhərrəmova) Şəhla Hüseyn qızının onun mülkiyyətində olan Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmənin 05 iyul 2023-cü il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdeh Quliyeva (Məhərrəmova) Şəhla Hüseyn qızı izahatında bildirdi ki, atasına məxsus evdə qeydiyyatda olsa da orada yaşamır. 2016-cı ildə ailə həyatı qurmuş, Cəlilabad rayonuna gəlin köçmüşdür. Hal-hazırda da ailə həyatı qurduğu evdə yaşayır. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Ərəblinski küçəsi ev 21 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ İ 979364 nömrəli xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş sürətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 arasında nikah xx.xx.2022-ci ildə Əli Bayramlı (indiki Şirvan) rayon Qeydiyyat şöbəsi 78 nömrə ilə qeydə alınmışdır, İş materiallarında olan Şirvan şəhər Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-111/2-Q-8942/2023 nömrəli məktubda qeyd edilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cü maddəsinə əsasən) şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə, yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə, AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşların yaşayış yeri qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuna minmiş qətnaməsi olmadığı üçün, həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması qanuna ziddir. Ərizə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət etməyi tövsiyə olunur. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, Şirvan şəhəri Ərəblinski küçəsi 21 nömrəli fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının qızı - Quliyeva (Məhərrəmova) Şəhla Hüseyn qızı həmin ünvanda pasport qeydiyyatında olsa da, 2016cı ildə ailə həyatı qurmuş və hazırda Cəlilabad rayonunun Göytəpə qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə, məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən artıq fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onun həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və iddia tələbi təmin edilməklə cavabdehin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Quliyeva (Məhərrəmova) Şəhla Hüseyn qızının Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar