Məhkəmə qərarları › İş №2(032)-831/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-831/2023

19.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-831/2023 19.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş zərərə görə 3370 manat pulun və ödənilmiş 54 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Hacıqabul şəhəri Xaqani küçəsində yerləşən 17 nömrəli ev ona məxsusdur. Həmin evin ümumi sahəsi 153,65 kv.m təşkil edir. Evin 100,95 kv.m-nin təmirə ehtiyacı olduğundan evin təmirə ehtiyacı olan hissəsini təmir etdirmək məqsədi ilə ailə üzvlərindən biri xx.xx.2022-cı il tarixdə "xxxx" ASC-nin Şirvan filialından 15 ay müddətinə hər ay 278 manat ödəmək şərtilə 3.500 manat kredit götürmüşdür. Kredit götürdükdən sonra evin təmiri ilə bağlı işləri icra etmək üçün cavabdehlə razılığa gəlmiş və təmir işləri aparacağı sahəni ona göstərmişdir. Cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh divarların astarlıq və üzlük ağdağ suvağı ilə suvanması, divar kağızının yapışdırılması, tavanların boyanması, çılçıraq altlığının vurulması, tavana yaşmaq (paduqa) və yaşmaqlı karnizlərin vurulması, döşəmələrin yonularaq boyanması, döşəmə yaşmağının vurulması, qapıpəncərələrin (şüşəsi çıxarılmaq şərti ilə) həm içəridən, həm də çöldən köhnə boyalardan təmizlənərək yenidən boyanması, pəncərə altlıqlarının vurulması, qapı dəstəklərinin dəyişdirilməsi, elektrik açarlarının yerinin dəyişdirilərək yenisi ilə əvəz edilməsi, mətbəxdə müəyyən hissəyə beton örtüyü tökülməklə kafel və metlaxların düzülməsi, evin dəhliz hissəsinə və mətbəxə isti-soyuq suxəttinin çəkilərək kommunikasiya xəttinə qoşulması, evin dəhliz hissəsində divar və pilləkana kafel- metlaxların düzülüşü işlərinin icra edilməsini öhdəsinə götürmüşdü. Qeyd edilən işlərin icra edilməsi üçün 1000 manat xidmət haqqı ödənilməsi ilə şifahi olaraq cavabdehlə aralarında razılaşmışlar. Bundan sonra cavabeh tanımadığı Yaşka deyə çağırdığı başqa bir nəfər şəxslə onun evinə gəlmiş, evin təmirə ehtiyacı olan hissələrində icra ediləcək işlərlə bağlı istifadə olunacaq tikinti və inşaat materillarının siyahısını hazırlamışlar və daha sonra evin təmiri üçün lazım olan tikinti və inşaat materiallarını almaq üçün cavabdehlə birlikdə dükana gedərək 2760 manat dəyərində tikinti materiallarını almışlar. Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək (zəruri hallar yarananda və digər vaxtlarda fasilə verməklə) onun tanımadığı bir neçə şəxslərlə onun evində təmir işləri görsə də, təmir işlərini tamamilə keyfiyyətsiz icra etmişdir. Belə ki, divarların suvaqları bir çox hissələrdə nahamar, çəp, künc hissəllərində əyrilik (hətta künclər itirilib), divarın bir hissəsində suvaq qalın, bir hissəsində nazik suvamış, qapı-pəcərələrin dörd tərəfi dördbucaq formasını itirərək suvaqla dalğalı və trapesiya formasına salmışdır. Suvaq çəkərkən bir neçə dəfə suvaqları korlayıb tullantı halına salmışdır. Tavan yaşmağı və tavan karnizlərin vurulması zamanı ölçülər düzgün hesablanmadığından bəzi qapı və pəncərələrin üstündə çəplik müşahidə olunur, yaşmaqlar tavan ilə divar arasında dalğalı formada vurulmuş, yaşmaqlı karnizlərin yerləşəcəyi ölçülər düzgün hesablanmadığından karnizlərin bir cox hissələrini yerləşdirmək mümkün olmamışdır (hansı ki, yaşmaqlı karnizləri alarkən ölçüləri usta hesablayıb). Yaşmaq lazımı ölçüdə alınsa da mətbəxdə, dəhlizdə və digər otaqda yaşmaqlar kiçik hissələrə ayrılaraq görkəmsiz şəkildə vurulmuşdur. Hətta bəzi hissələrin yaşmaqları çat verib qoparaq divar və tavanı yararsız hala salmışdır. Qapı-pəncərələri həm, içəridən həm də çöldən köhnə boyalardan təmizləmədən, şüşəsini çıxarmadan boyaq vurulmuş, otaqların membranlı qapılarını düzəldərkən membranlar itdiyi üçün qapı əvvəlki görkəmini itirmişdir. Bəzi yerlərdə pəncərələrin şüşəsi usta tərəfindən çıxarılarkən sındırılmışdır. Yeni alınmış qapıların çərçivəsini yerinə vurarkən qapılar cızılaraq zədələnmişdir. Pəncərə altlıqları ölçülərə uyğun kəsmədiyindən ara məsafələri və çatlar yaranmış və maili vəziyyətdə vurulmuşdur. Evin iki otağında divar kağızını yapışdıran zaman ölçülər düzgün hesablanmadığı içün divar kağızları xırda parçalara ayırmış, ara məsafələri qoyulmuş və aboyla divar arasında hava məsafələri qalmışdır. Divarın döşəmənin yaşmağı ilə kəsişməsində divar kağızı lazımı ölçüdə kəsilmədiyindən alçaq-hündür formada yapışdırılmışdır. Divar kağızı otağın künc hissəsində tam şəkildə yerləşmədiyindən deşilmiş-kəsilmiş vəziyyətdə qalmışdır. Beləliklə, alınmış divarkağızlarını bir neçə dəfə tullantı halına saldığı üçün o, yenisini almağa məcbur olmuşdur. Elektrikaçarlarının yerini dəyişdirərkən naqillər yararsız halda bağladığından elektrik məişət əşyalarının istifadəsi zamanı cərəyan keçirir və tez-tez qısa qapanma olur. Evin dəhliz hissəsində və mətbəxdə kafellər divara ölçüyə uyğun deyil çəp yapışdırılmışdır. O, cavabdehə bu səbəblərə görə neçə dəfə yerindəcə irad tutsa da bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh kafelləri 4 dəfə sökərək yenidən yapışdırsa da, hər dəfəsində çəp yapışdırmışdır. Bundan başqa mətbəxin müəyyən hissəsində döşəməyə yapışdırılan metlaxlarda lazımsız dəliklər açılmış, kafel və metlaqlar xırda hissələrə parçalanmış və bir neçə dəfə söküb yenidən yapışdırıması səbəbindən xeyli miqdarda kafel-metlağın korlanaraq sıradan çıxmasına səbəb olub. Cavabdeh tavanları boyasa da tavanda çat və qabarmalar yaranmışdır. Nəticədə aldığı xeyli miqdarda tikinti və inşaat materialları cavabdeh tərəfindən tamamı ilə yararsız hala salınmışdır. O, təmir zamanı gördüyü işlərdən narazı qaldığını dəfələrlə cavabdehin nəzərinə çatdırsa da, caabdeh hər dəfə ona “düzələcək, hər şey qaydasında olacaq, sabah düzəldərəm” deyərək vəd vermiş və nəticədə heç bir şeyi düzəltməmiş, əksinə daha da yararsız hala salmışdır. Cavabdeh onun evdə olmadığı zamanlar inam və etibarından istifadə edərək ona məxsus təsərrüffat mallarından (valiklər-5 ədəd, taxta spatula, alçimala, mal yar skoçu) icazəsiz olaraq aparmışdır. Həmçinin cavabdeh pul lazım olduqca razılaşdıqları xidmət haqqından hissə-hissə olmaqla, təmirin başlanğıcında 200 manat, işlədiyi zaman 50 manat (toya getdiyi zaman), 50 manat (anasını həkimə aparmaq üçün), 250 manat (doğum günündə qonaqlarına xərclik üçün), 60 manat (əlavəxərclik) olamaqla, ümumilikdə 610 (alti yüz ən) manat ondan pul almışdır. Cavabdeh tikinti materiallarınıxarab etmiş, öhdəliklərini tam və lazımi qaydada icra etməmiş və nəticədə ona 2.760 manat xarab etdiyitikinti materiallarına görə, 610 manat zəhmət haqqına görə olmaqla, ümumilikdə 3370 manat zərər vurmuşdur. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, o, iddiaçının evində azı 45 gün işləmiş və həmin müddət ərzində çox işlər görmüşdür. Belə ki, iddiaçının evində kafel-metlaq vurmuşdur. Suvaq vurmuş, beton tökmüş, qapıları rəngləmiş, divar kağızı yapışdırmış və digər işləri görmüşdür. İddiaçı bu müddət ərzində ona hər hansı bir narazılıq bildirməmiş, əksinə ona razı qaldığını bildirmişdir. Belə ki, iddiaçı işindən narazı qalmış olsaydı bunu işə başlayandan 5-6 gün sonra bildirmiş olardı. Bundan başqa o, aldıqları tikinti materiallarının çox hissəsinin işlənmədiyini, xarab olmuş divar kağızını özünün aldığını və iddiaçıya hər hansı maddi ziyan vurmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, ekspert rəylərini nəzərdən keçirib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-929/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7651 saylı rəyindən görünür ki, İddiaçı məxsus Hacıqabul şəhəri Xaqani küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin yaşayış otaqlarında, zal, mətbəx və dəhliz tikililərində təmir işləri aparılaraq tavan və divarlardan şpaklyovkanın qaşındığı, tavan, kafel-metlaxın vurulduğu, tavanın qaşındığı, tavan və divarlara yenidən şpaklyovkanın vurulduğu, kafel-metlaxın vurulduğu, tavanın boyanması işləri, divar kağızının vurulması işləri, paduqanın və pəncərə altlıqlarının vurulması işləri və elektrik işlərinin görüldüyü müəyyən edilmişdir. İddiaçı məxsus Hacıqabul şəhəri, Xaqani küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış aparılmış təmir işləri zamanı nöqsanlara yol verilmişdir. Poduqaların vurulmasında ara məsafələri artıq saxlanılmış və çatlar əmələ gəlmişdir, divarlarda şpaklyovka işlərində qabarmalar və ləkələr mövcuddur, kafel-metlax işlərində döşəmədə və divarda əyrilik əmələ gəlmişdir. Elektrik qutularının quraşdırılmasında simmetriyanın pozulması, divar ilə elektrik qutusunun arasında boşluqların olduğu və divar kağızlarının divardan qopmuş vəziyyətdə olduğu müəyyən edilmişdir. İddiaçı məxsus Hacıqabul şəhəri, Xaqani küçəsindı yerləşən 17 nömrəli fərdi yaşayış aparılmış təmir işləri zamanı nöqsanlara yol verilmişdir. Poduqaların vurulmasında ara məsafələri artıq saxlanılmış və çatlar əmələ gəlmişdir, divarlarda şpaklyovka işlərində qabarmalar və ləkələr mövcuddur, kafel-metlax işlərində döşəmədə və divarda əyrilik əmələ gəlmişdir. Elektrik qutularının quraşdırılmasında simmetriyanın pozulması, divar ilə qutusunun arasında boşluqların olduğu və divar kağızlarının divardan qopmuş vəziyyətdə olduğu müəyyən edilmişdir. Hacıqabul şəhəri Xaqani küçəsi 17 nömrəli fərdi yaşayış evində təmir işləri nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 3609.00 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə işin hallarına, tərəflərin izahatına və ekspertiza rəyinə qiymət verərək aşağıdakı nəticəyə gəlir. Məhkəmə ekspertiza rəyinə, işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən İddiaçı məxsus Hacıqabul şəhəri, Xaqani küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış aparılmış təmir işləri zamanı nöqsanlara yol verilməsi və ziyanın dəyməsi öz təsdiqini tapmış və ekspertiza rəyinə əsasən hesablanan məbləğ iddia edilən məbləğdən yüksək olduğu, bununla bağlı iddiaçı öz tələblərini artırmadığı üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/7651 saylı rəyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçıya dəyən ziyan 3370 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə yekun nəticəyə gələrək hesab edir ki, iddiaçı X1 iddia tələbi təmin edilməklə cavabdehdən maddi ziyana görə 3370 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 54 (əlli dörd) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 3370 (üç min üç yüz yetmiş) manat pul və ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar