Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-854/2023 15.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 650 manat əsas borcun və 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ərzaq məhsullarının satışı üzrə menecer kimi fəaliyyət göstərdiyi müddətdə 2021-cilin sonlarından tanımışdır. Cavabdehlə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. Ona anasının səhhətində problemlərin olmasını, Bakı şəhərində yerləşən klinikalarda müalicə və əməliyyat olunması üçün aparacağını, maddi imkanının aşağı olmasını və borc pul lazım olduğunu bildirmişdir. Ondan borc adı ilə 300 manat pul istədi. O da xx.xx.2022-ci il tarixdə 300 manat pul verdi. Sonradan yəni, 2 gün sonra 200 manat, 1 gün sonra 200 manat pul göndərdi. Qeyd edilən məbləğləri 1 həftə ərzində qaytaracağına söz verdi. Cavabdehin borclu olduğu məbləğlərdən 300,100 və 100 manat məbləğləri ona göndərdiyi X1 adına olan "xxxx" ASC-yə məxsus bank kartlarına göndərmişdir. Qeyd edilən müddət bitdikdən sonra cavabdehdən 700 manat pulunu geri istədikdə, müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Dəfələrlə telefon və sosial şəbəkə üzərindən danışıqlarınızda borcun ödənilməsi üçün vaxt versə də cavabdeh borclu olduğu məbləğdən cəmi 50 manat pul ödəmişdir. Cavabdehin onun etibarından sui-istifadə etməsi nəticəsində onu aldatdığı üçün Şirvan şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Şirvan şəhər Polis Şöbəsinin məktubuna əsasən araşdırma nəticəsində toplanmış materialda cinayət tərkibi və inzibati hüquqpozma müəyyən edilmədiyi üçün toplanmış material işə alınaraq dəftərxanaya təhvil verilməsi bildirilmişdir. Cavabdeh Polis Şöbəsində borcunu bir daha etiraf etmiş, qısa müddətdə məbləği ödəyəcəyinə söz versə də, vədinə əməl etməmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi və elektron məhkəmə sistemi vasitəsilə sms xəbərdarlıq göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq həmin ünvanda yaşamadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Cavabdeh Şirvan Şəhər Polis Şöbəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, İddiaçı adlı şəxsdən 700 manat məbləğində borc pul almışdır. Həmin pulu maddi vəziyyəti ilə əlaqədar qaytara bilmədiyini, borcunu yanvar ayından hissə-hissə olaraq qaytaracağını bildirmişdir. “WhatsApp” telefon danışıqlarının çıxarışlarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında hər ay 100 manat pul verilməsi barədə razılığa dair, daha sonra cavabdehin ona cəmi 50 manat pul verilməsi barədə yazışmalar əks olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə cavabdeh arasında yaranmış şifahi razılaşmaya görə iddiaçı cavabdehə 700 manat məbləğində pul vermiş, cavabdeh borcunu hissə-hissə ödəməyi söz vermiş, lakin həmin məbləğdən cəmi 50 manat ödəniş etmişdir. Hazırda isə iddiaçı göstərilən məbləği tələb edir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh şifahi razılıq əsasında borclu kimi iddiaçı qarşısında öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, İddiaçı pulu qaytarmadığı üçün şərtləri pozmuş, bu səbəbdən də iddia təmin olunmalı, Cavabdeh İddiaçı 650 manat məbləğində borcun ödənilməsi cavabdehin hesabına təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 650 (altı yüz əlli) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-854/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-854/2023
15.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver