Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-75/2025 13.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və evdə yaşamağa maneçilik edilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və evdə yaşamağa maneçilik edilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri Ş.Qurbanov küçəsi ev 38 saylı fərdi yaşayış evinə köçürülməsi və evdə yaşamağına maneçilik etməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X3 xx.xx.2013-cü il tarixdə verilmiş 5741 saylı arayışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi ldarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş RX № ******* saylı Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında məxsus olan ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsində olan, 1975-1997-ci illərdə tikilmiş 3 (üç) otaqlı yaşayış sahəsi 69,1 kv.m, yardımçı sahəsi 40,4 kv.m, ümumi sahəsi 109,5 kv.m ibarət paylı mülkiyyətindəki fərdi yaşayış evinin anası Afəyət Sultanova məxsus olan 6/10 hissəsini əlavə tikilləri ilə birlikdə ona bağışlamış, o da xx.xx.2024-cü il tarixdə adına rasimləşdirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** saylı çıxarışdan görünür ki, qeyd edilən fərdi yaşayış evi 7/10 hissəsi onun xüsusi mülkiyyətindədir. Lakin buna baxmayaraq cavabdehlər bacısı Cavabdeh1 və qardaşı Cavabdeh2 ona məxsus olan xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə buraxmırlar və ona maneçlliklər törədirlər. Bu səbəbdən o məcbur olub məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, ailədə üç bacı və bir qardaş olmuşlar. Hazırda iddiaçı iki ildən artıqdır ki, ayrı yaşayır. İddiaçının yoldaşı içki aludəçisi olduğundan onlarla yaşamasını istəmirlər. Ailə daxilində nalayiq ifadələr işlətdiyi üçün iddiaçını və ailəsini anası evdən çıxarmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Onlar tərəfindən iddiaçıya həmin mənzildən istifadəyə maneəçilik törədilməmişdir. Belə ki, ailələri 6 nəfərdən ibarətdir. Onların yaşadıqları hissə 1,64 sm hündürlükdə yerləşən zirzəmi hissədir. Evin şəraiti ürəkaçan deyil. Onlar iddiaçının istifadəsinə etiraz etmirlər, lakin onun yoldaşının həmin evdə qalmasını istəmirlər. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahat verərək bildirdi ki, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 onun bacı və qardaşlarıdır. Onun iddia tələbinin təmin edilməsinə və iddiaçının həmin mənzilə köçürülməsinə dair etirazı yoxdur. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş xx.xx.2013-cü il tarixli miras payının bağışlanması müqaviləsininin surətindən görünür ki, X1 şəhəri 1 saylı notariat ofisi tərəfindən Şirvan şəhəri Ş.Qurbanov küçəsi 38 saylı fərdi yaşayış evinin ona məxsus olan 6/10 hissəsini əlavə tikililəri ilə birlikdə qızı İddiaçı bağışlamışlar. İddiaçı həmin bağışlanan payı anası X2 qəbul etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi İdarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri Ş.Qurbanov küçəsi 38 saylı fərdi yaşayış evi üzərində İddiaçı 7/10 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququ 10 №-li reyestr kitabında 34 nömrəli vərəqində xx.xx.2024cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir. Ona görə də, iddiaçı öz mülahizəsinə görə paylı mülkiyyətində olan mübahisəli mənzilə dair sahiblik və istifadə hüququna malikdir. Beləliklə bu hissədə toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı öz mülahizəsinə görə paylı mülkiyyətində olan mübahisəli mənzilə dair sahiblik və istifadə hüququna malik olduğundan İddiaçı mənzilə köçürülmə hissədə iddiası təmin olunmalıdır . İddiaçı Şirvan şəhəri Ş.Qurbanov küçəsi ev 38 saylı fərdi yaşayış evində yaşamağına maneçilik etməsinin cavabdehlərə qadağan edilməsi hissədə məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evdə yaşamağına cavabdehlər tərəfindən sonradan maneçilik törədilməsi halı icra qaydasında həll edilməli məsələ olduğundan və bu qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğundan, bu məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi ilə həll edildiyinə görə bu hissədə də iddia təmin olunmamalıdır. Belə ki, adıçəkilən Qanunun 73-cü maddəsinin tələblərinə görə tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, zəruri hallarda isə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən sonradan maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, həmin Qanunun 82-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Şirvan şəhəri Ş.Qurbanov küçəsi 38 saylı fərdi yaşayış evinə köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-75/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-75/2025
13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver